Azərbaycanda hərbi vəziyyətlə bağlı qərar qəbul edildi

04.12.2018 12:59     Siyasi reaksiya     873

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hərbi vəziyyət dövründə xüsusi iş rejiminə keçir

Nazirlər Kabineti (NK) "Hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar"ın təsdiq edib.  Reaksiya.az NK-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, baş nazir Novruz Məmmədovun imzaladığı sənəddə bildirilir ki, qaydalar "Hərbi vəziyyət haqqında" və "Telekommunikasiya haqqında" qanunlarına əsasən hazırlanıb.

Bu Qaydalar hərbi vəziyyətin tətbiq edildiyi ərazidə telekommunikasiya şəbəkəsi, qurğusu və obyektlərinin, poçt, televiziya və radio yayımı obyektlərinin mühafizəsinin gücləndirilməsini, eləcə də bu şəbəkə, qurğu və obyektlərin fəaliyyətinin sabitliyinin təmin olunmasını və buna nəzarəti, telekommunikasiya və poçt xidmətlərindən, televiziya və radio yayımlarından hərbi idarəetmə orqanlarının, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların, həmçinin əhalinin istifadə xüsusiyyətlərini, telekommunikasiya, poçt, televiziya və radio yayımı obyektlərinin iş rejimini müəyyən edir.

Bundan başqa, hərbi vəziyyət rejiminin təmin edilməsi zamanı səfərbərliyə hazırlıq planları və mülki müdafiə üzrə planlaşdırmanın nəticələri nəzərə alınır.

Hərbi vəziyyət dövründə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, telekommunikasiya və poçt operatorlarının, internet provayderlərin, teleradio yayımçılarının hüquqlarının və qanuni mənafelərinin, onların göstərdiyi xidmətlərdən istifadə edən abunəçilərin və istifadəçilərin hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutan və tətbiq edilən tədbirlər Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun həyata keçirilir.

Və nəhayət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) hərbi vəziyyət dövründə xüsusi iş rejiminə keçir, tabeli qurumlarında, eləcə də mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq digər telekommunikasiya, poçt operatorlarında və "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyində telekommunikasiya, poçt, televiziya və radio yayımı şəbəkəsi, qurğusu və obyektlərinin fəaliyyətinin sabitliyinin təmin olunmasına nəzarət edir. Milli Televiziya və Radio Şurası (MTRŞ) isə digər teleradio yayımçılarının yayım şəbəkələrinin dayanıqlı işinə nəzarət edir.

Hərbi vəziyyət rejiminin təmin edilməsi məqsədilə aşağıdakı tədbirlər nəzərdə tutulur:

Telekommunikasiya, poçt, "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin televiziya və radio yayımı şəbəkələri NRYTN tərəfindən mərkəzləşdirilmiş qaydada və hərbi vəziyyət rejiminin tətbiq olunması ilə əlaqədar vəzifələri həyata keçirən hərbi idarəetmə orqanları, habelə xüsusi təyinatlı telekommunikasiya şəbəkəsi olan digər subyektlərlə əlaqəli şəkildə idarə olunur. Ölkədə fəaliyyət göstərən digər televiziya və radio yayımı şəbəkələri isə MTRŞ tərəfindən hərbi idarəetmə orqanları ilə əlaqəli şəkildə idarə edilir.

Telekommunikasiya şəbəkəsi, qurğusu və obyektlərinin, poçt, televiziya və radio yayımı obyektlərinin mühafizəsinə və onların fəaliyyətinin sabitliyinin təmin olunmasına nəzarət gücləndirilir.

Hərbi vəziyyətin tətbiq edildiyi yerlərdə müdafiə ehtiyaclarının ödənilməsini təmin etmək məqsədilə telekommunikasiya, poçt operatorlarının və teleradio yayımçılarının obyektlərində xüsusi iş rejimi tətbiq olunur. Telekommunikasiya, poçt operatorları və teleradio yayımçıları tərəfindən rəhbər və mütəxəssis heyətindən ibarət növbətçi dispetçer xidməti və qrupları təşkil edilir.

