Sahibsiz kreslolar - davamlı dəyişikliklər

23.04.2018 12:16     Siyasi reaksiya     2324

Struktur və kadr islahatları cəmiyyətdə ciddi müzakirələrə səbəb oldu və rəğbətlə qarşılandı; ekspertlər prosesin davamlı olacağını bildirirlər...

Aprelin 21-də prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzaladı. Ölkə başçısının təqdimatı ilə prezidentin xarici əlaqələr üzrə keçmiş köməkçisi Novruz Məmmədov Milli Məclis tərəfindən baş nazir təsdiq edildi.

Prezidentin sərəncamı ilə təsdiqlənən Nazirlər Kabinetinin yeni tərkibində baş nazirin müavinləri sırasında Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov da yer aldı. Yeni tərkibdə köhnə müavinlərdən Yaqub Eyyubov, Əli Əhmədov və Əli Həsənov postunu qoruyub saxladı. Lakin Əli Həsənov eyni vaxtda tutduğu digər vəzifəni - Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri vəzifəsini itirdi. Bu posta Milli Məclisin deputatı, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev təyin edildi.

Baş nazirin müavinlərindən Abid Şərifov və Elçin Əfəndiyev yeni tərkibdə yer almadılar və böyük ehtimalla, onları artıq təqaüdə göndərilmiş hesab etmək olar.

Yeni tərkibdə güc strukturlarının və hüquq-mühafizə orqanlarının  rəhbərlərindən dəyişən olmayıb. Daxili işlər naziri Ramil Usubov, müdafiə naziri Zakir Həsənov, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyev və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Orxan Sultanov, habelə Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev, ədliyyə naziri Fikrət Məmmədov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov vəzifələrində qalıblar.

O cümlədən, iqtisadiyyat blokundan iqtisadi inkişaf naziri Şahin Mustafayev, vergilər naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, rabitə, nəqliyyat və yüksək texnologiyalar naziri Ramil Quluzadə, energetika naziri Pərviz Şahbazov yenidən həmin vəzifələrə təsdiq ediliblər.

Vəzifədən gedəcəyi barədə vaxtaşırı xəbərlər dolaşan xarici işlər naziri Elmar Məmmədyarov isə yenidən postunda qaldı.

Ən ciddi dəyişiklik isə iqtisadiyyat və sosial sahə üzrə  baş verib, bu sektorda iki nazir yenilənib.

Belə ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət)  sədri İnam Kərimov kənd təsərrüfatı naziri təyin olunub. Keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədov kabinetin yeni tərkibində yer almayıb, onun hansısa bir vəzifəyə təyin ediləcəyi məlum deyil.

Kənd təsərrüfatının inkişafının prioritet seçildiyi bəllidir. Aqrar sahə ilə bağlı ötənlərdə Heydər Əsədov hansısa bir uğura imza ata bilməmişdi. Kənd təsərrüfatı naziri postuna ASAN Xidmət projesində özünü tam doğruldan İnam Kərimovun gətirilməsi aqrar sahədə sıçrayışlara ümidlər verir. Bu təyinat xüsusi ilə fermerlərin sevincinə səbəb olub...

Əmək və əhalinin sosial müdafiəsi naziri də dəyişib.  Səlim Müslümovu iqtisadiyyat nazirinin müavini Sahil Babayev əvəzləyib. Keçmiş nazir Səlim Müslümov kabinetin yeni tərkibində yer almayıb. Onun Bakı meri, yaxud təhsil naziri ola biləcəyi barədə də xəbərlər dolaşmaqdadır.

kollaj manshet nazirler.jpg (725 KB)

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri isə Samir Nuriyev təyin edilib. Bu komitənin rəhbəri Abbas Mustafayev prezident seçkiləri ərəfəsində vəfat etmişdi. Yeni sədr Samir Nuriyev İçərişəhər Dövlət Qoruğunun keçmiş sədr müavini, 2013-cü ildən qoruğun sədri, 2016-cı ildən isə Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru idi.

Yeni kabinetin tərkibində bir sıra nazirliklərin və dövlət komitələrinin rəhbərləri vəzifələrinə isə hələlik təyinat olmayıb. Belə ki, səhiyyə naziri Oqtay Şirəliyev, gənclər və idman naziri Azad Rəhimov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, müdafiə sənayesi naziri Yavər Camalov vəzifələrinə təsdiq edilməyiblər. Onlar bundan sonra bu nazir postlarını müvəqqəti icra edəcəklər.

