Prezident İlham Əliyev Hacı Cavad məscidinin yeni binasının açılışında iştirak edib

12.04.2018 11:33     Siyasi reaksiya     1323

Bakının Yasamal rayonunda Hacı Cavad məscidinin yeni binasının açılışı olub.

 Azərbaycan prezidenti İlham Əliyevə birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

 

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat verib.

 

 

Dövlət başçısı Hacı Cavad dini icmasının üzvləri ilə görüşüb. Prezident İlham Əliyev görüşdə çıxış edərək Hacı Cavad məscidinin yeni binasının açılışı münasibətilə dini icma üzvlərini təbrik edib.

 

“Bu, çox gözəl hadisədir, çox gözəl məsciddir. Azərbaycanın ənənəvi memarlıq üslubunda tikilmiş məsciddir. Daxili tərtibatı, xarici görünüşü göz oxşayır. Siz Hacı Cavad məscidi icmasının nümayəndələri yaxşı bilirsiniz ki, məscidin əvvəlki binası artıq yararsız vəziyyətdə idi. Məscidin ətrafında gedən quruculuq işləri, ictimai zonaların, yol qovşaqlarının yaradılması zamanı bu məsələ üzə çıxdı ki, məscid yararsız, demək olar ki, qəzalı vəziyyətdədir. Mən bunu biləndən sonra dərhal göstəriş verdim ki, tezliklə həmin Hacı Cavad məscidinin yaxınlığında məscid üçün yeni bina tikilsin və yeni binaya Hacı Cavad adı verilsin. Çünki bu məscid Hacı Cavad məscididir. Sadəcə olaraq onun yeni binasıdır. Qısa müddət ərzində məscid tikildi və bu gün sizin sərəncamınıza verilir. Çox gözəl memarlıq abidəsidir. Minarə tikilib. Əvvəlki məsciddə minarə yox idi. İdarə üçün inzibati bina tikilib, ətraf abadlaşdırılıb. Mənə verilən məlumata görə, məsciddə eyni vaxtda 500, bəlkə də 600 insan ibadət edə bilər”, - deyə o vurğulayıb.

 

İ. Əliyev qeyd edib ki, məscid dövlət vəsaiti hesabına tikilib: “Bildiyiniz kimi, son vaxtlar bizim bütün tarixi məscidlərimiz dövlət tərəfindən əsaslı şəkildə təmir edilib və yeni məscidlər tikilib. Onların arasında Bibiheybət məscidi, Təzəpir məscidi var. İndi Təzəpir məscidinin ətrafında böyük quruculuq işləri aparılır. Siz də bunu yaxşı bilirsiniz. Çünki Hacı Cavad məscidi elə o ərazidə yerləşirdi. Onun qabağı açılır, böyük park salınacaq, yol infrastrukturu yaradılacaq. Digər tarixi məscidlərimiz əsaslı şəkildə təmir olunub: Əjdərbəy məscidi, ondan sonra Şamaxı Cümə məscidi, hansı ki, Qafqazın ən qədim məscidlərindən biridir, 743-cü ildə tikilib. Şamaxı rayonunda daha bir qədim məscid bu yaxınlarda əsaslı şəkildə təmir olunub, Dəmirçi kəndində. O da eyni vaxta təsadüf edir. İmamzadə Tarixi-Dini Kompleksinin tamamilə yenidən qurulması böyük tarixi layihə idi. Biz qədim ibadət yerini qorumaqla yeni məscid tikdik. Orada da ictimai binalar tikilib, ətraf abadlaşdırılıb. Heydər məscidi mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl Bakıda tikilib, gözəl, əzəmətli məsciddir. Cocuq Mərcanlı işğaldan azad olunandan sonra biz bu kənddə Şuşa məscidinin bənzəri olan məscid tikdik. Mən bu məscidin açılışında iştirak etmişəm. Demək olar ki, bizim son vaxtlar tikdiyimiz və əsaslı şəkildə bərpa etdiyimiz bütün məscidlərin açılışlarında mən şəxsən iştirak etmişəm. Dövlət tərəfindən bu işlərin görülməsi dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir. Bu münasibətlər Azərbaycanda nümunəvi xarakter daşıyır. Bildiyiniz kimi, dünən prezident seçkiləri keçirilmişdir və seçkilərdən sonra birinci tədbir, bax, bugünkü tədbirdir. Bu da dövlət-din münasibətlərinin bariz nümunəsidir, onun təzahürüdür. Mən çox şadam ki, son illər ərzində Azərbaycanda bizim dini-mədəni abidələrimiz qorunur, bərpa olunur. Bu, bizim tariximizdir. Dini dəyərlər bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Azərbaycan xalqı öz köklərinə, öz ənənələrinə sadiq olan xalqdır. Təsadüfi deyil ki, keçən il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. İl ərzində nəinki ölkəmizdə, demək olar ki, bütün dünyada biz konfranslar, tədbirlər keçirmişik. Ötən ilin sonunda Bakıda böyük yekun konfrans keçirilib və dünyanın diqqətini cəlb edib. İslam Həmrəyliyi Oyunları Bakıda keçirilib. Bütün müsəlman aləmini biz Bakıda qonaq etdik, onlara öz qonaqpərvərliyimizi göstərdik”.

 

Dövlət başçısı qeyd edib ki, İslam həmrəyliyi üçün Azərbaycan çox böyük işlər görür: “Bu işlər bütün İslam aləmində yüksək qiymətləndirilir. Azərbaycan müsəlmanları bunu yüksək qiymətləndirirlər. Bizim siyasətimiz əməli işlərdə özünü göstərir. Bax, bu gözəl memarlıq abidəsi bu gün Hacı Cavad məscidinin icmasına təhvil verilir. Mən sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm, sizə uğurlar arzulayıram”.

 

Prezident  İlham Əliyevə Quran hədiyyə edilib.

 

Sonda xatirə şəkli çəkdirilib.(apa)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar