Ölkənin “1 nömrəli” dustağı azadlıqda - 5 il 6 ay sonra...
14.08.2018 13:00 Siyasi reaksiya 1085
İlqar Məmmədovun şərti azadlığa buraxılmasına Avropa Şurasından dərhal reaksiya gəldi; ailəsi bu xəbəri göz yaşları ilə qarşıladı; Fəzail Ağamalı: “Bu, dövlət başçısının növbəti humanist addımıdır”; YAP-çı deputatdan “ağıllı olsun” mesajı, müxalifət partiya sədrindən isə gözlənilməz mövqe...
REAL Partiyasının sədri İlqar Məmmədov 5 il 6 aydan sonra avqustun 13-də azadlığa buraxılıb. Məhkəmə onun cəza müddətinin qalan hissəsinin 2 il sınaq müddəti ilə əvəzlənməsi və ölkədən çıxışına qadağa qoyulması ilə şərti cəza barədə qərar qəbul edib. Yada salaq ki, İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bu il iyunun 29-da Ali Məhkəmənin Plenumu kasasiya və apelyasiya instansiyalarının qərarlarını ləğv edib və işi yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarıb.
Bu qərara Avropa Şurasının baş katibi Torbyorn Yaqland dərhal reaksiya verib. REAL partiyasının sədri İlqar Məmmədovun azad olunması ilə bağlı qərarı alqışlayıb. Bu barədə Avropa Şurası baş katibinin bəyanatında bildirilib.
“Azərbaycanda Şəki Apelyasiya Məhkəməsinin beş ildən çox həbsdə olan İlqar Məmmədovun azadlığa buraxılması barədə qərar qəbul etməsini alqışlamaq lazımdır” deyə, T.Yaqlandın bəyanatında deyilir.
İ.Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova “Yeni Müsavat”a bildirib ki, xəbərə çox çətinliklə inanıb: “İlk öncə şok oldum. Sonradan bu xəbərin sevincindən qızımla ağlamağa başladıq. Həmin an qızıma xəbər verdim. Qızım da donub qaldı və tez-tez soruşur ki, bu xəbər doğrudur. Hələ də deyir ki, bəlkə səhv xəbər veriblər. Qarmaqarışıq hisslərlə qarşıladıq. Belə bir xəbərin bizi gözləyəcəyinə inanmırdıq. Onu da deyim ki, bu məhkəmə Avropa Məhkəməsinə görə oldu. Bu məhkəmənin qərarı var idi ki, proseslər səhv keçirilib. Qərarın ləğv olunması tələbi var idi. Bildiyiniz kimi, Ali Məhkəmənin Plenumunda qərarlar ləğv olundu və iş yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarıldı. Bu məhkəmə də belə bir qərar verməli idi və doğru da qərarı verdi. Amma tam azad etmədilər. İlqarın il yarım cəzası qalıb, amma iki il şərti cəza veriblər. Bu, çox müəmmalı qərardır. Amma istənilən halda əsası, odur, ki azadlıqdadır”.
REAL-ın İdarə Heyətinin üzvü Natiq Cəfərli isə söyləyib ki, sədrlərinin azadlığa çıxacağı ilə bağlı ümidləri olub: “Avropa İnsan Hüquqları üzrə Məhkəməsinin də iki qərarının yerinə yetirilməsi istiqamətində Azərbaycan üçün şərtlər qoyulmuşdu. Təbii ki, İlqar Məmmədovun bu gün azadlığa çıxacağını gözləmirdik. Yaxın günlərdə olacağına ümidlər var idi”.
Sosial şəbəkələrdə ölkənin əsas əksər ictimai şəxsləri, sıravi vətəndaşları qərarı müsbət qarşılayıb.
Bu qərarla bağlı “Yeni Müsavat”a danışan deputat Fəzail Ağamalı bildirib ki, İlqar Məmmədovun azadlığa çıxması ilk növbədə dövlət başçısının növbəti humanist addımıdır: “İlqar Məmmədovun həbsi, onun cəza çəkməsi ilə bağlı uzun müddətdir ki, ən müxtəlif müzakirələr aparılırdı. Eyni zamanda onunla bağlı ən müxtəlif xarakterli yazılar dərc edilib, beynəlxalq təşkilatlara fərqli dosyelər təqdim olunurdu. Bunun əsasında isə müəyyən qərarlar çıxarılır, Azərbaycana təzyiqlər edilirdi. İstər ölkəmizdə, istəsə də xaricdə olan anti-Azərbaycan qüvvələr bu amildən gen-bol istifadə etməyə çalışırdılar. İndi isə İlqar Məmmədov azadlıqdadır.
Əlbəttə ki, bu humanist addımı müsbət qiymətləndirirəm. İlqar Məmmədov həbsxanada olduğu zaman kəsiyində heç şübhəsiz ki, öz fəaliyyətini götür-qoy etmiş, yanlış və doğrusunu özü üçün müəyyənləşdirib. Çox istərdim ki, İlqar Məmmədov Azərbaycanın qanunlarına, konstitusiyasına söykənərək, Azərbaycanın milli maraqlarını əsas tutaraq fəaliyyətini qursun və heç bir xarici qüvvə ilə bu və ya digər formada əməkdaşlığa getməsin. Azərbaycana naminə, Azərbaycan uğrunda müxalifət olaraq fəaliyyətini göstərib, töhfələrini versin”.
