Milli Koordinator Vilayət Eyvazov parlamentdə illik məlumatını təqdim edib

04.05.2018 13:59     Siyasi reaksiya     1752

Milli Məclisin 4 may tarixli plenar iclasında Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov 2017-ci il üzrə illik məlumatı təqdim edib. Milli Koordinator deyib ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2017-ci ildə həyata keçirilmiş əməliyyat axtarış tədbirləri ilə 142 insan alveri, 6 məcburi əmək cinayəti, habelə insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər ilə əlaqədar 26 fakt aşkarlanıb, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib, həmin cinayətlərin qurbanı olan 71 nəfər, o cümlədən 66 qadın və 5 kişi müəyyən edilib.

V.Eyvazov bildirib ki, qurbanların 68 nəfəri Azərbaycan Respublikası, 2 nəfəri Rusiya Federasiyası, 1 nəfəri Ukrayna vətəndaşı olub: “Onlardan 43-u istismar məqsədi ilə Türkiyə Respublikasına, 9-u Birləşmiş Ərəb Əmirliklərinə, 8-i Rusiya Federasiyasına, 5-i Malayziya, 4-ü Pakistan İslam Respublikasına aparılıb, 2 əcnəbi Azərbaycanda istismara məruz qalıb. İnsan Alveri və məcburi əmək faktlarına görə başlanmış cinayət işlərində 28-nin istintaqı tamamlanaraq 33 şəxs (25-i qadın, 8-i kişi) məhkəmə məsuliyyətinə verilib. Onlardan 29-u barəsində ittiham hökmləri çıxarılaraq 23 nəfəri şərti məhkum olunub, 5 nəfər azadlıqdan məhrum edilmiş, 1 nəfər barədə hökmün icrası təxirə salınıb. İnsan alveri cinayətləri törətdiklərinə görə axtarışa elan olunmuş 55 təqsirləndirilən şəxsdən 32-i və ya 58%-i tutulub, o cümlədən İnterpola üzv ölkələrin ərazisində 2 nəfərin yeri müəyyən edilib”.

Milli Koordinator qeyd edib ki, insan alveri qurbanlarının 65 nəfəri müvəqqəti sığınacağa yerləşdirilərək tibbi, psixoloji, hüquqi yardımlarla əhatə olunub, hər birinə 400 manat məbləğində birdəfəlik müavinət ödənilib: “Bütövlükdə, 68 qurban sosial xidmətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə qeyri-hökumət təşkilatlarına və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İnsan alveri qurbanları üçün Yardım Mərkəzinə istiqamətləndirilib, 21-i işlə təmin olunub, 6-sı peşə kursuna göndərilib, 55-i ailələrinə qaytarılıb. Qurbanların övladları da diqqət mərkəzində saxlanılaraq 15 uşaq məktəbəqədər təhsil proqramına yönəldilib, 11-nin atalığı müəyyən edilərək alimentlə təmin olunmasında, 9-na doğum haqqında şəhadətnamənin alınmasında köməklik göstərilib. Qeyd edilən məqsədlərin həyata keçirilməsinə Daxili İşlər Nazirliyinin büdcəsindən bütövlükdə 107 min manat vəsait xərclənib. Xarici ölkələrdə əmək fəaliyyəti, təhsil, əcnəbilərlə nikah, məişət zorakılığı, miqrantların müvəqqəti qeydiyyatı, övladlığa götürmə və digər məsələlərlə bağlı “Qaynar xətt” telefon xidmətinə daxil olan 9 minə yaxın müraciət araşdırılaraq hər biri üzrə qanunauyğun ölçülər götürülüb, təşəbbüskarlara zəruri izahlar verilib”.

V.Eyvazov deyib ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən məcburi əmək faktlarının proflaktikası işində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də ölkədə olma və yaşama qaydalarını pozan 20 min 285 əcnəbi müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi, o cümlədən 6 min 330 nəfərin ölkə hüdudlarından kənara çıxarılması olub: “Uşaq əməyinin istismarının qarşısının alınması məqsədi ilə ərazi polis orqanları tərəfindən keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 570 uşaq müəyyən olunub. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və ya məcburi əməyin qurbanı olması təsdiqlənib. Lakin həmin uşaqlara müvafiq qayğı və yardımın göstərilməsi, onların sosial problemlərinin həlli ilə əlaqədar icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara, qəyyumluq və himayədarlıq qurumlarına baxılması üçün 450 material göndərilib. Eyni zamanda, onların təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 220 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb. Həmçinin geçə həyatına məruz qalan 150 yetkinlik yaşına çatmayan şəxsə və onların valideynlərinə Bakı, Gəncə və Quba şəhərlərində fəaliyyət göstərən “Baxımsız, kimsəsiz uşaqlar üçün Sığınacaq və Reablitasiya müəssisəsi”, “Uşaq hüquqları klinikası” və “Uşaq və gənclərin sosial realblitasiyası mərkəzi”ndə hüquq və psixoloji yardımlar göstərilib. Ötən il övladlığa götürülən, qəyyumluğa və himayəyə verilən 124 uşağın yaşayış şəraiti də nəzarətdə saxlanılıb, Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən onların yaşadıqları ünvanlarda monitorinqlər keçirilərək zəruri sosial və tibbi yardımla əhatə olunmaları təmin edilib”