Aylardır boş qalan təhsil naziri postu ilə bağlı da suallara aydınlıq gəlməyib. 

Dövlət Gömrük Komitəsinə, Əmlak Məsələləri Dövlət Komitəsinə, Dövlət Statistika Komitəsinə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Diaspor ilə İş üzrə Dövlət Komitəsinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Dövlət Miqrasiya Xidmətinə də sədr təyinatları olmayıb. Qeyd edilən kreslolar hələlik boşdur.

Yeni hökumətdə bir sıra sürpriz təyinatların olması, eləcə də, bəzi postların boş qalması təbii ki, gündəminin əsas müzakirə mövzusudur. Yaxın günlərdə yeni hökumətin tam şəkildə formalaşacağı, boş qalan vəzifələrin sahiblərinin ictimaiyyətə məlum olacağı bildirilir.

Baş verən kadr dəyişiklikləri, struktur islahatları, bir sıra qurumların ləğvi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Bunu sosial şəbəkələr və mətbuatda gedən müzakirələrdə görmək mümkündür. İslahatların davamlı olacağı qeyd edilir.

Ən ciddi müzakirə mövzusu isə heç şübhəsiz ki, baş nazir təyinatı ilə bağlıdır. Çünki bu posta iddialı kimi xeyli adamın adı çəkilsə də, proqnozlarda Novruz Məmmədovun adı çəkilmirdi. İqtisadi sahə ilə əlaqəsi olmayan, siyasət adamı kimi tanınan N.Məmmədovun baş nazir təyinatı sürpriz kimi qiymətləndirilir.

Fəzail Ağamalı ile ilgili görsel sonucu

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında dövlət başçısının sərəncamını yüksək dəyərləndirdi: “Ölkə başçısının Milli Məclisə ünvanladığı məktub yaxşı mənada hər kəsi təəccübləndirdi. Bir çoxları hörmətli Artur müəllimin istirahətə gedəcəyini düşünüb, onun yerinə bir iqtisadçının gələcəyini güman edirdi. Lakin ölkə başçısı tamam fərqli bir mövqe ortaya qoydu və Novruz müəllimin baş nazir kimi təsdiqini Milli Məclisə göndərdi. Novruz Məmmədov cəmiyyətdə dərin imici olan, kifayət qədər səmimi, Azərbaycan müstəqilliyinə son dərəcə sədaqətli, Heydər Əliyev ideyalarına bütün ruhu ilə bağlı bir insandır. Bunu tam məsuliyyətlə deyirəm. Novruz müəllim heç bir korrupsiyada, qruplaşmada yer almayan, öz təmiz adını qoruyub saxlayan məmurlarımızdan biridir. Bu baxımdan dövlət başçısının bu seçimini uğurlu hesab edirəm. Nəzərə alsaq ki, Novruz Məmmədov alimdir, 90-cı illərin ortalarından Prezident Administrasiyasında çox məsul vəzifədə çalışıb, özünün dediyi kimi, 80-dan yuxarı ölkədə səfərdə olub, onlarla ən müxtəlif səviyyəli fərqli peşə sahiblərinin ölkə başçısı ilə görüşündə onun yanında yer alıb, o müzakirələrdə iştirak edib, demək, universal dövlət məmuru kimi tam formalaşıb. Onun baş nazir kimi üzərinə qoyulan vəzifəni yerinə yetirməsində hər hansı bir problem görmürəm. Ümidvaram ki, Novruz müəllim ona tapşırılan işin öhdəsindən gələcək, etimadı doğruldacaq, baş nazir kimi cəmiyyətdə ciddi nüfuz qazanacaq. Əlbəttə, hər bir vəzifə orada işləyənin adı ilə onun yaratmış olduğu prinsiplərə birbaşa bağlıdır. Ulu öndərimiz Azərbaycan dövlətinin əsaslarını yaratdı. Bu gün həmin əsaslara söykənən İlham Əliyev böyük uğurla ölkəmizi yüksək inkişaf səviyyəsinə qaldıra bilir. Azərbaycanın baş naziri kimi belə bir təməli dəyərli dövlət adamı olan Artur Rasi-zadə qoyub. Bu təməl dövlətə, ideyalara sədaqət, təmənnasız millət xidmət etməkdir. Artur müəllim baş nazir necə olmalıdır təsəvvürünü yaratdı. Bu, Novruz Məmmədov üçün bir bazadır. Ona görə də, onun baş nazir kimi fəaliyyətində hər hansı bir problemlərlə rastlaşacağını düşünmürəm...”

