Moskvanın Ermənistana sürprizi...

05.05.2018 13:31     Siyasi reaksiya     1348

Erməni politoloq: “Rusiya yaxşı bilir ki, Ermənistan heç yerə çıxıb gedəsi deyil”; nüfuzlu Qərb nəşrlərindən pessimist rəylər - “İnqilab erməni xalqına xoşbəxtlik gətirməyəcək”, “Ermənistan üç günə İsveçrəyə çevrilməyəcək...”

Ermənistanda daxili siyasi təlatümlər bu həftə də ara vermədi. Serj Sərkisyanın istefasından ruhlanan etirazçı kütlə və onun inqilabçı lideri, deputat Nikol Paşinyan mayın 1-də parlamentdəki səsvermənin uğursuz nəticəsindən sonra hakimiyyət uğrunda savaşın ikinci, daha sərt dalğasına qərar verdi, vətəndaş itaətsizliyi daha geniş miqyas aldı.

Bəs gələn həftə - xüsusən də mayın 8-də parlamentdə gözlənilən ikinci və sonuncu səsvermə nə vəd edir? Ümumiyyətlə, “rəngsiz” adlandırılan inqilab Ermənistanı hara aparacaq, Paşinyan baş nazir ola biləcəkmi? Rusiya proseslərə hansı formada müdaxilə edə bilər? Yerli və əcnəbi təhlilçilər bu suallara cavab tapmağa çalışırlar.

*****

Pashinyan yerevan ile ilgili görsel sonucu

İrəvandakı Qafqaz Tədqiqatları Mərkəzinin direktoru Aleksandr İsgəndəryan əmindir ki, Nikol Paşinyan hər halda hakimiyyətə gələcək, lakin onun təyinatı Ermənistanı demokratik cəmiyyətə çevirməyin uzun və ziqzaqvari yolun yalnız başlanğıcı demək olacaq. Bu barədə Fransanın “Liberation” nəşrinin xüsusi müxbiri Veronika Dormanın ondan götürdüyü müsahibədə deyilir.

“Problem ondadır ki, küçəyə çıxan minlərlə insan xoşbəxtlik gözləyir, xoşbəxtlik axtarır. Ancaq Ermənistan üç günə İsveçrəyə çevrilməyəcək. Adamlar mütləq məyus olacaqlar”, - deyə o vurğulayıb. Politoloq bunun səbəbinə də aydınlıq gətirib. Onun sözlərinə görə, Nikol Paşinyan jurnalistika və küçə siyasətindən savayı heç vaxt başqa heç nə ilə məşğul olmayıb: “O, şübhəsiz ki, ağıllı, istedadlıdır, kütləni duyan gözəl natiqdir. Amma idarəçilik anlamında, strukturlar yaratmaq baxımından heç vaxt siyasətlə məşğul olmayıb. O artıq işə çıxanda öyrənməli olacaq və bu dövrdə onun kimlərin əhatə eləməsi xüsusi önəm daşıyacaq. Ermənistanın problemi liderin şəxsiyyətində deyil, səlahiyyətlərin bölüşdürülməsini balanslaşdırmaq zərurətində, partiya sistemini təkmilləşdirmək bacarığındadır”.

Pashinyan yerevan ile ilgili görsel sonucu

Erməni ekspert daha sonra deyib: “İddia eləmək ki, ölkədə qayda-qanun yaradıb ədalətli bərpa eləmək yetər ki, iş adamları o saat Ermənistana sərmayə qoymaya can atsınlar, bu - sadəlövhlük olar. Problem ondadır ki, ölkə investisiyalar üçün cəlbedici deyil. Korrupsiya - təsadüfi hal yox, Ermənistan iqtisadiyyatı üçün sürtgü yağı rolundadır və monopoliya üzərində qurulub. Yəni müstəsna olaraq korrupsiyaya qarşı mübarizə aparmağın xüsusi anlamı yoxdur. Çəkindirmələr və əks-təsirlər sisteminə, bir-birinə nəzarət edən instansiyalara, real müstəqil mətbuata  ehtiyac var. Kölgə iqtisadiyyatını iki aya aradan qaldırmaq qeyri-mümkündür”.

