“Laçın dəhlizi” və Krım körpüsü - oxşar işğal, fərqi baxış

18.05.2018 13:13     Siyasi reaksiya     1960

Laçının işğalının ildönümündə Qərbin daha bir ayrı-seçkiliyi üzə çıxdı

Bu gün Azərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğalından 26 il keçir. Laçın rayonunun işğalının 26-cı ildönümünü ilə əlaqədar XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama yayıb.

Açıqlamada deyilir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı kimi 18 may 1992-ci ildə keçmiş DQMV-yə tərkibinə daxil olmayan Laçın rayonu işğal olunub. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb və hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib.

“Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirir. Ermənistanın kəskinləşən hərbi təcavüzü şəraitində BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri qəbul edərək, Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrinin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edib. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməyərək işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsinə (anneksiya) yönəlmiş siyasət yürüdür. Ermənistan, nəhayət, başa düşməlidir ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz və işğala əsaslanan status-kvo Ermənistanın özünü təcridinin və bugünkü sistematik sosial-iqtisadi və demoqrafik böhranın əsas səbəblərindəndir. Azərbaycan ərazilərinin işğalına son qoyulması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təmin olunmasına töhfə verə bilər".

Açıqlamada daha sonra deyilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, Laçın, habelə ölkənin digər işğal olunmuş rayonlarından olan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq kimi hüquqlarının təmin edilməsi və ümumilikdə münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətinin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi Azərbaycan dövlətinin şəksiz ayrılmaz hüququdur.

Qeyd edək ki, Ermənistanla sərhəddə yerləşən Laçın rayonun işğalı ilə Dağlıq Qarabağla Ermənistanı birləşdirən quru yol - “Laçın dəhlizi” separatçıların istifadəsinə keçmiş oldu. Laçının işğalı və dəhlizin ermənilərin əlinə keçməsi sonrakı işğallara yol açdı. “Laçın dəhlizi” əlimizdə olsaydı Dağlıq Qarabağ problemini həll etmək an məsələsiydi. 

krım körpüsü ile ilgili görsel sonucu

Bu arada Krım yarımadasını Rusiyanın Krasnodar vilayəti ilə birləşdirən körpünün açılışı olub. Rusiya prezidenti Vladimir Putin tədbirdə şəxsən iştirak edərək, körpünün davamlılığını yoxlamaq üçün “KamAZ” markalı 10 yük maşınından birini özü sürüb. ABŞ, Böyük Britaniya və digər böyük Avropa dövlətləri körpünün açılışını pisləyərək bu hadisəni bölgənin Rusiya tərəfindən ilhaqı adlandırıblar. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova isə Krımdan Rusiyaya körpü açılması ilə bağlı rəsmi Kiyevin ittihamlarına, ABŞ-ın və digər ölkələrin etirazlarına əhəmiyyət vermədiklərini bildirib.

Göründüyü kimi, ABŞ başda olmaqla, beynəlxalq birlik Krımdan Rusiyaya körpü açılmasından narahatlığını dərhal ortaya qoyur. Lakin 26 ildir Ermənistan tərəfindən işğalda saxlanan istismar edilən “Laçın dəhlizi” məsələsində bu münasibət sərgilənmir.

Qabil Hüseynli ile ilgili görsel sonucu

Bu barədə “Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli bildirdi ki, Krımı Rusiya ilə birləşdirən böyük körpünün açılması faktiki olaraq Krımın ilhaqının rəsmiləşdirilməsi deməkdir: “Bu, həm də Rusiyaya mənəvi psixoloji üstünlük qazandırır, Ukrayna tərəfini isə çətin duruma salır. Dünyanın bu hadisəyə sərt təpkisi və ciddi etirazların gəlməsini təbii qəbul etmək lazımdır. Dünya Ukraynanın ərazi bütövlüyünü tanıyır və Krımın ilhaq edilməsinə qarşı çıxış edir. Amma çox təəssüflər olsun ki, uzun illər Azərbaycanın 20 faiz torpaqlarının işğalı, o cümlədən Laçının işğalı ilə bağlı dünyada Ermənistana qarşı ciddi etiraz mövqeyi nümayiş etdirilmir. ”Laçın dəhlizi" danışıqlar prosesinin gündəliyinə daxil olub. Burada etiraz əvəzinə “Laçın dəhlizi”ndən Dağlıq Qarabağla Ermənistan arasında əlaqələrin tənzimlənməsi kimi istifadə edilməsinə sanki bir ortaq fikrin formalaşdırılmasına cəhdlər edilib.

Laçın dəhlizi ile ilgili görsel sonucu

Halbuki, Azərbaycanın ərazi bütövlüyü Laçın dəhlizini də özündə ehtiva edir. Amma Laçın dəhlizinin Ermənistan tərəfindən işğalı və qanunsuz istismar edilməsi məsələsinin beynəlxalq qərarlar səviyyəsində və ya müxtəlif dövlətlər tərəfindən pislənməsi şəklində təzahür etməsinə nail ola bilməmişik. Beynəlxalq birliyin bu davranışına “ikili standartlar” da demək olar, Azərbaycanın probleminə beynəlxalq birliyin biganə münasibəti də. Bunu həm də özümüzün apardığımız təbliğat işinin zəifliyi ilə əlaqələndirmək olar".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar