AŞ PA-nın yay sessiyası öncəsi Bakıya təzyiqlər başladı - Aİ bəyanat yaydı
22.06.2018 11:54 Siyasi reaksiya 991
Avropa İttifaqı yenidən siyasi məhbus məsələsini qaldırıb; Fəzail Ağamalı: “Avropa İttifaqının Azərbaycana qarşı münasibəti heç bir halda qəbul edilən deyil”
25-29 iyun tarixlərində keçiriləcək AŞ PA-nın yay sessiyası öncəsi Azərbaycana qarşı növbəti təzyiqlər dalğası start götürüb. Avropa İttifaqı Bakını siyasi məhbusları təcili azad etməyə çağırır.
İttifaqın bəyanatında deyilir ki, insan haqları müdafiəçilərinin Vəkillər Kollegiyasından çıxarılması ciddi narahatlıq doğurur. Aİ Xarici İşlər və Təhlükəsizlik Komissarlığının sözçüsü iyunun 18-də bildirib ki, İttifaq Azərbaycandakı insan haqlarının ciddi pozuntularından xəbərdardır və bu məsələni israrlı olaraq bütün səviyyələrdə qaldırır. Sözçü onu qeyd edib ki, Azərbaycanın 2018-ci ilin mayından bəri davranışı təməl insan haqlarına ehtiram edilməsi sahəsində ciddi suallar doğurur və Azərbaycan-Avropa İttifaqı münasibətlərinin müsbət inkişafı ilə ziddiyyət təşkil edir.
Bəyanatda deyilir ki, bu davranışlar dedikdə ilk növbədə müxalifət partiya üzvlərinin saxlanmaları, siyasi fəallara qarşı pis rəftar edilməsi və jurnalistlər də daxil, onların bir neçəsinə qarşı cinayət işlərinin qaldırılması nəzərdə tutulur. Birliyin bəyanatında o da vurğulanır ki, insan haqları müdafiəçilərinin Vəkillər Kollegiyasından çıxarılması bu mənada daha ciddi narahatlıq doğurur.
İttifaq REAL sədri İlqar Məmmədov və jurnalist Əfqan Muxtarlı ilə bağlı işlərin gedişatını diqqətlə izlədiyini qeyd edib. Sənəddə bildirilir ki, fundamental hüquqlardan istifadəyə görə məhbus edilmiş şəxslərin məsələsinə təcili olaraq yenidən baxılmalıdır. Sözçü qeyd edib ki, bu şəxslər Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq azad olunmalıdırlar.
Bəyanatda deyilir ki, Avropa İttifaqı insan haqları da daxil Azərbaycanla bütün aspektlərdə işləməyə hazırdır.
Bu da xatırladılır ki, sözügedən məsələlər Azərbaycanla hərtərəfli münasibətlərə dair yeni sazişin, habelə Azərbaycanın Aİ ilə partnyorluq münasibətləri çərçivəsində müzakirə olunmaqda davam edir.
Qeyd edək ki, bir qədər əvvəl Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın rəsmi Bakının AŞ-də üzvlüyünün dayandırılması prosesinə təşəbbüs göstərdiyini bildirib. Doğrudur, Avropa Şurası baş katibinin mətbuat katibi Daniil Holdqen bu xəbəri təkzib edib. Lakin Yaqlandın ölkəmizə qarşı edilən təzyiqlərdə baş rolda yer alan şəxslərdən biri olduğunu düşünsək, bunu birmənalı şəkildə inkar etmək olmur.
Ekspertlər ötən ayın ortalarında AŞ PA-nın Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova sanksiya tətbiq etməsinin davamı kimi bu yay sessiyasında ölkəmizə qarşı bir sıra sərt qərarların qəbul edilə biləcəyini ehtimal edirlər. Xüsusilə İlqar Məmmədovla bağlı qəbul edilən qərarların Azərbaycanda icra edilməməsi rəsmi Bakını sessiyada ciddi təzyiqlərlə üz-üzə qoya bilər.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Avropada fəaliyyət göstərən müxtəlif qurumların təzyiqlərinin səngimək bilmədiyini söylədi: “Təəssüflər olsun ki, bu ənənə davam edir. Avropa Şurasının ardınca AŞ PA-nın, eləcə də Avropa İttifaqının Azərbaycana qarşı münasibəti heç bir halda qəbul edilən deyil. Təəssüf edirəm ki, Cinayət Məcəlləsinin ayrı-ayrı maddələri üzrə məhkum olunan şəxslərdən siyasi məhbus adı altında Azərbaycana qarşı istifadə edirlər. Birmənalı olaraq Azərbaycan hüquqi dövlət kimi qanunun aliliyinə hörmət edir və bu aliliyi özünün fəaliyyətində əsas yerlərdən birinə qoyur. Dəfələrlə dediyim kimi, kimsə siyasi partiyanın, QHT-nin çətiri altında yaxud jurnalist və digər sahələrin təmsilçisi kimi cinayətə yol verirsə, o, Azərbaycan qanunları çərçivəsində öz cəzasını almalıdır. Burada istisnalar qətiyyən ola bilməz. Heç kimə imkan verilə bilməz ki, müxtəlif yollarla qanunlarımızı pozsun, cəmiyyətdə ciddi problemlər yaratsın. Buna heç bir halda qətiyyən yol vermək olmaz. Azərbaycan hüquqi dövlət kimi müvafiq addımlarını atır, bundan sonra da atacaqdır. Bütün bunların fonunda Avropadan təzyiq xarakterli Azərbaycana yönəlik səslənən bəyanatlar anti-Azərbaycan qüvvələrinin təzyiqidir. Bu hal hələ də davam edir. Hər kəs bilir ki, Ermənistanda hansı hadisələr baş verir. Lakin Avropa Şurası və İttifaqının onlara olan münasibətlərindəki fərqləri görməmək mümkün deyil. Təcavüzkar ölkədə gedən proseslərə ya biganə qalırlar, ya da olduqca yumşaq mövqe sərgiləyirlər. Azərbaycanda Ermənistandakı hadisələr təkrar olunmur. Sabit bir ölkə kimi Azərbaycan tutduğu yolla gedir. Ölkəmiz vətəndaş cəmiyyətinin qurulmasına, demokratiyanın qorunmasına xüsusi önəm verir.
Yaxınlarda ölkə rəhbərinin sərəncamı ilə böyük bir əfv sərəncamı imzalandı. Bu sərəncam 634 nəfər məhbusa şamil edildi. Beynəlxalq təşkilatların siyasi məhbus adlandırdıqları şəxslər əfv üçün müraciət etmirlər, dövləti özlərinə borclu hesab edirlər. Özlərində belə fikir formalaşdırıblar ki, müvafiq qurumlar bunların qarşısında baş əyməli, şlyapasını çıxarıb tənzim etməli, onlara haqq qazandırmalıdır. Bizlər Avropa Şurası və İttifaqının, AŞ PA-nın, digər beynəlxalq qurumların belə təzyiqlərinin zaman-zaman şahidi oluruq. Bütün bunların heç biri Azərbaycanı tutduğu yoldan geri döndərmir, bundan sonra da döndərməyəcək. Əgər Avropa Şurası və İttifaqı haqqı bu qədər müdafiə edirlərsə, o zaman Ermənistana təzyiq etsinlər, onlar işğal etdikləri torpaqlardan rədd olub getsinlər, bir milyona yaxın məcburi köçkünümüz ata yurdlarına qayıtsınlar. Amma bunları etmirlər, əvəzində ən müxtəlif yollarla Azərbaycana qarşı təzyiq edirlər”.
Deputat Azərbaycanı AŞ PA-nın qarşıdan gələn yay sessiyasında nələri gözlədiyindən də söz açdı: “Düşünürəm ki, AŞ PA-da Səməd Seyidov öz fəaliyyətini davam etdirməlidir. Çünki almış olduğumuz informasiyaya görə, orada korrupsiya ilə bağlı heç bir fakt yoxdur. Yaxınlarda Elxan Süleymanovun bir yazısını oxudum. O, konkret faktlarla, sənədlərlə onların qərəzli olduğunu sübut etdi. Azərbaycanı istəyən, buradakı inkişafa sevinən, Azərbaycanla beynəlxalq qurumların münasibətlərinin yaxşı olmasında maraqlı olan vicdanlı insanlara onlar qərəzli şəkildə hücumlar edirlər. Çünki həmin şəxslər Azərbaycana qarşı olan qətnamələrin əleyhinə səs veriblər. Bunların mahiyyəti budur. İstənilən halda öz mövqeyimizdə dayanmalıyıq. Azərbaycan parlamenti ehtiyac bilərsə, Səməd Seyidovu başqası ilə əvəzləyə bilər. Bu olmasa, o fəaliyyətini davam etdirməlidir. Şəxsən mənim mövqeyim onun fəaliyyətini davam etdirməsi yönündədir. Onların avantürist siyasətinə qarşı kifayət qədər nüfuzlu deputatımızı qurban verməli deyilik”.(musavat)
Reaksiya.az
Şərhlər