Sabiq nazir müavini Elmar Vəliyevdən danışdı

07.07.2018 15:35     Siyasi reaksiya     824

Sabiq Təhsil nazirinin müavini İsgəndər İsgəndərov Gəncənin İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyevin güllələnməsi faktı ilə bağlı fərqli açıqlama verib. Belə ki,bəzi insanların  bu kriminal hadisəyə sevindiyi halda, İ.İsgəndərov bunları deyib: “Bu gün  hadisənin əsl mahiyyətindən xəbərsiz olanlar Elmar  Vəliyevin güllələnməsini sevinclə qarşılayır. Mən bunu antinsani hal kimi qiymətləndirirəm. Heç bir kəs bu cür kriminal hadisəyə sevinə bilməz. Bu nə dinimizlə, nə də milli mentalitetimizlə uyğun deyil. Mətbuatdan da izlədim ki,  cinayətkar Yunis Səfərov hadisəni tək törətməyib. Azərbaycanda dini radikal qruplaşmalarla əlbir olaraq, bu cür kriminal hadisə törədib, dövlət başçısı tərəfindən vəzifələndirilən şəxsə qarşı sui-qəsd edib.  Bu kimi hallarda, xalq dövlətin yanında olmalı, bu cür radikal dini qruplaşmalara qarşı mübarizə aparmalıdır. Bu qruplaşmaların xaricdə oturan bəzi nümayəndələri bu gün çalışırlar ki, xalq arasında dezinformasiya yayaraq, Elmar Vəliyevi düşmən kimi qələmə versinlər. Amma bunlar həqiqəti əks etdirmir. Onun elə, Yevlaxda gördüyü quruculuq işləri bəs edir ki, bu adamın dövlətinə, millətinə nə qədər sədaqətli biri olduğunu görəsiniz. Eyni zamanda, məhz, E.Vəliyevin Gəncəyə Başçı təyin olunmasından sonra Gəncənin ölkənin turistik şəhərinə çevrilməsi, beynəxlaq sərgilərin, konfranasların ölkəmizin ikinci böyük şəhərində keçirilməsi bizə yalnız başucalığı gətirib. Bu gün dezinformasiyalara uyaraq, millətimiz bu cür hadisəyə haqq qazandırmamalıdır. Nəzərə alınmalıdır ki, cinayətkar, radikal dinçi Yunis Səfərov Elmar Vəliyevə yox, bizim on minlərlə şəhid verib, qurduğumuz bu dövlətə, dövlətçiliyimizə güllə atıb. Özünün də etiraf etdiyi kimi bu cinayətkar hadisəni törətməklə məqsədləri Azərbaycandakı dünyəvi hakimiyyəti silah gücünə devirmək, ölkədə dini hakimiyyət qurmaq olub. ” Eyni zamanda sabiq nazir müavini Elmar Vəliyevi şəxsən tanıdığını, onun təhsilin inkişafındakı xidmətlərini, işlədiyi müddət ərzində abadlıq-quruculuq işlərinə qarşı necə həssas olduğunu qeyd edərək, vurğulayıb: “Mən eyni zamanda Vəliyevlər ailəsini gözəl tanıyıram. Bu gün nə vəzifəm var, nə də hər hansısa bir keçəcəyim. Amma həqiqət dəyişmir. Bu ailə ümummilli liderimiz mərhum Heydər Əliyev yoluna daim sədaqəti, cənab prezidentimiz İlham Əliyevin siyasi kursuna layiqli xidməti ilə seçilib. İndi hansısa araqarışdıran, xaricdən idarə olunan antiazərbaycançı qüvvələr bu ailənin xidmətlərini dana bilməzlər” – deyərək, sabiq nazir müavini Elmar Vəliyevə Allahdan şəfa dilədiyini vurğulayaraq, tezliklə sağlamlığına qovuşub, öz işinə qayıdıb, hər zaman olduğu kimi dövlətinə, millətinə xidmət etməsini arzulayıb.

 

Şərhlər

Çox oxunanlar