Müxalifət yeni blok yaradır - Açıqlama

06.08.2015 10:25     Siyasi reaksiya     1829

Noyabr ayının birində keçiriləcək parlament seçkiləri öncəsi Azərbaycanda siyasi fəallıq durmadan aktivləşir. Artıq siyasilər və yaxud hər hansı bir partiyanı təmsil edən şəxslər öz namizədliklərini irəli sürmək iddiası ilə çıxış edirlər. Azərbaycanda mojaritar seçki sistemi ilə parlamentə üzv olunduğunu əsas götürərək bir sıra şəxslər yeni seçki blokları yaratmağa çalışırlar. Elə bu baxımdan ADP, Ümid və adı açıqlanmayan digər partiyanın yaradacağı blok indidən böyük maraq kəsb edir.

Bu olayla bağlı ADP-nin sədri Sərdar Cəlaloğlu ilə əlaqə saxladıq. O, bu ideyanın başqa bir partiya tərəfindən gəldiyini vurğulayıb: "Həmin partiya bizə müraciət edib ki, ADP və Ümid partiyası ilə birlikdə blok yaradaraq seçkilərə gedək. Və bu gün iclasda bu məsələ müzakirə olunacaq. Hələ ki, o partiyanın adını açıqlamaq istəmirəm. Əgər razılıq əldə olunsa, əlbəttə ki, mətbuata açıqlama veriləcək".

Blokun yaranmasında səbəb və məqsədləri açıqlayan S.Cəlaloğlu daha sonra bunları əlavə edib: "Ümid partiyası ilə eyni siyasi blokdayıq və seçkilərə də eyni blokda getmək fikrimiz var. Əgər razılıq əldə olunsa, növbəti partiya da bizimlə bərabər seçkilərə gedəcək. Bu blokun yaradılmasında səbəb seçkilərə bərabər getməkdir. Məqsəd isə müxalifətdə olan dağınıqlığı aradan qaldırmaq və müəyyən bir ortaq prosedur qaydaları ilə seçkiyə qatılmaqdır”.

Şərhlər

Çox oxunanlar