“Türkiyə o tələyə düşməyəcək" - Zahid Oruc

08.08.2015 12:39     Siyasi reaksiya     2615

ABŞ prezidenti Barak Obamadan PKK terror təşkilatına görə Türkiyəyə xəbərdarlıq gəldi. Obama jurnalistlərlə söhbətində bildirdi ki,Türkiyə üçün daha böyük təhdid İŞİD-dir: "Doğrudur Türkiyə PKK hücumlarına qarşı da özünü müdafiə etməlidir. Lakin, daha böyük təhdid Türkiyə sərhədində olan İŞİD təhlükəsidir. Bu səbəbdən Türkiyə PKK-ya hücumlarını səngitməlidir".

Çox keçmədən Türkiyə Xarici İşlər Nazirliyi Obamanın "Türkiyənin hədəfi İŞİD olmalıdır" sözlərinə reaksiya verib. Nazirliyin sözçüsü Tanju Bilgiç Obamanın açıqlamalarının bir-birinə zidd olduğunu bildirib:  "PKK hər şeydən əvvəl biz və ABŞ üçün bir terror təşkilatıdır. Terror təşkilatları arasında fərq qoymaq düzgün deyil. Türkiyənin PKK-ya qarşı apardığı əməliyyatlar qanunidir”.

Tanju Bilgiç PKK-nın bonbalanmasını terror təşkilatının bombalanması  kimi xarakterizə edib. 

Bundan əvvəl də Rusiya prezidenti Türkiyə rəhbərliyinə qarşı sərt mövqe sərgiləmişdi. Ümumiyyətlə, ABŞ-ın və Rusiyanın bu davranışının arxasında hansı məqamlar dayanır.  

Millət vəkili, politoloq Zahid Oruc bu məsələyə münasibət bildirib. 

O, Türkiyənin əsas hədəfi ökənin təhlükəsizliyini pozmağa çalışan qüvvələr olsa da, Beynəlxalq dairələri bunun maraqlandırmadığını deyib: "Onlar ilanı ağ və qara rənglərə bölməyə üstünlük verirlər və ilanın yalnız bir rəngdə olanını pisləyirlər. Yerdə qalanlarının güya ki, mənafelərinə toxunmurlar. Amma əslində onların maraqlarına uyğun olduğundan həmin qüvvələrə dəstək verməyi belə qarşılarına məqsəd qoymuşdular. Xatırlayırsız ki, Gürcüstan ərazisində peşmərgələrin silahlandırlması nəinki ABŞ-ın, eləcə də Almaniyanın, Avropa Birliyinə daxil olan digər ölkələrin əsas qayğısına çevrilmişdi. Biz sovet dönəmindən, soyuq müharibə illərindən danışmırıq. Biz ən yaxın günlərin məsələsini ortaya qoyuruq ki, Türkiyənin üzləşdiyi təhlükələri böyüdən, onu ayağa qaldıran, silahlandıran, təşkilatlandıran, maliyyə dəstəyi duran, yönləndirən, təlimatlandıran, düşərgə yaradan da elə Qərb dairələrinin özü olub. Ona görə də biz bu beynəlxalq terrorizmə qarşı mübarizənin heç zaman dəqiq bir beynəlxalq hüquqi prinsipə dayanıqlı aparıldığını görməmişik. Əksinə, terror əleyhinə savaş, dünyanın yenidən bölgüsü, ərazilərin ələ keçirilməsi, siyasi hakimiyyətlərin devrilməsi və s. ilə nəticələnib. Əsas məsələyə gəlincə isə, Barak Obama əmindir ki, Türkiyəni hər hansı bir yolla yaxın Şərq böhranına qatmaqla bu ölkənin qərb dairələrindən asılılığını artırmaq daha da mümkün olacaqdır. Yəni Türkiyə hazırkı şəraitdə, uzun illərdir çalışır ki, İŞİD əleyhinə real piyada qüvvələrlə əməliyyatlara qoşulmasın. Yalnız, Qərb qüvvələri kimi hava zərbələri ilə məhdudlaşsın. Amma, bununla bərabər Türkiyəni böyük bataqlığa sürükləməyə çalışanlar da var. PKK Türkiyənin maraqlarına uzun on illər olduğu kimi indi də zərbə vurur. Burada bir sual yaranır ki, bəs axı türklər nə etsinlər?! Onlar İŞİD-çini alnına yazılmış yazıyla, yaxud da çiyinlərinə bağladıqları qara bayraqlamı tanımalıdır? Axı düşmən eyni dərəcədə düşməndir və PKK-çılar bu gün Amerikanın da narahat etməlidir. Çünki bu gün onlar qeyd edirlər ki, bizi aldatdılar, Türkiyə ilə razılaşma nəticəsində bizi satırlar və s. Demək ki, kürd yaraqlılarının qərbdən real gözləntiləri və dəstəyi var. Buna görə də məhz deyirlər ki, güya son günlər Türkiyə Qərblə razılaşıb və s.".

Zahid Oruc Rusiya ilə bağlı da öz fikrini açıqlayıb:

"Əslində, Putinin güya Türkiyə səfirini çağırması və məlum fikirləri söyləməsi, Ərdoğanın əleyhinə güya ki, hansısa bəyanatlar səsləndirməsini başdan ayağa informasiya müharibəsi hesab edirəm. Düşünürəm ki, bunu Qərb dairələri Rusiya-Türkiyə əlaqələrinə zərbə vurmaq üçün edirlər. Doğrudur ki, Suriya məsələsinə baxışda Rusiya ilə Türkiyənin maraqları toqquşur. Bu, o demək deyil ki, Putin Ərdoğanı hədələyir, ona hər hansı şəkildə zərbə vuracağıyla qorxudur və s. Əvvəla, Türkiyə elə bir ölkə deyil. Ona görə də, fikrimcə, hazırkı dövrdə Türkiyə beynəlxalq dairələr qarşısında öz şərtlərini qoymalıdır. Ortaya o məsələlər gəlməlidir ki, real olaraq yaxın şərqdə təhlükəsizliyin, sabitliyin təmin olunması üçün sadəcə İraqda amerikan rejimi qurmaq gərək deyil. Gerçək sülhün, gerçək təhlükəsizliyin şərtləri budur ki, peşmərgələrlə mübarizə, PKK-çılara qarşı savaş, İŞİD-çilər əleyhinə real əməliyyatlarda iştirak edəcəksə, Fransada koalisiya qurduqlarını elan edən 50 ölkənin hər birindən on nəfər, yüz nəfər əsgər və zabit ayırmaqla mübarizəyə başlanmalıdır. Yoxsa ki, təkliyi Türkiyənin boynuna atmaq və üstəlik də, Türkiyənin ərazisini bölərək ondan bir neçə ölkə çıxarsınlar ki, artıq 76 milyonluq ölkəni idarə edə bilmirsən. Əminəm ki, qardaş ölkə bu provakasiyaları görür, bilir və o tələlərə düşməyəcək”. 

Şərhlər

Çox oxunanlar