Azərbaycan prezidentindən mühüm bəyanatlar

26.04.2018 11:22     Siyasi reaksiya     1536

Azərbaycan prezidenti İlham Əliyev 11 aprel prezident seçkisindən sonra ilk olaraq qardaş Türkiyəyə səfər edib. Hava limanında dövlət başçısını Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar və digər rəsmi şəxslər qarşılayıb.

Azərbaycan prezidenti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gəlib. 

APA-nın məlumatına görə, dövlət başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət edib, önünə əklil qoyub.

Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman ilə görüşüb (AZƏRTAC). Görüşdə İsmayıl Qəhrəman prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfərindən məmnunluğunu bildirib. Türkiyə parlamentinin sədri dövlətimizin başçısının prezident seçkilərində parlaq qələbə qazanması münasibətilə təbriklərini çatdıraraq deyib: “Sizin böyük səs çoxluğu ilə qalib gəlməyiniz bizi şərəfləndirdi. Prezident İlham Əliyev təkcə öz ölkəsi üçün deyil, bölgə və dünya üçün də mühüm şəxsiyyətdir”.

İlham Əliyev: “Tarix göstərir ki, biz bir olmuşuq və həmişə də bir yerdə olacağıq”

Prezident İlham Əliyev səmimi təbriklərə görə Türkiyə Böyük Millət Məclisinin 

sədrinə minnətdarlığını bildirib. Dövlətimizin başçısı bu səfərin əlaqələrimizin inkişafında yeni mərhələ olacağına əminliyini vurğulayıb. Görüşdə ikitərəfli münasibətlərimizin uğurlu inkişafından məmnunluq ifadə edildi, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin genişlənməsinə töhfə verdiyi qeyd olunub. Söhbət zamanı Azərbaycanın və Türkiyənin regionda əməkdaşlığa və təhlükəsizliyə verdiyi töhfənin, ölkələrimizin birlikdə qlobal əhəmiyyətli böyük strateji layihələr həyata keçirməsinin əhəmiyyəti qeyd olunub.

Türkiyə Respublikası Prezidentinin Sarayında - Külliyedə prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Azərbaycan prezidenti süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəlib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidentini qarşılayıb. Prezident İlham Əliyevin şərəfinə toplardan yaylım atəşinin müşayiəti ilə Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib. Daha sonra orkestr “Can Azərbaycan” mahnısını ifa edib.

Rəsmi qarşılanma mərasimindən sonra İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfərinin əlaqələrimizin inkişafı baxımından əhəmiyyəti qeyd olunub. Münasibətlərimizin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub. Ölkələrimizin birlikdə həyata keçirdikləri qlobal əhəmiyyətli layihələrin əhəmiyyəti xüsusi qeyd edilib. Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Türkiyə və Azərbaycan prezidentləri daha sonra danışıqları qapalı davam etdiriblər. Təkbətək görüşün ardınca Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib. Bundan sonra isə sənədlərin imzalanma mərasimi olub. Sənədləri Azərbaycan və Türkiyə tərəfdən Elmar Məmmədyarov, Ramin Quluzadə, Şahin Mustafayev, Əbülfəs Qarayev, Zakir Həsənov, Mövlud Çavuşoğlu, Hülusi Akar və başqaları imzalayıblar.

“24 iyunda keçiriləcək seçkilərdən sonra, inşallah, mən də ilk xarici səfərimi Azərbaycana gerçəkləşdirəcəm”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında deyib. Ərdoğan İlham Əliyevə prezident seçkilərindən sonra ilk səfər yeri kimi Türkiyəni seçdiyinə görə təşəkkür edib. Türkiyə lideri bildirib ki, Azərbaycan FETÖ ilə mübarizədə bizə ən çox dəstək verən ölkədir: “Biz də Dağlıq Qarabağ problemini öz problemimiz olaraq qəbul edirik”, - Ərdoğan deyib.

“Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümüdür. Bununla bağlı Azərbaycan xalqını təbrik etmək istəyirəm. 2018-ci ildə Qafqaz İslam Ordusunun yad edilməsi ilə bağlı tədbirlər keçiriləcək”. APA-nın məlumatına görə, bunu Ərdoğan prezident İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. Ərdoğan deyib ki, 15 iyul hərbi çevriliş cəhdi zamanı Türkiyəyə ilk dəstək verən liderlərdən biri İlham Əliyev olub: “Türkiyə ordusunun ”Zeytun budağı" əməliyyatı zamanı da Azərbaycan dövləti və xalqı bizimlə olub. Biz də Dağlıq Qarabağ problemini öz problemimiz kimi görmüşük, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü, beynəlxalq hüquq prinsipləri çərçivəsində həlli vacibdir. Hərbi və müdafiə sahəsində əməkdaşlığı da gücləndirmək niyyətindəyik. 7-ci Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində mühüm sənədlər imzalayacağıq".

“Prezident seçkilərindən sonra ilk səfərimi qardaş ölkəyə etdim. Bu, təbiidir. Bir ənənədir və onu göstərir ki, bu gün Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

İlham Əliyev bildirib ki, prezident seçkilərində qazandığı qələbəyə görə onu ilk olaraq məhz Türkiyə prezidenti Ərdoğan təbrik edib: “Məni ilk təbrik edən əziz qardaşım olub. 1 həftə əvvəl andiçmə mərasimi keçirildi. İki gün əvvəl hökumətin formalaşması başa çatdı və dünən mən Ankarada idim”. Dövlət başçısı Türkiyə və Azərbaycan qardaşlığının və dostluğunun möhkəm olduğunu bildirib, bu birliyin çox böyük gələcəyi olduğunu qeyd edib.

İki qardaş ölkənin liderlərinin görüşündə Qarabağ məsələsinin prioritetlərdən olduğu səslənən bəyanatlardan da görünür.

“Türkiyə Dağlıq Qarabağ münaqişəsində də Azərbaycanı dəstəkləyib. Bu dəstək, həmrəylik bizə əlavə güc verir. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə və BMT TŞ-nin qətnamələrinə əsasən həllini tapmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa ediməlidir”.

Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan terrorla mübarizəsində hər zaman Türkiyə ilə həmrəylik nümayiş etdirib, Türkiyənin yanında olub: “Zeytun budağı” əməliyyatında uğurlara görə qardaş xalqı təbrik edirəm. Azərbaycan bu məsələdə də Türkiyənin yanında olub".

Prezident əlavə edib ki, iki ölkə birgə səylərlə böyük layihələr həyata keçirir. “BTQ, TAP, TANAP böyük layihələrdir. Bu layihələr bizim birgə səylərimiz nəticəsində icra edilir. Biz Avropanın enerji və nəqliyyat xəritəsini yenidən qururuq, bu bizim gücümüzü artırır, regional əməkdaşlığı gücləndirir, regionun təhlükəsizliyinə töhfə verir. Bu layihələrin tək iqtisadi deyil, böyük siyasi əhəmiyyəti də var. Bunlar sülh və təhlükəsizliyi təmin edən layihələrdir. İki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşu da artır. Azərbaycan Türkiyəyə 14 milyard dollar, Türkiyə Azərbaycan iqtisadiyyatına 12 milyard dollar yatırım qoyub. Yalnız qardaş ölkələr bu qədər böyük məbləğdə yatırım edər. Yaxın gələcəkdə TANAP və ”Star" zavodunun açılışı imkanlarımızı daha da artıracaq. Ticarət dövriyyəsi də daha da artacaq". Dövlət başçısı deyib ki, mayda Azərbaycanın birinci cümhuriyyətinin və bu il Qafqaz İslam Ordusunun köməyi ilə Bakının erməni quldur dəstələrindən azad edilməsinin 100 illiyi qeyd ediləcək. “Tarix göstərir ki, biz bir olmuşuq və həmişə biz yerdə olacağıq”, - deyə prezident qeyd edib.

