Erməni inqilabçısı Azərbaycanı hədələdi - savaş qaçılmaz olacaq

01.05.2018 11:48     Siyasi reaksiya     2132

Nikol Paşinyan seçkiyə bir gün qalmış Qarabağla bağlı mövqeyini açıqladı; Sərkisyanın potensial xələfi “qan-qan” dedi və belə getsə, cavabını alacaq; politoloqlardan ilginc şərhlər

Mayın 1-də keçiriləcək Ermənistan parlamentinin xüsusi iclasında ölkənin baş naziri seçiləcək. Aprelin 13-dən başlayaraq İrəvanda və Ermənistanın bir sıra şəhər və rayonlarında vətəndaş itaətsizliyi şüarı ilə fasiləsiz aksiyalar keçirən “Mənim addımım” etiraz hərəkatının lideri Nikol Paşinyanın hökumət başına keçəcəyi artıq şübhə doğurmur.

Aprelin 30-da N.Paşinyanın rəhbərlik etdiyi “Çıxış” parlament fraksiyası onun baş nazir postuna namizədliyini rəsmən irəli sürüb. Hakim Respublikaçılar Partiyasının parlament fraksiyası isə bu posta namizəd irəli sürməyəcəyini bəyan edib. Daşnaksütyun Partiyası və “Tsarukyan” bloku “Çıxış” fraksiyasının namizədi N.Paşinyanı müdafiə edəcəyini bəyan edib. Qeyd edək ki, hakim ERP 58, “Tsarukyan” 31, “Çıxış” 9, Daşnaksütyun 7 mandata sahibdir. Baş nazirin seçilməsi üçün 53 deputatın səsi lazımdır.

N.Paşinyan iclasdan bir gün qabaq Milli Məclisdə fraksiya rəhbərləri ilə bir daha görüş keçirib və məsləhətləşmələr aparıb. Bütün bunlar isə ondan xəbər verir ki, N.Paşinyan işini ehtiyatlı tutur və fors-major situasiya ilə üzləşməmək üçün ona səs vəd edənləri bir daha çək-çevirə salır. Xüsusilə də Rusiyanın proseslərə aktiv müdaxilə etməsi, İrəvana emissarlar göndərməsi, konstitusiyanı və 2017-ci il parlament seçkilərini xatırlatması Paşinyanı, şübhəsiz ki, narahat edir. Hətta bu arada onun ötən illərdə “Çıxış” fraksiyasının rəhbəri olaraq Ermənistanın Avrasiya Birliyindən çıxmaqla bağlı təşəbbüsləri gündəmə gətirilib. Düzdür, Paşinyan bu kimi tələbləri müxalifətçi kimi dilə gətirdiyini və bundan sonra Rusiya ilə bağlı ənənəvi siyasətin davam etdiriləcəyini deyir. Ancaq o, Moskvaya sürpriz etdiyi kimi, Kremlin də ona sürpriz hazırlayacağından ehtiyatlanır. Hər halda söhbət Putin və Medvedevin təbrikini qazanmış Serj Sərkisyanı devirən müxalifətçidən gedir.  

Amma bizi daha çox maraqlandıran Paşinyanın baş nazir kürsüsünü ələ keçirəndən sonra Ermənistanın siyasətində dəyişikliyin olub-olmayacağı ilə bağlıdır, xüsusilə də Qarabağ məsələsində. Düzdür, N.Paşinyan deyib ki, o, nə qərbpərəst, nə də rusiyapərəstdir, sadəcə, ermənipərəstdir. Lakin baş nazir olduqdan sonra hansı siyasəti sərgiləyəcək, demək çətindir. Qarabağ məsələsinə gəldikdə, hələ 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycana “sarsıdıcı zərbə” vurmağa çağıran Paşinyan növbəti dəfə mahiyyətini büruzə verib. Belə ki, Paşinyan son hadisələr ərzində ilk dəfə Qarabağa dair mövqeyinin nədən ibarət olduğunu açıqlayıb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Nikol Paşinyan əvvəlcə Azərbaycanı danışıqlarda “konstruktiv məcraya qayıtmağa məcbur etməyin vacibliyini” vurğulayıb. Paşinyan əmindir ki, Bakıda tez-tez “İrəvanın qaytarılması” haqda bəyanatların səsləndiyi bir vaxtda effektiv danışıqlar aparmaq mümkün deyil. 