F.Ağamalı yeni kabinetin tərkibi ilə bağlı dedi ki, prezidentin  etdiyi dəyişikliklər gözlənilən idi: “Bir sıra sahələrdə hələlik təyinatlar yoxdur, güman edirəm ki, o postlarda da yeni təyinatlar olacaq. Beləliklə, xeyli nazirliklər, qurumlar artıq yeni, potensialı olan kadrlarla əvəzlənmiş olacaq. Bəzi məmurların vəzifələrindən gedişləri barədə hər hansı bir fikir söyləmək istəmirəm. Çünki onun üçün əlimdə konkret faktlar yoxdur. Lakin düşünürəm ki, ölkə rəhbərinin əlində kifayət qədər arqumentlər olduğu üçün bu yeniliklərə imza atıb, bəzi məmurları yeniləri ilə əvəzləyib. Bu, prezidentin konstitusion hüququdur. Buna hər hansı bir şərh verməyi etik normalardan kənar hesab edirəm”.

Deputat islahatların davam edəcəyi anonsunu da verdi: “Heç şübhəsiz ki, islahatlar davamlı olacaq. Fikir verin, ölkə başçısı yeni hökuməti formalaşdırmamışdan öncə  idarəçilik sistemində müəyyən dəyişiklər etdi. Standartlaşdırma və Metrologiya Komitəsi ləğv olundu, onun funksiyaları müəyyən qurumlar arasında bölündü. Eyni zamanda, Mədəniyyət və Turizm Nazirliyi ayrılaraq, Mədəniyyət Nazirliyi oldu, turizm sahəsi bundan sonra bir agentlik kimi yeni bir statusda fəaliyyət göstərəcək. İdarəçilikdə başqa dəyişikliklər də indiyə qədər olub. Bundan sonra da idarəçilikdə dəyişiklərin davamlı olması gözlənilir. Ölkə prezidenti hökuməti tam formalaşdırandan sonra ola bilsin ki, gələcəkdə formalaşan bu kabinetdə də müəyyən dəyişiklərin edilməsi zəruri olsun. Belə olan hallarda prezident kadr potensialına söykənərək, komandaya yeni simalar gətirə bilər. Bunlar heç bir halda istisna olunmur”.

F.Ağamalı qarşıdakı hədəflərdən söz açdı: “Andiçmə mərasimində ölkə başçısı qarşıda duran hədəflərin anonslarını verdi. Bu islahatlar geniş miqyas alacaq, siyasi, iqtisadi, hüquqi və sosial istiqamətləri əhatə edəcək. Cəmiyyətin daha dayanıqlı olması üçün ciddi addımlar atılacaq. Müxalifətlə iqtidar arasında münasibətlər yeni bir mərhələyə qədəm qoyub. Prezidentin onlara təşəkküründə bunlar önə çəkildi. Bunlardan öncə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin çap olunmuş məqaləsində ciddi məqamlara toxunuldu. Bu fikirlər, düşüncəmə görə, təkcə Ramiz Mehdiyevin deyil, bütövlükdə administrasiyanın, cənab prezidentin fikirləri idi. Nəticə etibarı ilə tam əminəm ki, qarşıdakı 7 ildə Azərbaycanın iqtisadi, sosial inkişafı daha yüksək mərhələyə qədəm qoyacaq, davamlı inkişaf əsas vəzifələrdən biri kimi özünü göstərəcək, hərbi quruculuğa ciddi fikir veriləcək, işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün səylər daha da artırılacaq. İşğal altında olan torpaqlarımızın azad edilməsində müharibə amilini qətiyyən istisna etmirəm. Yaxın zaman kəsiyində ali baş komandanın tapşırığı ilə qəhrəman ordumuz işğal altındakı ərazilərimizi azad edəcək, iki yüz ildən artıqdır davam edən erməni işğalına, vandalizminə nəhayət son qoyulacaq, biz onlara tarixi dərsi verə biləcəyik. Buna çox ümidliyəm. Azərbaycan bundan sonra da Cənubi Qafqazın lider dövləti olacaq, beynəlxalq səviyyədə gücü, nüfuzu daha da artacaq, ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi davam edəcək. Əminəm ki, qarşıdakı 7 ildə Azərbaycan Qafqazın və Şərqin ikinci İsveçrəsinə çevriləcək, bütün güc mərkəzlərinin dialoq məkanı kimi özünün bəşəriyyətə töhfələrini verəcək”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar