RUSİYA AZƏRBAYCANA 70 YAŞLI TƏCRÜBƏLİ SƏFİR GÖNDƏRİR
04.04.2018 12:16 Siyasi reaksiya 1301
Mixail Boçarnikov NATO əleyhdarı kimi tanınır “O, uzun müddət Qazaxıstanda çalışdığı üçün türk və müsəlman dünyası ilə yaxından tanış olmaq imkanı qazanıb”
Rusiya Duması nəhayət ki, Azərbaycana göndəriləcək yeni səfirin namizədliyini təsdiqləyib. Yeni səfir Mixail Boçarnikovdur. Boçarnikovun hazırda 70 yaşı var və diplomat kimi kifayət qədər böyük təcrübəyə sahibdir.
O, 1971-ci ildə SSRİ-nin Efiopiyadakı səfirliyində məsləhətçi-müşavir kimi çalışmağa başlayıb. 1977-ci ildə Moskvaya geri çağırılsa da, 1982-ci ildə yenidən Efiopiyaya eyni vəzifəyə göndərilib və sonrakı 5 ilini burada keçirib. Efiopiyadan sonra 1990-cı ildə Zimbabvedə çalışıb. Boçarnikov ilk dəfə səfir vəzifəsinə 1992-ci ildə yüksəlib və Zambiyaya səfir təyin edilib. Bu vəzifədə 1996-cı ilə qədər işləyib. Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin Afrika Departamentinin direktoru təyin edilib. 1999-cu ildə Yunanıstana səfir göndərilib. Əsasən Afrika ilə iş üzrə ixtisaslaşan diplomatın fəaliyyət yönünü dəyişdirməsi də bu tarixdən başlayıb. Yunanıstanda 4 il işləyən Mixail Boçarnikov 2003-cü ildə Gürcüstan-Abxaziya konfliktinin həlli məsələsində xüsusi səlahiyyətli səfir olub. 2006-cı ildə Qafqazdakı fəaliyyətini bitirən diplomat Qazaxıstana səfir təyin olunub və Astanada Moskvanın rəsmi nümayəndəsi kimi 12 il qalıb. Buradakı fəaliyyəti dövründə Qazaxıstan hakimiyyəti ilə sıx əlaqələr qurmağı bacaran səfirin demək olar ki, hökumətlə heç bir problemi yaşanmayıb. Boçarnikov NATO əleyhdarı kimi tanınır. Məlumat üçün deyək ki, Dumanın təsdiqindən sonra bütün səlahiyyət artıq Putindədir. Onun Bakıya gəlməsi üçün Putin sərəncam verməlidir.
Yeni səfirin siyasi kimliyini və diplomat kimi fəaliyyətini "Şərq”ə dəyərləndirən politoloq İlqar Vəlizadə deyib ki, Boçarnikovun Azərbaycanda necə işləyəcəyi bir müddət sonra hamıya bəlli olacaq. Ekspertin sözlərinə görə, səfirin yaşı və təcrübəsi onu düşünməyə imkan verir ki, Boçarnikov ikitərəfli münasibətlərin stabil qalması üçün əlindən gələni edəcək:
"Müxtəlif ölkələrə təyinat alan diplomatlar çalışırlar ki, fəaliyyətləri ərzində müəyyən nailiyyətlər əldə etsinlər. Mixail Boçarnikov yaşlı diplomatdır. Çox güman ki, Azərbaycana səfir göndərilməsi onun sonuncu təyinatı, karyerasının yekunu olacaq. Adətən karyerasının sonuna yaxınlaşan diplomatlar yaxşı yadda qalmağa, özfəaliyyətlərini qalmaqalsız başa vurmağa çalışırlar. Ona görə də bu cür diplomatlar təyinat aldıqları ölkələrə bələd olmağa səy göstərirlər”.
İ.Vəlizadə bildirib ki, Boçarnikov uzun müddət Qazaxıstanda çalışdığı üçün türk və müsəlman dünyası ilə yaxından tanış olmaq imkanı qazanıb:
"Azərbaycanla Qazaxıstanın kifayət qədər fərqli tərəfləri var. Amma bütün hallarda səfir türkdilli ölkələrdə və Xəzəryanı dövlətlərdə gedən proseslərdən bixəbər deyil. Bunlar müsbət haldır. Ən əsası isə odur ki, yeni səfir kifayət qədər təcrübəlidir. Səfir Azərbaycanda olduğu müddətdə Qarabağ münaqişəsi ilə yaxından tanış olmağa məcbur qalacaq. Çünki Rusiya səfirinin münaqişə ilə bağlı açıqlamaları hər zaman önəmlidir. Şübhəsiz ki, bütün məsələlər Azərbaycan-Rusiya münasibətlərindən asılıdır. Səfir sadəcə olaraq təmsil etdiyi ölkənin ümumi siyasətini tərənnüm edən bir şəxsdir”.
Şərhlər