Aleksandr Lukaşenko: "Belarus-Azərbaycan münasibətlərində heç vaxt qapalı mövzu olmayacaq"

19.11.2018 16:12     Siyasi reaksiya     964

"Əziz İlham Heydər oğlu, Belarus Sizi gözləyirdi. Rəsmi səfər barədə məlumat çox idi. Bildiyiniz kimi, bunun üçün müxtəlif səbəblər vardı. Bəzən feyk xəbərlər də olurdu. Hərçənd, bu da bir nəticədir. Hətta həqiqətə uyğun olmayan müəyyən mənfi informasiya da bəzən müsbət nəticə verir. Buna görə də Sizin səfərinizə səmimi maraq vardı. Biz bunu çoxdan gözləyirdik".

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenkonoyabrın 19-da Minskdə Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşündə deyib. 

O qeyd edib ki, Azərbaycan haqqında çox danışırdılar: "Dediyim kimi, bunun səbəbləri çox idi. Səbəblər, əsasən, xoşniyyətli idi. Beloruslar Azərbaycanı bizə çox dost olan, bizim yaxşı münasibət bəslədiyimiz qardaş respublika kimi qəbul edirlər. Bu həm prezidentlər arasında, həm hökumətlərarası komissiyada, həm də ticari-iqtisadi sahədə münasibətlərə aiddir. Bunu demək kifayətdir ki, təkcə son bir ildə Belarus ilə Azərbaycan arasında ticarətin həcmi təqribən 3,5 dəfə artıb.

Bir daha təsdiqləmək və Sizi əmin etmək istəyirəm ki, bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq. Biz bir dövlətdə yaşamışıq. Sizinlə çox yaxın insanlarıq. Kiminsə bunu istəyib-istəməməsindən asılı olmayaraq, bizim köklərimiz sovet dövrünə və bəlkə, daha uzağa gedib çıxır – 10-15 nəsil bundan əvvəlki həmvətənlərimiz Sizin həmvətənlərinizlə yaxşı münasibətdə olublar. Siz tarixçi kimi bunu yaxşı bilirsiniz. Buna görə də Sizi Belarus torpağında salamlayırıq. Bizə tez-tez gəlin. Hava bugünkü kimi olmayanda gəlin. Hərçənd, bunun da bir ləzzəti var - xüsusən Bakının quru küləyindən sonra. Düşünürəm ki, qışqabağı Minskdə olmaq və ona tamaşa etmək Sizin üçün faydalı olacaq. Onun öz gözəlliyi var. Ən azı onu görmək lazımdır. Buna görə şadam ki, Siz bizə təşrif gətirmisiniz. Danışmağa mövzu var. Bizim bütün sahələrdə - həm ticari-iqtisadi, həm diplomatik, həm siyasi münasibətlərimiz yaxşıdır, hərbi sahədə yaxşı münasibətlərimiz var. Lakin mövcud münasibətləri daha da genişləndirmək mümkündür, buna çalışmaq lazımdır. Buna görə əminəm ki, Sizin Belarusa bugünkü səfəriniz perspektivdə bizim münasibətlərimizin möhkəmlənməsi yolunda yeni addım olacaq".

Reaksiya.az

Şərhlər