İrəvan rusun arxasından ABŞ-a “əlcək” atdı - işğalçı seçimə sürüklənir
29.03.2018 12:00 Siyasi reaksiya 1856
Moskva Ermənistanda hərbi mövcudluğunu gücləndirir; Düşmən ölkə rəsmisi Amerikanın “sanksiya siyahısı“na meydan oxudu; müdafiə nazirinin müavini: “Rusiyadan silah almağa davam edəcəyik”; erməni nəşri: “Moskvanın müstəmləkəsi və poliqonuna çevrilirik...”
Rusiya ilə Qərb arasında Skripal işinə görə yaranan siyasi-diplomatik qalmaqal günbəgün böyüyür. Kremlin ABŞ və Avropa ilə münasibətləri onsuz da Ukrayna və Suriyaya görə əhəmiyyətli dərəcədə soyumuşdu, bu yandan da Böyük Britaniyadakı məlum sui-qəsd olayı “ocaq üçün yağ” effekti verib. Kəskinləşən Rusiya-Qərb (Amerika) münasibətləri isə Moskvanın müttəfiq və tərəfdaşlarını da yeni və çətin seçimə doğru itələməkdədir.
Söhbət öncəliklə Kremlin satelliti Ermənistandan gedir - hansı ki, Cənubi Qafqazda Rusiyanın legitim hərbi bazaları olan yeganə ölkədir. Nəzərə alsaq ki, Ermənistanın işğalçı ordusu bütünlüklə rus silah-sursatı hesabına formalaşıb, onun İran və Türkiyə ilə sərhədlərini ruslar qoruyur, hətta tərəflər arasında ortaq hərbi qruplaşma yaradılıb və Ermənistanın hava məkanı da Rusiyanın nəzarətindədir, o zaman hərbi və təhlükəsizlik aspektləri baxımından Rusiya sarıdan ən çox narahatlıq keçirməli tərəfin məhz Ermənistan olduğu üzə çıxar.
Gözlənildiyi kimi, narahatlıq ən əvvəl silah tədarükü və təchizatı ilə bağlıdır. İşğalçı ölkədən gələn xəbərlər ermənilərin “ya Rusiya, ya Rusiya” seçiminə zorlandığı barədə qənaət yaradır.
*****
“Ermənistan Rusiyadan silah almaqla öz maraqlarına xidmət edir və bundan sonra da sanksiyalar təzyiqinə rəğmən əməkdaşlığı davam etdirəcək”. Bunu dünən İrəvanda jurnalistlərə açıqlamasında Ermənistanın müdafiə nazirinin müavini, Hərbi Sənaye Komitəsinin rəhbəri David Paxçanyan deyib (axar.az).
“Sözsüz ki, sanksiyalar problemdir. Bizim qarşımızda təhlükəsizliyin təminatı məsələsi dayanır və biz öz maraqlarımızdan çıxış edəcəyik. Rusiya ilə münasibətlər kifayət qədər effektiv inkişaf edir. Birinci müdafiə krediti ilə bağlı tədarük, demək olar ki, tam başa çatıb. Bu işin davam ilə bağlı razılaşma var. Bu bizim ordunun təchizatının ciddi hissəsidir”, - deyə o qeyd edib.
Əslində bu açıqlamanı İrəvanın rusun “kürəyi arxası”ndan ABŞ-a “əlcək” atması kimi qiymətləndirmək olar. Sözsüz ki, Rusiyaya bunca güvən olmasa, işğalçı ölkə rəsmisi belə danışmaz. Paxçanyanın açıqlaması hər şeydən öncə Ermənistanın bölgədə Rusiyanın sadiq hərbi qalası və marioneti kimi qaldığını təsdiqləyir ki, bu da Rusiya ilə konfrontasiya və “soyuq müharibə” vəziyyətində olan ABŞ-a Ermənistanı öz tərəfinə çəkməyin qəliz olacağının növbəti, aydın bir mesajıdır.