Pashinyan yerevan ile ilgili görsel sonucu

“Azərbaycan qeyri-konstruktiv, aqressiv mövqe nümayiş etdirir. Bizim vəzifəmiz ordunu möhkəmləndirmək, döyüş hazırlığını artımaqdır. Bu, Azərbaycanı konstruktiv məcraya qaytarmağın yoludur” - Paşinyan parlamentdə jurnalistlərə bildirib. Nikol əlavə edib ki, Ermənistanın təhlükəsizliyi onun üçün prioritetdir. Onun fikrincə, Ermənistanda baş verən son hadisələr ordunun və xalqın döyüş ruhunu yüksəldib. “Biz Qarabağı tam dəstəkləyirik və baş nazir seçiləcəyim təqdidə ilk addımım təmas xəttində operativ vəziyyətlə tanış olmaqdan ibarət olacaq” - Paşinyan deyib. Nikol Paşinyana görə, Minsk Qrupunun həmsədrləri də Bakının “aqressiv ritorikasını dayandırmaq və onu danışıqlar çərçivəsinə qaytarmaq” üçün səylər göstərməlidir. Orduda kadr məsələlərinə gəldikdə isə, Paşinyan bu haqda ancaq müvafiq səlahiyyətlər alandan sonra danışa biləcəyini bildirib. O, müdafiə nazirinin dəyişdirilməsinin mümkünlüyünə dair suala cavab verməyib.

Məqalədə qeyd olunduğu kimi, Paşinyanın bu bəyanatları göstərir ki, Ermənistandakı hakimiyyət dəyişikliyindən Qarabağ münaqişəsinin nizamlanması baxımından müsbət nəsə gözləməyə dəyməz. Hansı ki, Paşinyan məhz Qarabağ münaqişəsinin həll edilməməsindən yaranan ağır sosial-iqtisadi situasiya sayəsində Serj Sərkisyanı devirib və hakimiyyətə gəlmək üzrədir.

Bu arada Ermənistan prezidenti Armen Sərkisyan daha normal mövqe sərgiləməyə cəhd edib. O, ümid edir ki, onun ölkəsindəki mürəkkəb siyasi vəziyyət dövründə Qarabağda “təxribatlar olmayacaq”. “Mən bu mürəkkəb dövrdə heç bir təxribat, Dağlıq Qarabağda münaqişənin alovlanmaması üçün hamını, hansı ki, bu dünyada heç kimin qarantiyası yoxdur, təmkinli olmağa çağırıram” -Sərkisyan Belarus KİV-lərinə bildirib. Ermənistan prezidenti deyib ki, indi Qarabağda müharibənin vaxtı deyil. Amma Paşinyanın davranışları və Qarabağla bağlı mövqeyi bunu deyir ki, müharibənin alternativi olmayacaq. Hər halda Serj Sərkisyanın xələfi “qan-qan” dedi və belə getsə, cavabını alacaq. Hətta hərbi xidmətdə olmayan Paşinyanın, deyəsən, müharibə anlayışı çox zəifdir və elə bilir ki, erməni hakimiyyətinə diktə etdiyi kimi, Azərbaycana da Qarabağla bağlı təzyiq göstərə biləcək... 

Pashinyan yerevan ile ilgili görsel sonucu

Ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a işğalçı ölkədəki son durumu şərh etdi: “Ermənıstan parlamentinin sədr müavini Eduard Şarmazanov bəyan etmişdi ki, hakim partiya baş nazirliyə namizədliyini verməyəcək. Sərkisyanın tövsiyə etdiyi Karen Karapetyan və Köçəryan da namizəd olmayacaq. Bu, o deməkdir ki, Paşinyanın baş nazir olmağa yolu açılır. Amma ortaya sual çıxır, onu parlamentdə dəstəkləyənlərin sayı yetərli olacaqmı? ”Çıxış" blokunu dəstəkləyəcəyini bildirən “Tsarukyan” və daşnakların parlamentdə verəcəkləri səslər kifayət etmir. Demək, inqilabçılar bunu basqı yolu ilə həll etməyə çalışacaqlar. Rusiya da bəyan edib ki, o, qanuni hakimiyyəti tanıyacaq".

Paşinyanın baş nazir olacağı təqdirdə Ermənistan hakimiyyətinin hansı siyasəti yürüdəcəyinə gəldiksə, Q.Çaxmaqlı bunları bildirdi: “Şübhəsiz ki, daha əvvəlki çıxışlarında Rusiya qarşı ciddi ittihamlar irəli sürən Paşinyan siyasətini bu üsulla davam etdirə bilməz. Rusiya ilə siyasətin əvvəlki kimi davam etdirilməsi də mümkün deyil, çünki onun hakimiyyətdə qalması qısa bir müddət sonra ortaya çıxacaq, anti-Rusiya siyasəti onun sonu olardı. Qonşularla - Azərbaycan və Türkiyə ilə bağlı münasibətlərdə də fərqli yanaşma gözləmirəm. Onun diplomatik səviyyədə nə isə edə biləcəyini təsəvvür etmək çətindir.”

Ekspert qeyd etdi ki, Qarabağ məsələsində Nikol Paşinyanın yeni siyasət yürütməsi, bizim gözləntilərimizin təmin edilməsi mənasında olmayacaq: “Müharibə hər zaman gündəmdədir. Ermənistanda heç bir siyasi qüvvə Qarabağın Azərbaycana verilməsini həzm etmir -hər hansı şəkildə. Odur ki, məsələni biz ərazi bütövlüyümüz çərçivəsində həll etməliyik, başqa yol yoxdur. Əgər Ermənistanda bu böhran davam etsə, biz tədbirlərimizi, addımlarımızı ona görə atmalıyıq. Paşinyan canlı yayında bəyan etdi ki, Qarabağdan vaz keçilməyəcək. Amma indi hakimiyyət məsələsi həll olunur. İzləyək, görək nələr baş verəcək”.