V.Eyvazov məlumatı təqdim etdikdən sonra deputatlar müzakirələrə başladılar.

Deputat Fazil Mustafa dedi ki, məhkəmələrin rolunu artırmaq üçün ciddi addımlar atmaq lazımdır. Onun fikrincə, məhkəmələrdə səsləndirilən ittihamlara, qəbul olunan qərarlara ciddi yanaşma olmalıdır: “Məsələn, AzTV-nin sədri Arif Alışanovu məhkəmədə adam öldürməkdə ittiham edirlər, heç kim reaksiya vermir. Bu, doğrudur, ya səhvdir, bilmirəm, amma məhkəmədə səslənən ittiham var ortada. Söhbət 5-10 manat oğurlamaqdan getmir, adam öldürməkdən gedir, özü də məhkəmədə səsləndirilən ittihamdan”.

Deputat Zahid Oruc bildirdi ki, daxili işlər orqanları hər zaman olduğu kimi, bu gün də dövlətin yanındadır. Həmçinin deputat Milli Koordinator Vilayət Eyvazovla bağlı da yüksək fikirlər söylədi. Z.Oruc bəzi şəxslərin ölkə vətəndaşlarını işçi qüvvə adı ilə xarici ölkələrə apardıqlarını, orada onların sənədlərini alıb, onları qurbanlara çevirdiklərini söylədi. Deputat bilərəkdən insan alveri qurbanına çevrilən adamlara qarşı da cəzaları sərtləşdirməyə çağırdı.

Z.Oruc Avropada yaşayan Vidadi İsgəndərlinin Azərbaycan hakimiyyətinin təmsilçilərinə qarşı ittihamlar və təhqirlər yağdırdığını bildirdi. DİN-i və Baş Prokurorluğu müvafiq addımlar atmağa çağırdı.

Deputat Fəzail Ağamalı də Milli koordinatorun məlumatını yüksək dəyərləndirdi: “Çox yaxşı haldır ki, insan alverinə qarşı mübarizədə daxili işlər orqanları QHT-lər, mətbuatlar öz işini qurub, bu, çox müsbət haldır. Milli Koordinatora bu fəaliyyətinə görə öz təşəkkürümü bildirirəm”.

F.Ağamalı turistlər arasında bu və ya digər ölkələrin “tör-töküntüləri”nin olduğunu da bildirdi. Dedi ki, belə şəxslər dərhal ölkədən deportasiya olunmalıdır. O, bəzi saytlarda ədəbsiz görüntülərin yer aldığını da vurğuladı: “Biz reklam haqqında qanunda da dəyişiklik etməliyik və bu biabırçılıqların qarşısını almaq üçün addımlar atılmalıdır”.

Deputat Sahib Alıyev çıxışında Azərbaycan parlamentinin ilk spikeri olan Əlimərdan bəy Topçubaşovun anadan olmasının 155 illiyi münaisbətilə onu sayğı ilə andı. Daha sonra Milli Koordinatorun məlumatından bəhs etdi. “Quldarlıq dövründə insan haqları qurbanlarının sayı 12 milyon olub. Amma BMT-nin hesabatına görə, indi insan haqları qurbanlarının sayının 40 milyon olduğu bildirilir” - deyən S.Alıyev insan alveri qurbanları ilə bağlı vəziyyətə diqqət çəkdi.

Deputat Siyavuş Novruzov xaricdə Azərbaycana qarşı fəaliyyət göstərənlərin ekstradisiya olunması ilə bağlı addım atmağa çağırdı. Həmçinin Milli Koordinatorun hesabatını müsbət qiymətləndirdi və səsə qoyaraq qəbul olunmasını təklif etdi. Onun təklifindən sonra məruzə səsə qoyuldu və qəbul edildi.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar