ATƏT PA girovların "hamının-hamıya" prinsipi ilə azad olunması təklifini dəstəklədi

06.12.2018 12:20     Siyasi reaksiya     870

Dekabrın 5-də Milanda ATƏT Parlament Assambleyasının Büro iclası keçirilib.

İclasda Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin həm Ermənistan, həm də Azərbaycan tərəfindən qeydə aldığı əsir və girovların "hamının-hamıya" prinsipi əsasında azad edilməsinə dair Azərbaycan tərəfinin irəli sürdüyü təşəbbüsü Büro üzvlərinin diqqqətinə çatdırıb:

“Azərbaycanın bu təşəbbüsü çox humanist bir yanaşmadır və bu təşəbbüsün ATƏT PA tərəfindən dəstəklənməsi üçün kifayət qədər əsaslar var. Təşəbbüsün reallaşması münaqişə tərəfləri arasında müəyyən bir etimad mühitini yaratmaq və sülh danışıqlarında müsbət irəliləyişə nail olmaq üçün müsbət rol oynaya bilər. Hesab edirəm ki, Ermənistanın yeni rəhbərliyi Azərbaycanın göstərdiyi xoş məramı düzgün qiymətləndirməlidir və danışıqlar üçün yaxşı şərait yarada biləcək bu nadir şansı qaçırmamalıdır. Buna görə Prezident Seretelini və Büro üzvlərini bu təşəbbüsü dəstəkləməyə və məsələni Assambleyanın əsas siyasi gündəmində saxlamağa çağırıram”.

Azay Quliyev həmçinin xatırladıb ki, 4 ildir qanunsuz olaraq girovluqda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasına kömək etmək məqsədilə Parlament Assambleyasının Demokratiya, İnsan haqları və Humanitar məsələlər üzrə Komitəsinin sədri xanım Marqareta Kiner Nellenə rəsmi məktubla müraciət edib və məsələyə insan hüquqlarının kobud şəkildə pozulması prizmasından qiymət verməyi xahiş edib.

ATƏT PA-nın prezidenti Corc Sereteli Azərbaycanın bu təşəbbüsünü təqdir etdiyini bildirib və bu məsələnin həlli istiqamətində müvafiq addımlar atacağını qeyd edib. (trend)

Reaksiya.az

Şərhlər