Ermənilərə qarşı şok plan - Sərkisyana ömürlük hakimiyyət hazırlanır

13.04.2018 11:55     Siyasi reaksiya     1935

İşğalçı ölkəni daha fəlakətli mərhələdən 4 gün ayırır; Serj Sərkisyan haqda əvəzolunmazlıq mifinin yaradılmasında əsas hədəf – rejimə “ikinci nəfəs” və SOS siqnalları; erməni nəşri: “Ölkəyə şəxsiyyətə pərəstişi qaytaran Sərkisyan...”

4 gündən sonra - aprelin 17-də Ermənistan parlamenti özünün fövqəladə toplantısında yeni baş nazir təyinatına baxacaq. Ölkənin prezidentindən də üstün, əsas şəxsi sayılacaq bu posta, hələ ki, bir iddiaçı var - artıq sabiq prezident sayılan Serj Sərkisyan. Əksər müşahidəçilərə görə, parlamentdə çoxluqda olan hakim qüvvə üçün öz namizədinin qələbəsini təmin eləmək hər hansı çətinlik törətməyəcək. Xüsusən də buna Rusiya öz “dobro”sunu artıq veribsə...

Sərkisyanın bu dəfə baş nazir qismində ölkə sükanı arxasında durması isə o deməkdir ki, “Qarabağ klanı” daha 5 ilə hakimiyyəti öz əlində saxlayacaq. 1998-ci ildə hakimiyyəti zorla ələ keçirmiş bu klan, korrupsiyalaşmış rejim (Robert Köçəryanın 5, Sərkisyanın 3 milyard dollar qanunsuz sərvəti olduğu deyilir - “YM”) ikinci on illiyin tamamında özünə “ikinci nəfəs” qazanmış olacaq. Bu isə, çətin ki, erməni xalqının maraqlarına cavab versin. Çünki Köçəryan-Sərkisyan cütlüyünün 20 illik hakimiyyətinin acı yekunları ortadadır.

Onları sadalamağa lüzum yox. Üstəlik, hakim komandanın odioz fiqurları son vaxtlar, xüsusən də baş nazir seçkisi ərəfəsində öz şəriksiz lideri Serj Sərkisyan haqda əvəzolunmazlıq mifi yaratmaqdadırlar. Bu da təəccüblü deyil. 20 ildən sonra daha da varlanmaq ehtirası bunu diktə edir. Hakimiyyəti əldə saxlamaq, onun ömrünü uzatmaq üçün ən “təsirli” inandırma vasitələrdən biri də budur - əvəzolunmazlıq mifi.

*****

“Serj Sərkisyanın 10 illik hakimiyyəti Ermənistan daxili siyasi həyatına şəxsiyyətə pərəstişi qaytardı. Bu, əslində məktəb otaqlarında Sərkisyanın portretlərinin asılmasından başlamışdı. Bütün bunlar da öz növbəsində ona gətirdi ki, SSRİ dağılandan sonra ilk dəfə Ermənistan prezidenti postunu tutan şəxs öz hakimiyyətini uzatmaq üçün konstitusiyanı dəyişdi və partiyası tərəfindən əvəzolunmaz şəxs elan olundu”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə 1 in.am erməni nəşrindəki məqalədə deyilir. Yazıda daha sonra bildirilir:“Sərkisyanın əvəzolunması haqda tezis əvvəlcə onun hakim Respublikaçılar Partiyasının rəhbəri postunda əvəzolunmazlığı ilə məhdudlaşırdı. Ötən ilin dekabrında parlamentin vitse-spikeri, partiyanın katibi Eduard Şarmazanov bəyan elədi ki, ”kimin xoşuna gəlsə də, gəlməsə də Serj Sərkisyan partiya üçün əvəzolunmaz şəxsdir".

Sarkisyan ile ilgili görsel sonucu

Bu ilin fevralında isə ofşor qalmaqallarının iştirakçısı, Panama sənədlərinin “qəhrəmanı” Tiqran Poqosyan öz növbəsində Sərksiyanın əvəzolunmazlığını bəyanladı. 2018-ci ilin martında analoji bəyanatla hakim partiyanın daha bir parlaq nümayəndəsi, Sünik vilayətinin keçmiş qubernatoru Surik Xaçatryan çıxış elədi. Onun sözlərinə görə, ötən 30 il göstərib ki, Serj Sərkisyan əvəzolunmazdır. Beləcə, konstitusiya dəyişikliklərindən keçən cəmi iki il ərzində hakim partiyaya Sərkisyanın əvəzedilməzliyini doqmaya çevirmək müyəssər olub. Bu doqmaya əsasən, Serj Sərksyan yeganə dövlət xadimidir ki, Ermənistanın varlığının əsas qarantı ola bilər. Apreli 7-də isə “Ermənistan” teleşirkəti Sərkisyan haqda efirdə 80 dəqiqəlik sənədli film nümayiş etdirdi. Sənədli filmdən daha çox seçkiöncəsi reklamı xatırladan bu filmdə də Serj Sərkisyan Ermənistanın təhlükəsizliyinin əsas qarantı kimi təqdim olunur. Guya ölkə az qala, təhlükəsizlik istehlakçısından təhlükəsizlik ixracatçısına çevrilib".

Nəşr daha sonra Sərkisyanın özünün də bu təqdimatında maraqlı olduğuna diqqət çəkib: “Onun özü martın 19-da tert.am-a müsahibəsində qeyd edib ki, baş nazir olmaq ehtimalı var, nədən ki, ”ölkəyə daxili və xarici təhdidlər var ki, onlarla hesablaşmamaq olmaz". Halbuki Serj Sərkisyan ilk prezidentdir ki, Ermənistan onun dövründə ərazi itirib (aprel döyüşləri zamanı işğaldan azad edilən ərazilər nəzərdə tutulur - “YM”). 2016-cı ilin aprel döyüşləri zamanı, onun prezidentliyinin 8-ci ilində Ermənistan mümkün hücuma kifayət qədər hazır olmadı. Geniş ictimaiyyəti narahat edən bır sıra məsələlər, o sırada orduda korrupsiya problemi ilə bağlı suallara isə 2016-cı ilin aprelindən indıyədək cavab verilməyib".

armenia minval.az ile ilgili görsel sonucu

Məqalə hakim klana və onun başçısı Sərkisyana ünvanlı sarkostik ifadələrlə yekunlaşır: “Sərkisyanı Ermənistanın yeganə təhlükəsizlik qarantı, onun baş nazirliyini isə ölkəni daxili və xarici təhdidlərdən xilas etməyin yeganə şansı kimi təqdim eləmək - klassik avtoritar manipulyasiyadır. Bu manipulyasiya ölkə sükanı arxasında olan adamı əvəzolunmaz, onun gedişini isə təhlükəli edir. Bütün bunlar Serj Sərkisyanın şəxsiyyətinə pərəstişdən başqa bir şey deyil. Hədəf isə demokratiya prinsiplərinə zidd olaraq bir adamın əbədi hakimiyyətinə bəraət qazandırmaqdır”.

*****

Əlavə edək ki, Ermənistanda bu qəbildən ekspert fikirləri son vaxtlar tez-tez səslənir. Həmçinin erməni lobbisi də Serj Sərkisyanın hakimiyyətdə qalmasına qarşıdır. Bu kimi etiraz və əndişələr isə əslində işğalçı ölkənin yeni, daha fəlakətli bir mərhələ ərəfəsində olduğunun anonsu, SOS siqnallarıdır...   

Reaksiya.az

Şərhlər

Çox oxunanlar