“Bu, Musavat üçün o qədər də asan olmayacaq”
10.08.2015 11:37 Siyasi reaksiya 2270
Xəbər verildiyi kimi, ADP, Ümid və adının hələ də gizli saxlanıldığı üçüncü partiya birlikdə yeni Seçki Bloku yaradacaq. ADP sədri bununla bağlı açıqlamasında bildirmişdi ki, avqust ayının 6-da keçiriləcək iclasda razılıq əldə olunacağı təqdirdə üçüncü partiyanın adı açıqlanacaq. Lakin hələ də partiyanın adı mətbuatdan gizli saxlanılır. Bu da, yeni seçki blokunun yaranıb yaranmayacağını şübhə altında qoyur.
Bununla bağlı növbəti dəfə ADP sədri ilə əlaqə saxladıq.
Reaksiya.az xəbər verir ki, Sərdar Cəlaloğlu hələ də seçki bloku yaratmaq barədə tam qərar vermədiklərini bildirib: “Siyasət ciddi sahədir və bu üzdən mümkün olan işi həyata keçiririk. Mümkün olmayan heç bir işi həyata keçirə bilmərik. Razılıq əldə olunsa, mütləq mətbuata açıqlama veriləcək”.
Partiya sədri bu seçkilərdən böyük bir gözləntiləri olmadığını da vurğulayıb. “Hesab edirəm ki, hökumət seçkidən sonra müəyyən dəyişikliklər edəcək. Çünki artıq dünyanın siyasi coğrafiyası, baş verən hadisələr və hadisələrin xarakteri dəyişir. Bu da Azərbaycan kimi ölkələrdə də ənənəvi siyasətə yenidən baxmağı tələb edir”.
Sərdar Cəlaloğlu millət vəkili Fazil Mustafanın “hansısa partiyanın seçkini boykot etməsi ağılsızlıqdır” fikrinə də şəxsi yanaşmasını açıqlayıb: “Partiyalar seçkilərlə bağlı istənilən qərar qəbul edə bilər. Bu qərarlar ağılla deyil, siyasi maraqların təmin edilməsi ilə ölçülür. Ona görə də siyasətdə bəzi qərarların ağıllı və ya ağılsız olmasını heç kim deyə bilməz. Hər partiya qərarlarını öz maraqlarına uyğun verir. Hər bir partiya müəyyən edir ki, seçkidən nə gözləyir, seçkiyə qatılacağı təqdirdə nə itirir, nə qazanır və ona da uyğun müəyyən qərar qəbul edir”.
Müsavat partiyasının bütün dairələrdən namizəd irəli sürəcəyi məsələsinin mümkünlüyünə də münasibət bildirib:. “Bütün dairələrdən namizədi olmaq elə də qeyri-adi məsələ deyil. Biz özümüz də dəfələrlə bütün dairələrdən namizədlərimizi irəli sürmüşük. Əsas məsələ bütün dairələrdən namizəd irəli sürmək deyil. Əsas olan bütün dairələrdə namizədləri qeydə aldırmaq və seçkidə müəyyən nailiyyət əldə etməkdir. Düşünürəm ki, butün dairələrdən namizədlərini qeydə aldırmaq Musavat üçün o qədər də asan olmayacaq. Namizədləri qeydə aldırmaq ciddi siyasi məsələdir və bu iki məsələni bir-birindən fərqləndirmək lazımdır”.
Şərhlər