YAP-ın İdarə Heyətinin üzvü Eldar İbrahimov modern.az saytına açıqlamasında İlqar Məmmədovun azadlığa çıxmasını belə dəyərləndirib: “Azərbaycanda hər bir şəxs etdiyi əməllərə görə qanun qarşısında bərabər məsuliyyət daşıyır. İlqar Məmmədov cinayət etmişdi və etdiyi cinayətə görə də həbs edilmişdi. Arzum budur ki, Allah ona ağıl versin və bir də gedib həbsxanaya düşməsin”.
Politoloq Mübariz Əhmədoğlu “Yeni Müsavat”a bildirib ki, İlqar Məmmədovun azadlığa buraxılmasını Qərbin təzyiqi ilə əlaqələndirmək olmaz: “İlqar Məmmədovun azadlığa buraxılmasına kiminsə hökumətimizə diktəsi kimi yanaşmaq düzgün deyil. Azərbaycan hökuməti hazırda Avropa İttifaqı ilə müqavilə imzalamaq ərəfəsindədir. Artıq müqavilənin ilkin variantı paraflandı. Azərbaycan Qərblə, Avropa ilə əlaqələr qurmaqda maraqlıdır. Qərbin təbii qazla bağlı əcaib qaz oyunları var. Belə bir vaxtda isə bizim TAP layihəmiz çox legitimdir. Hətta o dərəcədə legitimdir ki, İrana qarşı sanksiyalarda TAP-ın adı yoxdur. Qərblə Azərbaycanın münasibətləri çox həssas məcradadır. Yaxından da Angela Merkel regionun üç dövlətinə səfər edəcək. Cənubi Qafqazda Avropa İttifaqının siyasətini qurmaq istəyirlər. Hesab edirəm ki, bizim hökumətdəkilər bilirlər ki, Avropa İttifaqının bu vaxta qədər Cənubi Qafqaz üzrə siyasətinin iflasda olmasının səbəbi, onların xristian siyasətinə üstünlük vermələri idi. Ehtimal ki, artıq dərk ediblər ki, Cənubi Qafqazın lider dövləti Azərbaycandır. Azərbaycan hökuməti də bu dəyişikliyi görür. Ona görə də Avropadan gələn müsbət çağırışları cavabsız qoymurlar. İlqar Məmmədov o boyda şəxsiyyət deyil ki, Azərbaycan hökuməti bir ona görə bütün Avropa dövləti ilə düşmən olsun. Ona görə də Azərbaycan hökumətinin siyasətini dəyişməsini doğru hesab edirəm. Yəni sabah Azərbaycan təmsilçiləri ilə Avropanın təmsilçiləri görüşən zaman müzakirə üçün ayrılan vaxt çərçivəsində əsas məsələlər müzakirə edilsin. Bu aspektdən İlqar Məmmədovun azadlığa buraxılmasını çox müsbət qiymətləndirirəm. Hesab edirəm ki, onun bütün intellekti, siyasi bacarığı xalqımızın inkişafı istiqamətində olacaq”.
İ.Məmmədovun azadlığa buraxılması ilə müxalifətdə canlanma yaranacağı iddiaları barədə isə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu danışıb: “Bunu dəfələrlə demişəm. Onu çox yaxşı tanıyıram - AMİP-də olandan bəri. Onun elə bir qeyri-adi liderlik qabiliyyəti, bacarığı olduğuna inanmıram. Düşünmürəm ki, İlqar Məmmədov Azərbaycan siyasi müxalifətinə hansısa yenilik, dəyişiklik gətirə bilər. Əgər qarşısına belə bir məqsəd qoyubsa, arzusuna çatsın. Onun tərəfdarlarına da bu istiqamətdə müvəffəqiyyətlər arzulayıram. Digər tərəfdən, xalqı əsassız ümidləndirmək də günahdır. Ölkədə elə liderlər olub ki, siyasətə gələndə böyük ümidlər vəd edib, onun ətrafında ajiotaj yaradıblar. Amma faktiki olaraq fəaliyyətində qısa müddətdən sonra yenilik olmadığı aşkara çıxıb”.
İlqar Məmmədovun cəzasının yüngülləşməsinə, real həbsin şərti hal ilə əvəzlənməsinə baxmayaraq, müdafiə tərəfi Şəki Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti vermək niyyətindədir. Bu barədə AzadlıqRadiosuna vəkil Fuad Ağayev bildirib. “Müsbət cəhət odur ki, məhkəmənin qərarından sonra İlqar Məmmədov azadlığa çıxıb. Məhkəmənin qərarının qalan hissəsi mənfidir. Çünki İlqar Məmmədov yenidən təqsirli bilinir” deyə, vəkil bildirib.
Axşam saatlarında İ.Məmmədov Şəkidən Bakıdakı mənzilinə gəlib çatıb. Musavat. com-un müxbirinin verdiyi xəbərə görə, siyasətçi media nümayəndələrinə yaxın günlərdə mətbuat konfransı təşkil edəcəyini bildirib. Eyni zamanda tibbi müayinədən keçəcəyini söyləyib.(Musavat.com)
Reaksiya.az
Şərhlər