Prezidentin Baş nazirliyə namizədi elan olundu - Novruz Məmmədov

21.04.2018 12:32     Siyasi reaksiya     1537

Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə öz işinə başlayıb. Spiker iclasın gündəliyində bir məsələ olduğunu bildirdi və səsə qoydu.

O.Əsədov öncə 11 aprel prezident seçkisində cənab İlham Əliyevin prezident seçildiyini bildirdi və ölkə başçısını təbrik edib, işlərində böyük uğurlar arzuladı. Əlavə etdi ki, cənab prezident özünün andiçmə mərasimini Milli Məclisdə keçirib, bu da parlamentə yüksək etimadın nəticəsidir.

O.Əsədov dövlət başçsıının Milli MƏCLİSƏ məktubunu oxudu. Məktubda deyilir: ”Baş naziri vəzifəsinə Novruz İsmayıl oğlu Məmmədovun namizədliyini təklif edirəm”.

Deputatlar bu təklifi alqışlarla qarşıladılar.

Qeyd edək ki, iclasda baş nazirliyə namizəd Novruz Məmmədov da iştirak edir.

Spiker prezidentin baş nazir postuna namizədliyi irəli sürülən N.Məmmədovla bağlı xoş sözlər söylədi və onun fəaliyyətini yüksək qiymətləndirdi. Eyni zamanda spiker prezident seçilməsi münasibətilə cənab İlham Əliyevə Milli Məclis adından təbrik teleqramı göndərməyi də təklif etdi. Bundan sonra O.Əsədov baş nazirliyə namizədliklə bağlı çıxış üçün deputatlara imkan yaratdı. Yerbəyerdən “səsə qoyaq” çağırışları olsa da, sədr protokola uyğun şəkildə çıxışlara imkan yaratmalı olduğunu qeyd etdi. Bundan sonra ilk olaraq deputat Səməd Seyidov çıxış etdi, N.Məmmədovla bağlı ürək sözlərini ifadə etdi.

Deputat Siyavuş Novruzov təklif etdi ki, parlament adından uzun müddət Azərbaycanın baş naziri olmuş Artur Rasizadəyə təşəkkürümüzü bildirək: "Bununla bağlı da bir ənənənin əsası qoyulsa, yaxşı olar. Artur müəllim uzun müddət hökumətin başçısı kimi, parlament qarşısında hesabatla çıxış edib, Milli Məclislə çox yüksək səviyyədə münasibətlər qurub. Eyni zamanda Heydər Əliyev kursuna sədaqətlə xidmət edib". S.Novruzov yeni baş nazir N.Məmmədovun da dövlətçiliyə sədaqətlə xidmət etdiyini, xarici siyasət sahəsində uğurlu fəaliyyət göstərdiyini söylədi, ona uğurlar arzuladı.

Deputat İsa Həbibbəyli də A.Rasizadənin sədaqət nümunəsi göstərdiyini bildirdi. Həmçinin bu gün baş nazir postuna namizədliyini irəli sürən N.Məmmədovun da Heydər Əliyev və İlham Əliyev siyasətinə dərin sədaqəti ilə seçilən kadr kimi xarakterizə etdi.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar