Tiflis Ermənistana dəhliz açır - xəyanət projesi
22.05.2018 11:34 Siyasi reaksiya 1768
Rusiya və Gürcüstan anlaşma ərəfəsində; mayın 24-də Abxaziya dəmiryolunun açılışı ilə bağlı Praqada razılıq əldə oluna bilər - Bakıya bəd xəbər; Paşinyan Tiflisə gedir, erməni arzusu çin olur, blokada yumşalır?.
İşğalçı Ermənistanın blokada rejimini yumşaltmaq üçün bu günədək hansı səyləri göstərdiyi bəllidir. Bu yöndə Sərkisyan rejimi çox əlləşdi, lakin nəticə hasil olmadı. Aydındır ki, Dağlıq Qarabağ problemi çözülmədən Türkiyə və Azərbaycanla kommunikasiya əlaqələri açılmayacaq. Ancaq İrəvan heç olmasa, Ermənistanı Rusiya ilə birləşdirəcək trans-Abxaziya dəmir yolunun və Osetiya avtomobil yolunun işə düşməsinə çalışır.
Bu məqsədlə ötən ilin sonlarında eks-prezident Serj Sərkisyan və eks-baş nazir Karen Karapetyan ard-arda Tiflisə səfərlər eləmişdilər. Lakin bu qəbildən səylərin reallaşması asan məsələ deyil. Siyasi, geosiyasi faktorlar var ki, onlar vazkeçilməz görünür.
Onlardan biri də Tiflisin Bakı və Ankara ilə əlaqələridir. Bu əlaqələr iqtisadi-ticari, energetik-kommunikasiya sferalarından əlavə, strateji əhəmiyyətli hərbi və təhlükəsizlik sahələrini da özündə ehtiva edir. Son illər üç ölkə arasında dayanıqlı bir format yaranıb ki, rəsmi Tiflis bunu görməzlikdən gələ bilməz - hətta Ermənistana dəhlizlərin açılması ona əlavə iqtisadi dividentdlər gətirsə belə.
Söhbət Abxaziyadan keçən və 20 ildən çoxdur fəaliyyətsiz qalan dəmir yolunun işə salınması ilə yanaşı, Ermənistana alternativ avtomobil yolunun açılmasından gedir. Məsələ ilə bağlı Çexiyanın paytaxtı Praqada mayın 24-də Rusiya və Gürcüstan rəsmi nümayəndələri - Georgi Abaşizde və Qriqori Karasin arasında növbəti, lakin deyəsən, bu dəfə həlledici görüş nəzərdə tutulub. Bəzi məlumatlara görə, iki gün sonra tərəflər anlaşmaya xeyli yaxın ola bilər.
*****
“Yen Müsavat” xatırladır ki, belə bir anlaşma üçün əsas çoxdan mövcuddur: 2011-ci ildə Moskva ilə Tiflis arasında Abxaziya yolu ilə daşınacaq yüklərin bitərəf monitorinqini həyata keçirmək üçün İsveçrənin SGS şirkəti ilə “Yüklərin gömrük monitorinqi” haqda ikitərəfli saziş imzalanıb. Lakin Rusiya yekun sənədə müstəqil dövlət kimi tanıdığı Cənubi Osetiya və Abxaziyanın da imza atmasını istəyir, separatçı qurumlarla Gürcüstan arasında gömrük postlarının qoyulmasında təkid edirdi. Rusiya tərəfinə görə, Moskva Abxaziya və Cənubi Osetiyanı suveren qurum kimi tanıdığından, belə postlar olmalıdır. Gürcü tərəfi isə bunu qəbul eləmirdi, çünki o halda Tiflis bu iki separatçı rejimin müstəqilliyini tanımış olacaqdı.
Ən son bilgilərə görə, yekun üçtərəfli (Rusiya-Gürcüstan-İsveçrə) anlaşma sənədinə separatçı qurumlarım imza atmasına, hər halda, lüzum qalmaya bilər. Belə ki, “Yeni Müsavat”a çatan məlumata görə, Abaşizde bildirib ki, Rusiya tərəfi mayın 18-də adıçəkilən şirkətlə anlaşma imzalayıb (Gürcüstanla analoji müqavilə keçən ilin dekabrında imzalanıb). Moskvanın separatçı rejimləri imza atmaqdan imtinaya necə məcbur elədiyi bəlli deyil. Qalır mayın 24-də Praqada konkret addımları müəyyən eləmək.
*****
“Fikrimcə, mayın 24-də müəyyən addımlar atılacaq. Ümid edirik ki, Rusiya anlaşmadan irəli gələn öhdəliklərini vicdanlı şəkildə yerinə yetirəcək. Bunun ardınca anlaşmaya nəzarət eləmək üçün gürcü-İsveçrə işçi qrupu yaradılmalıdır”, - deyə Abaşidze qeyd edib.
Anlaşma Abxaziya və Cənubi Osetiyadan keçməklə Rusiyadan Gürcüstan və Ermənistana “ticarət dəhlizləri” yaratmağı nəzərdə tutur. Lakin İsveçrə tərəfi daşınan yüklər haqda hər iki tərəfdən yalnız informasiya almaqla kifayətlənəcək, onları yoxlamaq missiyası daşımayacaq. Bu, o deməkdir ki, Rusiyadan Abxaziya dəmir yolu ilə Ermənistana hərbi təyinatlı yüklər də daşına bilər ki, bu da Azərbaycan üçün əsla məqbul sayıla bilməz. Bundan əlavə, dəmiryolunun işə düşməsi (Rusiya ilə quru əlaqə) işğalçı ölkənin iqtisadi durumunun yaxşılaşması və blokada rejiminin qismən yumşalması demək olardı.
*****
Artıq erməni tərəfi xəbərdən dolayı sevincini gizlətməyib.
“Görəsən, mayın 13-də baş nazirlər - Nikol Paşinyan və Georgi Kvirikaşvili telefonda bu haqda da danışıbmı? Yaxud mayın 14-də Socidə Putinlə söhbət zamanı mövzuya toxunulubmu?” “Yeni Müsavat”ın məlumatına görə, bu barədə lragir.am saytındakı şərhdə deyilir.
Yazıda daha sonra deyilir: “Yada salaq ki, mayın 26-da Nikol Paşinyan Gürcüstan Respublikasının 100 illiyinə həsr rolunmuş bayram tədbirində iştirak eləmək üçün Tiflisə gedəcək. Əgər mayın 24-də Rusiya və Gürcüstan arasında danışıqlarında sıçrayış olarsa, o zaman erməni-gürcü münasibətləri daha yüksək mərhələyə keçəcək. Gürcüstan ərazindən keçən nəqliyyat yollarının açılması Ermənistan üçün mühüm kommunikasiya əhəmiyyəti daşıyır - xüsusən də əgər Rusiya ilə dəmir yolu əlaqəsi də bərpa olunarsa. Başqa yandan, Rusiya-Gürcüstan müqaviləsi ilə bağlı təcrübə və kommunikasiyaların açılması Azərbaycan-erməni münasibətləri üçün presedent kimi nəzərdən keçirilə bilər. Əgər əlbəttə ki, bu yolu açmaq mümkün olarsa. Bu xüsusda söhbət həm də Naxçıvan dəmir yolunun açılmasından gedir”.
*****
Göründüyü kimi, erməninin iştahı daha böyükdür. İşğalçı ölkədə Qarabağ məsələsində heç bir irəliləyiş olmaya-olmaya Azərbaycanla da kommunikasiyaların bərpasına ümid edənlər var. Görək Abxaziya dəmir yolu presedent olacaqmı, gürcülər Azərbaycana xəyanət projesinə, işğalçının daha da ayaqlanması layihəsinə imza atacaqlarmı?
2 gün gözləyək.
Reaksiya.az
Şərhlər