Bu yerdə “Yeni Müsavat” xatırladır ki, 2017-ci ildə ABŞ prezidenti Donald Tramp CAATSA qanununu qəbul edib. Həmin ilin oktyabrında isə Tramp Rusiya hərbi sənaye şirkətlərinə qarşı sanksiyalar tətbiq edib və sanksiyalar cari ilin yanvarından qüvvəyə minib. Yeni qanuna əsasən, ABŞ Rusiya ilə silah müqaviləsi imzalayan ölkələrə qarşı sanksiyalar tətbiq etmək haqqına sahib olacaq. Ötən ilin dekabrında isə ABŞ özünün yeni Milli Təhlükəsizlik Strategiyasını açıqlayıb. Sənəddə Rusiya Amerikaya ən böyük təhlükə-hədəf kimi göstərilir.
Bunun ardınca ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz Amerika sanksiyaların Ermənistan hökumətini də “vura” biləcəyi barədə xəbərdarlıq eləmişdi. Lakin belə görünür, erməni rəsmiləri bu qəbildən xəbərdarlıqları ciddiyə almağa hazırlaşmırlar. Daha doğrusu, işğalçı ölkənin ayrı çıxış yolu yoxdur. Birincisi, Rusiya təcavüzkar ölkənin əsas hərbi təhlükəsizlik qarantıdır və sözəbaxmaz erməniləri çox sərt şəkildə, o cümlədən “Qarabağ kartı” ilə asanca cəzalandıra bilər, sadəcə, Azərbaycan ordusunun Qarabağa yürüşünə əngəl yaratmamaqla. İkincisi isə Azərbaycandan fərqli olaraq, işğalçı ölkənin başqa silah satıcılarından müasir silahlar almağa yetərli maliyyə vəsaiti yoxdur.
*****
Bu arada Rusiyanın Ermənistandakı 102 saylı hərbi baza nəzdində hərbi polis qüvvələri formalaşdırmağa başladığı məlum olub. Məlumatlara görə, Moskvanın belə bir addımı işğalçı ölkədə təlaş doğurub və Rusiyanın satellit Ermənistanın suverenliyi ilə hesablaşmayaraq, orada öz hərbi mövcudluğunu gücləndirməsi kimi qiymətləndirilib. Bu mövzuda 1in.am saytında getmiş məqalə diqqət çəkir.
“Yeni Müsavat”ın məlumatına görə, məqalədə Rusiyanın bu addımı ilə bağlı deyilir: “Rusiya mahiyyət etibarilə Ermənistanda öz hərbi mövcudluğunu artırır. Üstəlik, bu qüvvələrin Gümrüdəki hərbi bazanın funksiyası və mandatına, yəni Ermənistanın təhlükəsizliyinə heç bir dəxli yoxdur. Bu da həyəcan doğurur. O mənada ki, həmin polis qüvvələri ”lazımi anda" ölkədaxili proseslərə müdaxilə edə bilər. Yeri gəlmişkən, Moskva indiyədək həm rəsmi, həm də ekspertlər səviyyəsində işarə vuraraq bəyan edib ki, postsovet məkanında “rəngli inqilabların” önlənməsi onun borcudur. Problemin ikinci mühüm komponenti var. Bu da odur ki, kəskinləşən Rusiya-Qərb qarşıdurması fonunda Moskva müxtəlif formal və qeyri-formal bəhanələrlə ölkəmizi poliqona çevirir. Heç kim demir ki, Ermənistanın siyasi elitası özünün düşünülməmiş siyasəti ilə İrəvan-Moskva münasibətlərini kəskinləşdirsin və Ermənistanın təhlükəsizliyi üçün yeni risklər yaratsın. Ancaq başqa yandan, hakimiyyət ikitərəfli münasibətlərdə ölkəmizin subyektivliyini maksimum təmin etməyə borcludur ki, xarici aləm buradakı Rusiya bazalarını Ermənistanın müstəmləkə olmasının utancverici simvolu kimi qəbul eləməsin".
Ancaq dünya Ermənistanı artıq Rusiyanın müstəmləkəsi, forpostu və girovu kimi qəbul edilir. Ayrı əlamətə nə ehtiyac? İşğalçı ölkənin Moskvadan silah asılılığında qalmaqda davam eləməsi buna növbəti bariz sübutdur...
Reaksiya.az
Şərhlər