“Ermənilər indiyə qədər işlədikləri cinayətləri ört-basdır etməyə çalışırlar”.

Pashinyan yerevan ile ilgili görsel sonucu

Bunu Nikol Paşinyanın Qarabağla bağlı açıqlamasını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Axar.az-a deyib. Politoloq bildirib ki, Dağlıq Qarabağa dair indiyə qədər formalaşmış danışıqlar formatı var və burada əsas tərəflər Ermənistan və Azərbaycandır: “Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyini danmayıb. ATƏT-in Minsk Qrupu həmsədrləri də həmişə işğalçı deyərkən, məhz Ermənistanı nəzərdə tutublar. Doğrudur, Dağlıq Qarabağın da tərəf kimi danışıqlarda iştirakı ilə bağlı əvvəllər fikirlər səslənib. Atəşkəsə dair Bişkek müqaviləsində də qondarma Dağlıq Qarabağın adı çəkilmişdi, ancaq o zaman ulu öndər Heydər Əliyev bunun qarşısını aldı. Dağlıq Qarabağ əhalisinin 40 faizindən çoxu azərbaycanlıdır. Yəni Dağlıq Qarabağ erməni və Azərbaycan icmasından ibarətdir. Belə olan halda hər iki tərəfin icma nümayəndələrinin atəşkəs prosesində iştirak etməsi sənəddə öz əksini tapdı. Əgər söhbət ondan gedirsə, o zaman danışıqlarda dörd tərəf - Azərbaycan, Ermənistan, Dağlıq Qarabağın erməni və azərbaycanlı icması iştirak edə bilər. Azərbaycan məsələyə bu şəkildə razılıq verə bilər. Əks təqdirdə Paşinyanın timsalında ermənilər indiyə qədər işlədikləri cinayətləri ört-basdır etməyə çalışırlar”.

Politoloqun sözlərinə görə, erməni tərəfi bundan sonra da qeyri-konstruktiv mövqe tutmaqda davam etsə, onda Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün əlində olan digər vasitələrdən istifadə etməyə məcbur olacaq: “Bu isə Ermənistan və region üçün o qədər də arzuolunan deyil, ancaq başqa çıxış yolu da yoxdur. Azərbaycan Ermənistanın yenidən ərazilərimizdə ikinci bir erməni dövləti qurmaq niyyətinin baş tutmaması üçün bütün imkanlarını sərf edəcək”.

“Qarabağ məsələsində Nikol Paşinyan da Serj Sərkisyanın dediyini təkrarlayır ki?” və ya “Paşiyanın Sərkisyandan Qarabağ məsələsində heç bir fərqi olmadı ki?” sual edənlərin sayı artıb. Nə gözləyirdiniz? Paşinyan durub deməyəcəkdi ki, “Dağlıq Qarabağ Azərbaycana məxsus olmalıdır, işğal altındakı torpaqları boşaltmalıyıq”".

karabakh minval.az ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu belə düşünür. Ekspertə görə, təəssüf ki, bunu Ermənistanda deyəcək siyasətçi yoxdur, düşünənlər var, ancaq dilə gətirənlər yoxdur: “Çünki bunu deyən erməni siyasətçi karyerasına son qoyacaq. Bu - Ermənistan reallığıdır. Ona görə də Paşinyan yaxın müddətdə Dağlıq Qarabağ məsələsində radikal addım atmayacaq. Ancaq bir var Paşinyanın dedikləri, biri də var onun əməlləri. Biz gələcək baş nazirin indiki sözlərinə yox, gələcək əməllərinə diqqət etməli olacaq və buna uyğun addımlarımızı atacağıq”.

N.Paşinyanın revanşı Qarabağ klanının digər ölü nümayəndəsini də hərəkətə gətirib. Ermənistanın ikinci prezidenti Robert Köçəryan aprelin 29-da NTV kanalında yayımlanan “İradə Zeynalova ilə həftənin nəticələri” proqramında müxalifət liderinə atmacaları ilə diqqət çəkib. “Hakimiyyət çamadan deyil ki, kimsə onu götürsün və Nikol Paşinyana versin” - Köçəryan deyib. “Nikol Paşinyan nə tələb edir? Hakimiyyəti mənə indi verin. Amma hakimiyyət çamadan deyil ki, kimsə onu götürsün və Nikol Paşinyana versin. Bu, konkret insanlardır, bu parlamentdir, deputat korpusudur, onların öz mənliyi var. Böyük bir insan kütləsini məcbur, şantaj etmək, öz vicdanına, siyasətdə öz baxışları, öz təsəvvürləri əleyhinə getməyə məcbur etmək, düşünürəm ki, bu tam sonuncu tədbirdir”, - deyə Qarabağ canisi əlavə edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar