ELƏ ADDIM ATMALIYIQ Kİ, GİROVLARIMIZ AZAD EDİLSİN

11.12.2018 13:54     Siyasi reaksiya     1010

"Yoxsa ki, hüquqa, yaxud da beynəlxalq təşkilatlara güvənəcəyiksə, onda heç bir zaman əsir və girovlarımız azad olunmayacaq"

 

 
 
Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilmiş MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakı və tədbirin əhəmiyyəti barədə geniş açıqlama verib.
 
H.Hacıyev tədbir əsnasında Prezident İlham Əliyevin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə də söhbət etdiyini vurğulayıb. Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılıb.
 
Şöbə müdirinin sözlərinə görə, söhbət çərçivəsində Ermənistan və Azərbaycan arasında saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsi də müzakirə olunub: 
 
"Prezident İlham Əliyev Azərbaycanın bu məsələdə mövqeyini vurğulayaraq bildirib ki, "hamının hamıya" prinsipi əsasında dəyişdirmə tam olmalı və o cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyev onların arasında yer almalıdır. Humanist xarakter daşıyan bu kimi addımlar danışıqlar prosesinə müsbət təsir göstərə bilər. ATƏT-in Minsk Qrupunun həmsədrləri də bu mövqeyi dəstəkləyir və ona görə də Ermənistan tərəfi bunu nəzərə almalıdır.
 
Soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi və Azərbaycana qaytarılması məsələsini dövlətimizin başçısı ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və digər tərəf müqabilləri ilə görüşlərdə hər dəfə qaldırır. Xüsusilə qeyd etmək lazımdır ki, dövlətimizin başçısı Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün böyük səylər göstərir və bu məsələni daim diqqətdə saxlayır”.
 
Qeyd edək ki, ATƏT Parlament Assambleyasının dekabrın 5-də Milanda keçirilən Büro iclası zamanı PA-nın prezidenti Corc Sereteli Azərbaycanın bu təşəbbüsünü təqdir etdiyini bildirib və bu məsələnin həlli istiqamətində müvafiq addımlar atacağını qeyd edib.
 
Hansı ki, Ermənistan tərəfi hər zaman əsir və girovların dəyişdirilməsi məsələsində qeyri-konstruktiv mövqe tutub. Paşinyan erməni cəmiyyətinin etirazlarına laqeyd yanaşmaqla, təklif olunan "hamının hamıya” prinsipi ilə əsir və girovların qaytarılmasının mümkünsüzlüyünü dilə gətirib.
 
Politoloq Natiq Miri isə əsir və girovların qaytarılması məsələsində Ermənistan üçün hər hansı beynəlxalq hüquq, yaxud da prinsip və normalar işləmədiyini deyib:
 
 "Əgər işləsəydi, Azərbaycanın 20 faiz torpaqlarını işğal edən tərəf işğalçı adlandırılaraq, ona qarşı addımlar atılardı. Baxmayaraq ki, ən yüksək qurum olan BMT-nin 4 qətnaməsi var. Həmçinin diqqət yetirək ki, Paşinyan Kəlbəcərdə girov götürülən Azərbaycan vətəndaşlarını qondarma respublikada 20 il müddətinə saxlanmasını tələb edir. Hansı ki, bu insanlar Ermənistan ərazisində hansısa kəşfiyyat əməliyyatları apararkən saxlanılmayıblar. Dilqəm Əsgərov və Şahbaz Quliyev öz doğulduqları və ermənilər tərəfindən işğal olunmuş torpaqda girov götürülüblər. Onların öz torpaqlarında saxlanılması və eləcə də mühakimə olunması beynəlxalq hüquqa ziddir. Ona görə də, düşünürəm ki, bu istiqamətdə ilk növbədə beynəlxalq səviyyədə işlər aparılmalıdır”.
 
N.Miri vurğuladı ki, Azərbaycan bu məsələdə Ermənistanı məcbur etməlidir:
 
 "Bunun üçün mütləq mənada elə hadisələr törədilməlidir ki, Ermənistan buna vadar olsun. Çünki Ermənistan hər hansı bir hüququ tanımırsa, məhz bu hüquqsuzluq Azərbaycan səviyyəsində onlara tətbiq olunmalıdır. Bundan sonra Ermənistan məcburi addımlar ata bilər. Yoxsa ki, hüquqa, yaxud da beynəlxalq təşkilatlara güvənəcəyiksə, onda heç bir zaman əsir və girovlarımız azad olunmayacaq”.

Şərhlər