Paşinyan Ermənistana tam nəzarət edə bilmir
24.05.2018 11:10 Siyasi reaksiya 1593
Tomas de Vaal: “Azərbaycan prezidenti hələ ki susur, lakin sonrakı dövrdə bu, belə olmayacaq”
Ermənistanın yeni baş naziri Nikol Paşinyanın aqressiv davranışlarına görə Serj Sərkisyandan da önə çıxması hətta erməni ekspertlərini də təəccübləndirməkdədir. Məsələ burasındadır ki, Sərkisyan Qarabağda separatizmin baş qaldırmasında, Azərbaycan torpaqlarının işğalında iştirak etmiş bir cani idi. Bu mənada onun hətta Avropa təşkilatlarının tribunasından radikal bəyanatlar səsləndirməsi elə də təəccüblü görünmürdü. Amma “müharibə partiyası”nı təmsil edən Sərkisyandan fərqli olaraq, N.Paşinyan nəinki Qarabağda döyüşməyib, heç hərbi xidmətdə belə olmayıb. Bu mənada onun aqressiyasının ifrat həddə olması suallar doğurur. Düzdür, hesab olunur ki, erməni baş nazir Qarabağla bağlı güzəştli mövqeyin onun hakimiyyətinin sonunu gətirəcəyini də anlayır, ona görə radikallıq nümayiş etdirir. Lakin bu da var ki, ifrat radikallıq Ermənistanın bir dövlət kimi məhvinə rəvac verən proseslərə apara bilər.
Hətta britaniyalı ekspert Tomas de Vaal özünün “Carnegie Europe” mərkəzinin saytında dərc edilmiş məqaləsində də Paşinyanın Qarabağla bağlı kəskin mövqeyindən bəhs edib. “Ermənistanın yeni baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsinə dair sərt mövqe nümayiş etdirib. Qarabağ münaqişəsinin nizamlanmasının müəyyən qədər silkələnməyə ehtiyacı var, amma belə də güclü yox”- ekspert yazıb (Virtualaz.org). O, Paşinyanın Qarabağa dair ilk bəyanatlarının “çalxalanma” yaratdığını qeyd edib və yazıb: “O, diplomatdan daha çox kütlədən çıxmış adam kimi danışır, Dağlıq Qarabağın Ermənistanın ”ayrılmaz hissəsi olduğunu" deyir". Analitik hesab edir ki, yeni baş nazirin sərt mövqeyi Ermənistandakı daxili siyasi vəziyyətlə bağlıdır. Paşinyan hakimiyyətə Qarabağda döyüşən və Ermənistana 20 il rəhbərlik edən Köçəryanla Sərkisyanın ardınca gəlib. Aydındır ki, o, milli təhlükəsizliyin təminatına dair öz mandatını bərkitməyə və Qarabağ ermənilərini onların yanında olduğuna inandırmağa çalışır. Lakin Tomas de Vaalın fikrincə, təhlükə bundan ibarətdir ki, erməni lideri Qarabağın suverenliyi haqda açıq danışır və torpaqların qaytarılmayacağını deyir. Belə olan halda isə Bakı üçün danışıqlar aparmağa məsələ qalmır, hər iki tərəf müharibəyə qayıdır. Müəllif qeyd edir ki, son 15 ildə danışıqlar aşağıdakı rejimdə aparılırdı: tərəflərdən hər biri ATƏT vasitəçilərinin işləməsi üçün şərait yaradıb, amma ciddi iş görülməyib. Çünki real irəliləyiş əldə edilməyib. Nəticədə münaqişə Birləşmiş Ştatların gündəmindən çıxıb, hərçənd xoşbəxtlikdən Tramp administrasiyası vasitəçilik rolundan imtina cəhdlərinə müqavimət göstərib və Endryu Şoferi Minsk Qrupuna həmsədr təyin edib. Tomas de Vaal yazır ki, Paşiyanın bu populist bəyanatları ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev hələlik təmkinli davranır, susur. Hərçənd şübhəsiz ki, Azərbaycan prezidenti Ermənistana qarşı daha sərt ritorikaya əl atmaq imkanındadır, amma İlham Əliyev Paşinyana reaksiya verməməklə düz edir. Nəticədə onun müdafiə naziri bəzi tipik hərbə-zorba bəyanatları verib, XİN-in rəsmi nümayəndəsi isə daha diplomatik şəkildə etiraz bildirib.
