"Dağlıq Qarabağ münaqişəsi kimi real təhdidlər Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığa ciddi xələl gətirir
22.06.2018 12:41 Siyasi reaksiya 1000
Reaksiya.az trendə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyunun 22-də Minskdə keçirilən Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin 10-cu qeyri-rəsmi toplantısında çıxışı zamanı deyib.
Nazir çıxışında Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında əlaqələrin inkişafı və Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq məsələlərinə toxunub. O, xüsusilə qeyd edib ki, 2017-ci il Aİ ilə Azərbaycan arasında əlaqələrin inkişafında dönüş ili olub və bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının mənzil-qərargahına səfəri və Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair saziş üzrə danışıqların başladığını bildirib.
E.Məmmədyarov Şərq Tərəfdaşlığı proqramı çərçivəsində uzlaşma, nəqliyyat, enerji və İKT sahəsində əməkdaşlıq məsələlərinə də toxunub. Nazir Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsinin nəqliyyat və uzlaşma sahəsində Aİ ilə əməkdaşlıq kontekstində mühüm imkanlar yaratdığını deyib. O, həmçinin "Cənub Qaz Dəhlizi"nin açılış mərasiminin keçirildiyini, TANAP layihəsinin artıq başa çatdığını, TAP layihəsi üzrə işlərin isə qrafikə uyğun getdiyini bildirib. "Cənub Qaz Dəhlizi"nin enerji sahəsində əməkdaşlıq üçün geniş imkanlar açdığını diqqətə çatdırıb.
Xarici işlər naziri Aİ ilə Azərbaycan arasında vizaların liberallaşdırılması məsələsindən danışaraq tərəflər arasında bu sahədə də əməkdaşlıq perspektivlərinin olduğunu vurğulayıb.
E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi real təhlükəsizlik təhdidlərinin Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığa ciddi xələl gətirdiyini bildirib:
"İşğal faktının davam etməsi regional sülh və təhlükəsizliyə ciddi təhdid yaradır. Ermənistanın xarici işlər naziri sülhdən danışırsa, o zaman Ermənistan təhlükəsizliklə də bağlı öhdəlik daşımalı və öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır".
Nazir bildirib ki, Azərbaycan Aİ ilə təmaslara və Şərq Tərəfdaşlığı proqramı çərçivəsində insanlar arasında təmaslara xüsusi diqqət ayırır. Bu xüsusda o, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında əlaqələrin təşviq edilməsinin vacibliyini vurğulayıb, vaxtilə bu kimi uğurlu layihələrin həyata keçirildiyini deyib.
E.Məmmədyarov Azərbaycan ilə Aİ arasında Şərq Tərəfdaşlığı çərçivəsində bundan sonra da əlaqələrin inkişaf edəcəyini qeyd edib.
Şərhlər