Hərbi idarəetmə orqanlarının fəaliyyətlərinin əməliyyat-taktiki duruma uyğun təşkili, eləcə də informasiya mübadiləsinin operativliyinin təmin edilməsi üçün məxfilik rejimini qoruma imkanlarına malik dayanıqlı rabitə əlaqəsi qurulur.

Telekommunikasiya operatorları tərəfindən ilk növbədə hərbi idarəetmə orqanlarının ehtiyacları üçün telekommunikasiya kanallarının ayrılması, etibarlılığı və fəaliyyətinin sabitliyi, zədələnmiş telekommunikasiya kanallarının dəyişdirilməsi, bərpası üçün təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilir, həmin orqanların elekommunikasiya xidmətlərinə tələbatının ödənilməsinə zəruri şərait yaradılır.

Telekommunikasiya şəbəkələrinin dayanıqlı işinin təmin edilməsi, hərbi idarəetmə orqanlarının ehtiyaclarının ödənilməsi məqsədilə NRYTN-i hərbi idarəetmə orqanları ilə razılaşdırmaqla, telekommunikasiya operatorlarının şəbəkələri arasında qarşılıqlı arabağlantının və trafikin istiqamətləndirilməsinin xüsusi şərtlərini müəyyən edir.

Hərbi vəziyyətin tətbiq edildiyi ərazidə fiziki və hüquqi şəxslərin telekommunikasiya şəbəkələrinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulmasına NRYTN tərəfindən hərbi idarəetmə orqanları ilə razılaşdırılmaqla məhdudiyyət qoyula bilər.

Hərbi vəziyyət dövründə telekommunikasiya şəbəkəsi, qurğusu və obyektlərindən, poçt, televiziya və radio yayımı obyektlərindən istifadə xüsusiyyətləri aşağıdakı kimi olacaq:

Hərbi vəziyyət dövründə,hərbi idarəetmə orqanları mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, telekommunikasiya şəbəkəsi, qurğusu və obyektlərindən, poçt, televiziya və radio yayımı obyektlərindən istifadədə üstünlük hüququna malikdirlər.

Telekommunikasiya və poçt şəbəkələrinin fəaliyyəti NRYTN televiziya və radio yayımının fəaliyyəti isə MTRŞ tərəfindən hərbi idarəetmə orqanları ilə razılaşdırılmaqla, müvəqqəti məhdudlaşdırıla və dayandırıla bilər.

Hərbi vəziyyətin tətbiq edildiyi ərazidə telekommunikasiya və poçt operatorları tərəfindən hərbi idarəetmə orqanlarının aşağıdakı ehtiyacları ödənilir:

Bura telekommunikasiya xətləri və kanalları, texniki cəhətdən ayrılması mümkün olan telekommunikasiya xidmətləri, telekommunikasiya şəbəkəsində nömrə tutumu və son avadanlıqlar, internet şəbəkəsinə qoşulma, radiorabitə kanalları və tezlikləri, tələbata uyğun digər telekommunikasiya vasitələri və qurğuları, səyyar poçt xidmətlərinin təşkili daxildir.

Hərbi vəziyyətin tətbiq edildiyi ərazidə telekommunikasiya operatorları tərəfindən hərbi idarəetmə orqanlarına telekommunikasiya və poçt xidmətlərinin göstərilməsinin NRYTN televiziya və radio yayımı xidmətlərinin isə MTRŞ –nın razılığı olmadan dayandırılmasına yol verilmir.

 

Hərbi vəziyyətin tətbiq edildiyi ərazidə hərbi idarəetmə orqanlarının ehtiyaclarını təmin etmək məqsədilə telekommunikasiya şəbəkələrinin və vasitələrinin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılmasına və ya dayandırılmasına telekommunikasiya şəbəkələrində boş nömrə, port və xətt tutumu olmadıqda, telekommunikasiya şəbəkələrində texniki yüklənmə yarandıqda yol verilir.