“Türkiyə-Azərbaycan birliyi, qardaşlığı və dostluğu möhkəmdir və çox böyük gələcəyi var”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti deyib. O bildirib ki, Azərbaycan Türkiyədə baş verənləri böyük sevinclə qarşılayır: “Əziz qardaşımın liderliyi ilə Türkiyə böyük yol keçib. Türkiyənin iqtisadi, siyasi, sosial inkişafı bizi sevindirir. Türkiyə dünyada bir gücdür. Getdikcə bu güc daha da böyüyür. Dostlar sevinir, düşmənlərin kefi pozulur. Əminəm ki, bundan sonra da Türkiyə yalnız qələbə və uğur yolu ilə gedəcək”...

Türkiyə Prezident Administrasiyası da dövlət başçılarının görüşü barədə rəsmi açıqlama yayıb: “Azərbaycan Türkiyənin etibarlı strateji tərəfdaşı olub və olmaqda davam edir”.

Qeyd olunub ki, bu gün Azərbaycan və Türkiyə arasında münasibətlər yüksək səviyyədədir və bütün sahələrdə inkişaf edir: “Türkiyə və Azərbaycan bütün potensiallarını regionun inkişafına yönəldə biliblər”. Bundan başqa, administrasiyadan deyilib ki, hər iki ölkəni təkcə tarixi köklər yox, həm də vacib iqtisadi və enerji layihələri birləşdirir: “Türkiyə bütün sahələrdə Azərbaycanı dəstəkləyir və eynilə Azərbaycanın dəstəyini hiss edir” (Trend).

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri aprelin 25-də başa çatıb.

Dövlət başçısını Türkiyənin baş nazirinin müavini Fikri İşık və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.

Politoloq Toğrul İsmayıl ile ilgili görsel sonucu

Politoloq Toğrul İsmayıl “Yeni Müsavat”a açıqlamasında Azərbaycan prezidentinin seçkidən sonra ilk olaraq Türkiyəyə səfər etməsini yüksək qiymətləndirdi: “İlham Əliyevin prezident seçildikdən sonra ilk olaraq Türkiyəni ziyarət etməsi olduqca önəmli məsələdir. Artıq bu, ənənə halını alıb. Hər dəfə seçkilərdən sonra Azərbaycan prezidentinin ilk olaraq Türkiyəni, Türkiyənin də Azərbaycanı ziyarət etməsi ortaq razılaşmadır və ”bir millət, iki dövlət" prinsipinə tam uyğundur. Təbii ki, ortaq strateji əməkdaşlıq çərçivəsində növbəti razılaşmalar əldə olunub. Bölgədə Türkiyə və Azərbaycan böyük layihələr gerçəkləşdirir. Bu layihələr çox önəmli əhəmiyyətə malikdir, bunları da unutmamaq lazımdır".

Politoloq Qarabağ məsələsinə diqqət ayrılmasını təbii saydı: “Qarabağ məsələsi Azərbaycanın ciddi problemlərindən biridir. Əlbəttə ki, ikili görüşlərdə Qarabağ probleminin həlli üçün müxtəlif müzakirələrin aparılması təbii qarşılanmalıdır. Amma əsas məsələ ikili münasibətlərin daha da inkişaf etdirilməsi və dövlətlərarası əlaqələrin sürətləndirilməsidir. Bu baxımdan çox əhəmiyyətli görüşdür. Strateji əməkdaşlıq toplantıları iki ölkənin inkişafı, müxtəlif məsələlərin müzakirəsi üçün olduqca vacibdir. Bu, bir daha iki ölkə arasında münasibətlərin strateji çərçivəyə çıxmasının göstəricidir. Belə olduğu halda Azərbaycan prezidentinin Türkiyəyə hər səfəri ikili münasibətlərin inkişafı üçün ciddi bir irəliləyişdir, yüksəlişdir. İki ölkə arasında daha çox strateji ittifaq var və bu, davam edir. Arzumuz budur ki, münasibətlər daha da inkişaf etdirilsin”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar