"Türkiyə bu addımı atmağa məcburdur" - Fazil Mustafa
10.08.2015 17:47 Siyasi reaksiya 2429
Xəbər verildiyi kimi, İŞİD-ə qarşı bərabər mübarizə istiqamətində Türkiyə ilə ABŞ arasında müqavilə bağlanıb.
Rəsmi Vaşinqtonla əldə edilən anlaşma çərçivəsində türk hərbi bazaları, xüsusilə də İncirlik bazası ABŞ-ın istifadəsinə verilib.
Rəsmi mənbələr bidiriblər ki, 200 ədəd pilotlu və pilotsuz ABŞ hərbi təyyarəsi İncirlik ərazisinə yerləşdiriləcək. Və bu təyyarələr İŞİD-ə qarşı əməliyyatda Türkiyə təyyarələri ilə birlikdə iştirak edəcək.
Türkiyə mətbuatının məlumatına əsasən bazasından istifadə edəcək olan ABŞ-ın 6 ədəd F-16 təyyarəsi artıq Adanaya gəlib. ABŞ Müdafiə Nazirliyi də döyüş təyyarələrinin və 300 nəfərlik heyətin Türkiyəyə gəlməsini təsdiqləyib. Verilən açıqlamada ABŞ və Türkiyənin 60-dan çox ölkənin qatıldığı koalisiyanın üzvləri olaraq bölgədə sülh və sabitliyin təminatı üçün İŞİD-lə mübarizəyə hazır olduqları bildirilib.
İnsanlarda bu hadisə ilə bağlı artıq müəyyən fikirlər formalaşıb. Bəziləri düşünür ki, bu, bölgədə yeni müharibənin başlamasına səbəb ola bilər. Bəziləri də o qənaətdədir ki, ABŞ-la Türkiyənin məlum razılaşması İŞİD-in kökünü kəsməyə yönəlmiş bir addımdır və bu müqavilə tezliklə öz nəticəsini verəcək.
İddia edilənlərin fərziyyə və ya reallıq ola biləcəyi barəsində millət vəkili Fazil Mustafanın fikirlərini öyrəndik.
Reaksiya.az-a açıqlama verən millət vəkili Türkiyənin bu addımı atmağa məcbur olduğunu bildirib: “Faktiki olaraq bu bölgədə müharibə gedir və müharibənin genişlənməməsi üçün Türkiyə bu addımı atdı. Və yaxın zamanlarda çox güman ki, bu addımın nəticələri ortaya çıxacaq. Türkiyə öz müttəfiqləri ilə bərabər bu istiqamətdə müəyyən addımlar atmağa məcburdur. Çünki indiyə qədər həm PKK, həm də İŞİD-ə qarşı təkbaşına mübarizə Türkiyənin imkanlarını müəyyən mənada azaldırdı. Ona görə də bu gözlənilən haldır və müharibə təhlükəsi yaratmır. Əksinə, müharibənin təhlükəsini azaltmağa xidmət edən addımdır. Yaxın zamanlarda yəqin ki, ABŞ kontingenti, xüsusilə də hava hücumu ilə bağlı qüvvələr bura axın edəcək. Və birlikdə həmin əməliyyatların şahidi olacağıq”.
Şərhlər