Telekommunikasiya şəbəkəsi, qurğusu və obyektlərinin ilk növbədə hərbi idarəetmə orqanlarının istifadəsinə verilməsi ilə əlaqədar məhdudlaşdırılması və ya dayandırılması barədə qərar hərbi vəziyyətin tətbiq edildiyi ərazidə telekommunikasiya şəbəkələrinin və vasitələrinin fəaliyyətinin mövcud vəziyyətinin təhlili əsasında hərbi idarəetmə orqanları ilə razılaşdırılmaqla, NRYTN tərəfindən qəbul edilir. Qəbul edilmiş qərarda telekommunikasiya şəbəkələrinin və vasitələrinin fəaliyyətinin məhdudlaşdırılmasının və ya dayandırılmasının müddəti göstərilir.

Hərbi vəziyyətin tətbiq edildiyi ərazidə NRYTN hərbi idarəetmə orqanları ilə razılaşdırmaqla, nəzərdə tutulmuş hallarda müvəqqəti olaraq telefonları şəbəkədən aça və internet xidmətlərinin göstərilməsini dayandıra bilər.

Hərbi vəziyyət dövründə hərbi idarəetmə orqanları tərəfindən ilk növbəli abunəçilər müəyyənləşdirilir və telekommunikasiya xidmətlərindən istifadəyə üstün şərait yaradılması üçün onların siyahısı NRYTN tərəfindən telekommunikasiya operatorlarına göndərilir.

Abunəçilərə telekommunikasiya xidmətinin göstərilməsi məhdudlaşdırıldığı halda onların telefon vasitəsilə ixtisaslaşdırılmış təcili yardım xidmətləri (yanğından mühafizə, polis, təcili tibbi yardım, fövqəladə hallar, qaz və elektrik qəza xidmətləri və qanunvericilikdə nəzərdə tutulan digər bu kimi xidmətlər) ilə əlaqəsi mümkün həddədək təmin edilir.

Abunəçilər hərbi vəziyyət dövründə hərbi idarəetmə orqanlarının telekommunikasiya xidmətlərindən maneəsiz istifadə etmələrinə şərait yaratmalıdırlar.

Ehtiyac yarandıqda, NRYTN hərbi idarəetmə orqanları ilə razılaşdırmaqla, hərbi vəziyyət dövründə məlumatların əhaliyə operaitv yayılması üçün əlavə resurslar ayırır.

Telekommunikasiya şəbəkəsi, qurğusu və obyektlərinin fəaliyyətinin məhdudlaşdırılmasının və ya dayandırılmasının müddəti hərbi vəziyyətin müddətindən artıq ola bilməz.

Qanunla müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərin istifadəsində və mülkiyyətində olan telekommunikasiya, poçt, televiziya və radio yayımı obyektlərinin daşınar və daşınmaz əmlakı əvəzi ödənilməklə, dövlət mülkiyyətində olan daşınar və daşınmaz əmlak isə əvəzsiz olaraq müdafiə ehtiyacları üçün alına və ya istifadə edilə bilər.

Hərbi vəziyyətin tətbiq edildiyi ərazidə NRYTN tərəfindən hərbi idarəetmə orqanları ilə razılaşdırılmaqla, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq poçt operatorlarının fəaliyyəti mərkəzləşdirilmiş qaydada koordinasiya edilərək, hərbi idarəetmə orqanlarının, digər idarə, müəssisə və təşkilatların, əhalinin poçt xidmətlərinə olan ehtiyaclarının ödənilməsi təmin edilir, hərbi təyinatlı poçtun daşınması təşkil olunur.

Hərbi vəziyyət dövründə hərbi idarəetmə orqanlarının telekommunikasiya xidmətlərindən istifadə imkanları məhdudlaşdığı halda, onlara poçt operatorları tərəfindən səyyar poçt, xüsusi rabitə və ya kuryer xidmətlərindən istifadə imkanları yaradılır.



 


 

Şərhlər