Kreml ile ilgili görsel sonucu

Baş verənlərdə Rusiyanın roluna gəlincə, “Liberation”un müsahibi deyib: “Rusiya indi kənarda durub. O bilir ki, Ermənistan heç yerə çıxıb gedəsi deyil. Paşinyan bu barədə israrla və çox danışıb. Moskva başa düşərək ki, situasiya sırf daxillə bağlıdır, gözləyir. Bu, Ukrayna və ya Gürcüstandakı vəziyyətlə müqayisəyə gəlmir. Nədən ki, söhbət sivil modelin seçilməsindın getmir. Bütövlükdə ya Rusiya Ukraynadan dərs götürüb, ya da Ermənistan ondan ötrü elə də mühüm oyunçu deyil”.

Bunun belə olub-olmayacağını, başqa sözlə, Rusiyanın proseslərdən nə dərəcədə kənarda qalıb-qalmadığını, yaxud Ermənistana sürpriz edib-etməyəcəyini yəqin ki, daha dəqiqliyi ilə 3 gün sonra - parlamentdə ikinci cəhddə baş nazir seçkisinin nəticələrindən, Paşinyanın ölkənin 1-ci şəxsi olub-olmayacağından, Putinin onu təbrik edib-etməyəcəyindən biləcəyik. Bir şey kifayət qədər əminliklə söyləmək olar ki, Moskva Ermənistanla bağlı sonuncu “patronu” hələ atmayıb...   

*****

Pashinyan yerevan ile ilgili görsel sonucu

Ermənistan mövzusu Qərbin digər aparıcı KİV-lərinin də diqqətindədir. Onları ilk növbədə Kremlin baş verən proseslərə səssiz reaksiya göstərməsinin motivləri maraqlandırır. Onlar da bunu Moskvanın Ukrayna və Gürcüstan hadisələrindən özü üçün gərəkli dərs çıxarması və Ermənistanda hakimiyyət dəyişikliyindən asılı olmayaraq Rusiyanın işğalçı ölkədə həmişə dominant mövqedə qalacağına olan əminliyi ilə əlaqələndirirlər.

“Kasıb, dənizə çıxış olmayan və həmişə Moskvaya sıx bağlı qalan Ermənistan həm Rusiyanın, həm də Qərbin diqqət mərkəzindədir”. “Yeni Müsavat” xəbər verir ki, bu haqda “The Washington Post”un əməkdaşı Ferris Rotman yazıb.

“Nə qədər səhv olursa-olsun, Ermənistanın Rusiyanın sadiq müttəfiqi olması barədə təsəvvürlər gerçəklikdən daha mühümdür. Bu, Rusiyanın müdaxiləsindən qaçmağa və Kremlin özünü yeni hökumətin işini pozmaqdan saxlamasına imkan verir” - İrəvanda fəaliyyət göstərən “Regional araşdırmalar mərkəzi”nin direktoru Riçard Kirakosyan müəllifə bildirib.

Pashinyan yerevan ile ilgili görsel sonucu

“The Washington Post”un digər yazarı, jurnalist Devid İqnatius isə son 25 ildə Ermənistanın əsas siyasi dilemmasının qərbyönümlü siyasi görüşləri Rusiyadan olan hərbi asılılıqla hansı şəkildə əlaqələndirilməsindən ibarət olduğunu bildirir. “Bu çıxılmaz vəziyyət keçmiş prezident Serj Sərkisyanın ətrafında ölkə sərvətlərini talayan Moskvapərəst oliqarxların toplanmasına gətirib çıxardı. SSRİ dağıldıqdan sonra korrupsiyalaşmış və avtoritar Ermənistan heç vaxt inkişaf edə bilmədi” - müəllif qeyd edib.

O, prezident Vladimir Putinin son hadisələrdə ehtiyatlı davrandığını düşünür: “Putin Ermənistanı bütövlükdə itirməkdənsə Sərkisyanı qurban verməyi üstün tutub. Putin ”ikinci Ukrayna" ssenarisinin təkrarlanmasından qaçmaq istəyir". Şərhçinin fikrincə, Rusiya və Ermənistan arasında uzunmüddətli dostluq münasibətlərinə görə İrəvandakı etirazlar Rusiyanın da müxalifət kəsimlərinə “elektrik effekti” verə bilər.

Ermənistandakı proseslərin ermənilərin öz taleyi üçün hansı effekti verəcəyi ilə bağlı rəyləri isə qeyd elədik... 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar