Gəncədə polis zabitlərini qətlə yetirən şəxslərdən biri Şəmkirdə - məhv edildi - RƏSMİ
13.07.2018 19:25 Siyasi reaksiya 1920
RESPUBLİKA BAŞ PROKURORLUĞU, DAXİLİ İŞLƏR NAZİRLİYİ VƏ DÖVLƏT TƏHLÜKƏSİZLİYİ XİDMƏTİ MƏTBUAT XİDMƏTLƏRİNİN MƏLUMATI
Ölkənin 3 güc strukturu - Baş prokurorluq, DİN və DTX mətbuat xidmətləri birgə bəyanat yayıb.
''Xəbər verildiyi kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində iki polis zabiti şəhid olub.
Bu cinayətin iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində Dövlət Başçısının şəxsi nəzarəti altında intensiv surətdə davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşlarını qətlə yetirməkdə şübhəli bilinən Rəşad Böyükkişiyevin Şəmkir rayonunun Moranlı kəndindəki gizləndiyi yer müəyyən edilmiş və tutulması üçün iyulun 13-ü səhər saatlarında keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyindən o, yerində məhv edilmişdir.
Gəncədə asayişin pozulmasının qarşısı alınarkən polis əməkdaşlarına ilk hücum edənlərdən biri - Samir İbrahimovun da gizləndiyi yer müəyyən edilmiş və keçirilmiş əməliyyat tədbirləri ilə yaxalanmışdır.
Bütövlükdə qeyd olunan cinayətin fəal iştirakçılarından 11 nəfərin tutulması təmin olunmuş, biri isə məhv edilmişdir.
Törədilmiş qanlı cinayətin bütün iştirakçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Görülən işlərin gedişi barədə əlavə məlumat veriləcəkdir''.
Rəşad Böyükkişiyev öz doğma anasını qətlə yetirdiyinə görə də həbsdə olub. O, 2007-ci ildə anası bıçaqlayaraq öldürüb.
Həbs müddəti bitdikdən sonra Rəşad Böyükkişiyev Rusiya Federasiyasına gedib. Lakin orada da azadlıqda çox qala bilməyib. Həbsdən çıxdıqdan cəmi 9 ay sonra Rusiyada soyğunçuluq törədib. Nəticədə 14.07.2015-ci il tarixdə Rusiya Federasiyası CM-nin 161.2 maddəsi ilə (soyğunçuluq) 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Gəncədə polis zabitini qətlə yetirən digər şəxs - Fərrux Xəqani oğlu Qasımov isə bir neçə gün əvvəl yerli əhalinin köməyi ilə tapılaraq polisə təhvil verilib. (APA)
Şərhlər