NATO-dan Azərbaycana mühüm dəstək - müharibə haqqımız tanınır

21.09.2018 11:09     Siyasi reaksiya     1040

Putinin Bakı səfəri ərəfəsində dünyada ən güclü hərbi-siyasi alyansdan önəmli mövqe: “Ərazi bütövlüyü bizim üçün vacibdir”; Hikmət Hacızadə: “Bu halda, həm Rusiya Ermənistanın arxasından qaçacaq, həm də Qərb...”

“NATO qanunun aliliyi mövqeyindən çıxış edən alyansdır. Biz ölkələrin ərazi bütövlüyü məsələsinə dair BMT-nin Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktını vacib hesab edirik”. Bu sözləri sentyabrın 20-də azərbaycanlı jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan NATO baş katibinin müavini Rouz Hotemüller deyib. “Biz həmçinin bütün münaqişələrin dinc yolla həllinin tərəfdarıyıq və Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində sülh yollarının axtarışı üzrə səylərini dəstəkləyirik”, - deyə o bildirib.

“Yeni Müsavat” xatırladır ki, bu ilin iyulunda Brüsseldə keçirilən son  NATO sammitində qəbul edilmiş Yekin Bəyannamədə də Gürcüstan, Ukrayna və Moldova kimi ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə olunub. O zaman Rusiya əleyhinə nümayişkaranə şəkildə Alyansın zirvə toplantısına qatılan Ermənistanın baş naziri Nikol Paşinyanın anti-Azərbaycan səyləri heç bir səmərə verməmiş, bütövlükdə Paşinyan Qərbdən heç bir dəstək ala bilməmişdi. Əvəzində Moskva Brüssel sammitində iştirak edən yeganə KTMT ölkəsi kimi Ermənistanın yeni rəhbərinə indiyədək qəzəblidir.

*****

Qayıdaq Azərbaycana. Dünyanın ən güclü hərbi-siyasi Alyansı sayılan NATO-nun yüksək çinli rəsmisinin son Bakı aşıqlaması ərazisinin 20%-i erməni işğal altında olan ölkəmiz üçün çox önəmlidir. Ərazi bütövlüyümüzə dəstək öz yerində, əslində bu mövqe Azərbaycanın müharibə haqqının da tanınması deməkdir. Eyni zamanda Bakıdan İrəvana verilən ciddi ismarışdır. İşğalçı tərəfi narahat edən həm də budur. Təsadüfi deyil ki, NATO baş katibi müavininin Bakı səfəri barədə yazan erməni mediası xanım Hotemüllerin bəyanatında Azərbaycanın ərazi bütövlüyünə dəstəklə bağlı hissəni ixtisar edib.    

NATO rəsmisinin Bakı səfəri və bu səfər çərçivəsində verilən yuxarıdakı açıqlama Rusiya prezidenti Vladimir Putinin Azərbaycana gəlişinə sayılı günlər qaldığı vaxta təsadüf eləməsi ilə də diqqət çəkir. O Rusiya ki, onun rəhbərliyinin dilindən Azərbaycanın ərazi bütövlüyünün tanındığı barədə nə vaxtsa bəyanat verdiyi yada düşmür. Çünki Qarabağ ixtilafının tezliklə tarixin arxivinə verilməsi  Brüsseldən fərqli olaraq, Moskvanın marağında deyil. Ona görə ki, Rusiya konfliktin çözülməsi ilə elə həmin NATO-nun bölgədə möhkəmlənəcəyindən narahatdır.  

Doğrudur, Putinin Bakı səfəri ərəfəsində yenidən “5 rayon” söhbəti ortaya atılıb. Lakin hələ ki Kreml rəsmiləri bu haqda hansısa konkret, nikbin fikir ifadə etməyiblər. Başqa yandan, 5 rayon qarşılığında Moskvanın Bakıdan nə istədiyi də mühümdür. Nəhayət, işğalçı ölkədə ərazi qaytarmaq məsələsinin necə qarşılanacağı az əhəmiyyət kəsb eləmir.

Məsələ ondadır ki, Ermənistanın yeni baş naziri, növbədənkənar parlament seçkilərinə hazırlaşan Nikol Paşinyan indilikdə məhz vaxtaşırı Qarabağ mövzusunda populist, radikal bəyanatlar verməklə öz reytinqini yüksək saxlamağa çalışır. Onun əsas hədəfi isə - açıq deməyə çəkinsə də -  Ermənistanı Rusiyanın təsir dairəsindən, Avrasiya Birliyi və KTMT-dən - “Rus NATO-su”ndan  uzaqlaşdırıb Qərbə yaxınlaşdırmaqdır.

Lakin Kremlin forpostu funksiyasını daşıyan, xarici sərhədlərini belə rus əsgərlərinin qoruduğu, iki Rusiya hərbi bazasının yerləşdiyi Ermənistan və Paşinyan üçün bu, çox qəliz məsələdir. Demək, Qarabağ probleminin həll perspektivi həm də İrəvan-Moskva münasibətlərinin aqibətindən asılıdır.

*****

Tofiq Zülfüqarov ile ilgili görsel sonucu

Bu xüsusda politoloqlarım maraqlı şərhləri var. Məsələn, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a açıqlamasında deyib ki, Ermənistan Moskva üçün vacib ölkə deyil, ondan ötrü əlavə “yükdür” və Rusiya gec-tez Ermənistandan çıxacaq.   

Politoloq Hikmət Hacızadə isə bir qədər fərqli düşünür. Onun fikrincə, Rusiya Ermənistanı yanında saxlamağa çalışacaq və baş nazir Paşinyan, ümumən Ermənistan Rusiyanın təzyiqlərinə tab gətirə bilməz. Bu barədə o, teleqraf.com-a müsahibəsində deyib.

“Əgər Qərb dəstəkləməsə, Paşinyan axırda Moskvaya təslim olmaq məcburiyyətində qalacaq. Qərb isə hələlik heç nə etmir, uzaqdan bəyanatlar verir, hansısa formada nümayəndələr göndərir. Ona görə də Paşinyanın vəziyyəti o qədər də yaxşı deyil”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Ermənistanın təkbaşına Rusiya ilə mübarizə aparmağa gücü yoxdur: “Ona görə mümkündür ki, Paşinyan Qərbə yaxınlaşmaq planlarını dayandırsın. Ya da bu addımlarını kiçildəcək. Qərb də Ermənistanı özünə birləşdirmək istəyir, amma Ermənistan üçün vuruşmaq istəmir. Yəni necə ki, vaxtilə Saakaşvili tək qaldı, Paşinyan da belə tək qalacaq. Saakaşvili də o vaxt radikal formada Qərbə inteqrasiya xətti seçmişdi, amma bu, son nəticədə Gürcüstan ərazilərinin işğalına gətirib çıxardı”.

Bəs Qərb niyə Ermənistana kömək eləmək istəmir?

H.Hacızadə: “Çünki gücü yoxdur, Ermənistandan çox uzaqdadır. Buna görə də vuruşmaq istəmirlər. Onlarda hər şey yaxşıdır. ”Mercedes" sürürlər, istədikləri kimi yaşayırlar, nələrinə lazımdır? Qərbin adamı Ermənistana, yaxud başqasına görə ölmək istəmir. Həm də bura böyük güc sərf etmək lazımdır. Gürcüstan heç olmasa, Qara dənizin yanındadır, oradan gəmi göndərmək olar. Bəs Ermənistana hansı yolla kömək etsinlər?"

Qarabağ konfliktinin mümkün həll yollarına gəldikdə, politoloq hesab edir ki, bu, Paşinyanın hakimiyyətinin aqibətindən asılı olacaq. “Paşinyanın hakimiyyətdə möhkəmlənməsi isə iki formada ola bilər. Əgər o, Rusiya vasitəsilə möhkəmlənsə, bu, Azərbaycana sərf etmir. Yəni münaqişə olduğu nöqtədə qalacaq. Amma Paşinyan Qərbə yaxınlaşsa, o zaman yumşalacaq, Qarabağ məsələsinin həlli asanlaşacaq. Bu halda həm Rusiya Ermənistanın arxasından qaçacaq, həm də Qərb Paşinyandan bu məsələnin həllini tələb edəcək. Ermənistanın avropalaşması və demokratikləşməsi Qarabağ münaqişəsinin həlli baxımından Azərbaycan üçün sərfəlidir”, - deyə sonda Hacızadə əlavə edib.

Bu proqnozların hansı birinin doğrulacağını isə lap yaxında, böyük ehtimalla, payızda görəcəyik.

Reaksiya.az

Şərhlər