TÜRKİYƏDƏN SONRA NİYƏ BÖYÜK BRİTANİYA?
27.04.2018 13:13 Siyasi reaksiya 1861
Ilham Əliyev prezident seçildikdən sonra ilk xarici səfərini ənənə üzrə Türkiyəyə gerçəkləşdirdi. Bəs Azərbaycan prezidenti ikinci dövlət olaraq niyə Böyük Britaniyanı seçdi?
Reaksiya.az bildirir ki, bu sualı cavablandıran politoloq Elxan Şahinoğlu qeyd edib ki, bunun 4 səbəbi var.
Birinci səbəb Azərbaycan-Böyük Britaniya münasibətlərinin xarakterindən irəli gəlir. Hər nə qədər Böyük Britaniya 100 il əvvəl Azərbaycanı müvəqqəti işğal etsə və bu yaddalarımızdan silinməsə də, müstəqilliyimizi qazandıqdan bu yana iki dövlət arasında sıx əlaqələr qurulub. Vaşinqtondan rəsmi dəvət gözləmək nə qədər çətin olsa da, London hər zaman rəsmilərimizi Böyük Britaniyaya dəvət ediblər. Bu dəfə də Azərbaycanda prezident seçkisindən dərhal sonra Böyük Britaniyanın baş naziri Tereza Mey İlham Əliyevi Londona dəvət etdi. Azərbaycan prezidenti vaxt itirmədən Ankaranın ardından Londona getdi. Bu səfər Azərbaycan prezidentinə həm də ona görə lazım idi ki, onun prezident seçildiyi Qərbdə heç kimdə şübhə doğurmasın, zatən Amerikanın xaricində Avropa ölkələrindən təbriklər ard-arda gəldi.
İkinci səbəb Böyük Britaniyanın BP şirkətinin Azərbaycandakı çalışmalarıyla bağlıdır. BP az qala 25 ilə yaxındır Azərbaycana ən çox yatırım həyata keçirən şirkətdir və hələ bir bu qədər müddət də ölkəmizdə fəaliyyət göstərəcək. İlham Əliyevin Londona budəfəki səfəri zamanı Azərbaycan Dövlət Neft Şirkəti ilə BP arasında növbəti saziş imzaladı. Bu da İlham Əliyevin Böyük Britaniyaya səfərini şərtləndirən ikinci səbəb idi.
İlham Əliyevin Londona səfərinin üçüncü səbəbi də var. Baxmayaraq ki, Böyük Britaniya Avropa İttifaqından çıxıb Londona səfər edən hər rəsmi köhnə qitədə diqqətlə izlənilir və bunun analizləri hazırlanır. Yəni İlham Əliyevin Londona səfəri başqa Avropa dövlətlərinin digər liderlərini də Azərbaycanın dövlət başçısını öz ölkələrində görməyə sövq edəcək.
Londona səfərin dördüncü səbəbi Bakının yürütdüyü xarici siyasətlə bağlıdır. Belə təəssürat yarana bilərdi ki, İlham Əliyev Ankaradan sonra Moskvaya səfər etməli idi. Bəlkə də belə dəvəti Rusiya kəşfiyyat xidmətinin rəhbəri Sergey Narışkin Bakıya səfəri zamanı İlham Əliyevə çatdırıb. Ancaq İlham Əliyev ikinci səfər yeri kimi Böyük Britaniyanı seçməklə balanslaşdırılmış xarici siyasətə üstünlük verdiyini göstərdi. Azərbaycan Avropa ilə əməkdaşlığa önəm verməlidir, bu əməkdaşlıq Rusiyanın istəyindən asılı olmamalıdır. Bu baxımdan bəzi azərbaycanlı deputatların “Azərbaycan Avropa Şurasından çıxmalıdır” açıqlamaları ölkəmizin milli və təhlükəsizlik maraqlarına uyğun deyil. Rusiya bizə Avropanı əvəz edə bilməz. Hər ikisiylə yalnız qarşılıqlı faydalılıq əsasında əməkdaşlığımızı inkişaf etdirməliyik. İkili münasibətlərə üçüncü dövlət qarışmamalıdır.
Şərhlər