“Lakin Azərbaycan prezidenti daha nə qədər təmkinli davranacaq? Üzücü ola biləcək seçki kampaniyası zamanı Paşinyan və onun tərəfdaşları Qarabağ məsələsində barışıq tonu səsləndirmək istəmir, qorxurlar ki, onların vətənpərvərlik səlahiyyətləri şübhə altına alınacaq. Ona görə də Ermənistanın münaqişəyə dair yeni, konsolidasiyalı mövqeyinin formalaşması üçün çoxlu aylar keçməlidir” - deyə, müəllif yazır. Tomas de Vaal qeyd edir ki, danışıqlarda yeni təfəkkür lazımdır və bunu Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyan təqdim edə bilər. “Hiperehtiyatlı Edvard Nalbəndyanı əvəzləyən Mnatsakanyan vaxtilə Avropa İttifaqı ilə assosiasiya danışıqlarına başçılıq edib. Onun mövqeyinə görə Aİ bu münaqişənin nizamlanması prosesində daha fəal rol oynaya və prosesə yeni həyat verə bilər” - ekspert bildirir. De Valın fikrincə, əgər Paşinyan Qarabağın müstəqilliyi və ərazilərin qaytarılmayacağı mövqeyində israr edərsə, bu, Bakı ilə danışıqlarda heç bir məsələyə yer qoymur və hər iki tərəfin müharibəyə qayıtması ilə nəticələnəcək. “Azərbaycan Prezidenti İlham Əliyev isə susur və davakar bəyanatları müdafiə nazirinin, diplomatik bəyanatları isə xarici işlər nazirinin dili ilə səsləndirir. Azərbaycan prezidenti hələ ki susur, lakin sonrakı dövrdə bu, belə olmayacaq. Ermənistan liderləri ehtiyatlı olmalıdırlar. Çünki Qarabağ üzrə danışıqlar prosesi nəzakətli konstruksiyadır. Onun iflası yeni münaqişəyə səbəb olacaq”, - deyə o bildirib.
Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a dedi ki, Paşinyan “Qarabağ kartı”ndan baş nazir olan gündən istifadə etməyə başlayıb: “Özünün birinci səfərini də məhz Dağlıq Qarabağa etməklə bunu göstərdi. Erməni baş nazir oradakı çıxışında da problemin həllində İrəvanla bərabər, separatçıların da iştirakının vacib olduğunu bildirdi. Bu, artıq Sərkisyandan fərqli bir yanaşma idi və təbii ki, Azərbaycan tərəfini qane edə bilməz. Paşinyan bəlkə də bunun nə ilə nəticələnə biləcəyini düşünmədi və sadəcə olaraq, münaqişədə əsasən Ermənistanın deyil, separatçıların tərəf olduğunu bildirməyə çalışırdı. Buradan belə nəticə çıxarmaq olar ki, Paşinyan danışıqlardan qaçmır, lakin separatçıları tərəf kimi görmək istəyir. Ermənistanın yeni təyin edilən xarici işlər naziri Zöhrab Mnatsakanyan da Azərbaycan tərəfi ilə görüşməyə hazır olduğunu bildirir”. A.Nağıyevin fikrincə, bir variant da ola bilər ki, ümumiyyətlə, Paşinyan bu danışıqlarda iştirak etməsin, prezident Armen Sərkisyana müəyyən səlahiyyətlər versinlər: “Bunu isə ATƏT-n Minsk Qrupu həll etməlidir. Paşinyan öz çıxışlarının birində Serj Sərkisyanla görüşmək və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlar almaq istədiyini bəyan edib. Sərkisyanın tərəfdarları da onun siyasətdən getmədiyini, sadəcə, ikinci plana keçdiyini bildirirlər”. Politoloq qeyd etdi ki, Paşinyanın hakimiyyətdə qalmasında Dağlıq Qarabağ münaqişəsinin həlli mühüm məsələdir: “Əks halda, onun verdiyi sözlərin qiyməti olmayacaq. Məlumdur ki, bu gün Ermənistanda kasıbçılıq və səfalət hökm sürür, bu isə əsasən gənclərə, yəni gələcək çağırışçılara və əsgər analarına təsir edir. Bu isə çox zəif bənddir, işsizlik və miqrasiya problemləri həll edilməsə, Paşinyanı da sələfinin taleyi gözləyir. Paşinyan gənclərə yaxın olmaq üçün bel çantası və hərbi paltar ilə gəzirdi, özünü sülhsevər döyüşçü obrazı ilə göstərirdi, artıq o belə gəzmir, problemlər isə böyüyür, proqram yoxdur. Sərkisyan və onun komandası da bundan istifadə etməkdə davam edir. Bu gün də Ermənistanın şəhərlərində və əyalətlərdə müxtəlif mitinqlər keçirilir və Paşinyanın çağırışlarına məhəl qoyulmur. Rusiyanın xarici işlər naziri Lavrovla Mnatsakanyan arasında da aparılan danışıqlardan məlum olur ki, Rusiya şəraiti tam şəkildə nəzarətə götürə bilmir. Bu arada Karapetyanın da məhz Serj Sərkisyan tərəfindən uzaqlaşdırılması haqqında mülahizələr var. Unutmaq lazım deyil ki, prezident Armen Sərkisyan da Serj Sərkisyanın kadrıdır və çox məsələlərin həlli ondan da asılıdır”.
ATƏT Parlament Assambleyasının iyulun 7-11-də Berlində keçiriləcək sessiyasında Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa qanunsuz səfəri, Ermənistan tərəfindən təmas xəttində törədilən təxribatları gündəmə gətirəcək. Bunu ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib. A.Quliyev xatırladıb ki, N.Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi, orada mətbuat konfransı keçirməsi və bir neçə gün öncə orada hərbi təlim keçirilməsi ATƏT-in Minsk Qrupu tərəfindən pislənilməyib, ona reaksiya verilməyib.
Şərhlər