Prezident İlham Əliyev Bakı neft emalı zavodunda maye qazdoldurma məntəqəsinin açılışında iştirak edib
21.12.2018 15:06 Siyasi reaksiya 820
Heydər Əliyev adına Bakı neft emalı zavodunda aparılan yenidənqurma və modernləşdirmə layihəsinin birinci mərhələsi çərçivəsində inşa edilən yeni bitum qurğusunun və maye qazdoldurma məntəqəsinin dekabrın 21-də açılış mərasimi olub.
"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlət Neft Şirkətinin – SOCAR-ın prezidenti Rövnəq Abdullayev görülən işlərlə bağlı dövlət başçısı İlham Əliyevə məlumat verib.
Bildirilib ki, bitum qurğusu istismara verildikdən sonra burada illik istehsal 250 min tondan 400 min tona çatdırılacaq. Bu həcm ölkədaxili tələbatın təminatı üçün nəzərdə tutulur. Bu qurğuda “PEN 40-60” markalı yüksək keyfiyyətli bitum istehsal ediləcək. Növbəti mərhələlərdə AVRO-5 standartına cavab verən dizel və benzin yanacağının istehsalı nəzərdə tutulur və artıq bu istiqamətlərdə də işlər tam sürətlə davam etdirilir.
Heydər Əliyev adına Bakı neft emalı zavodunda yenidənqurma işlərinin aparılması, həmçinin keçmiş “Azərneftyağ” neft emalı zavodunun ərazisinin mərhələli şəkildə boşaldılaraq, “Ağ şəhər” layihəsinə təhvil verilməsi nəzərdə tutulduğundan, yeni bitum istehsalı qurğusunun tikintisi zəruri idi. Bitum qurğusu 7,7 hektar ərazini əhatə edir. Qurğunun tikintisi zamanı 150 min kubmetrə yaxın torpaq işləri görülüb, 650 tondan çox metal konstruksiyadan, 530 tondan çox borudan istifadə olunub. 2016-cı ildə Avstriyanın “Poerner” şirkəti ilə yeni bitum qurğusunun inşası üzrə detallı layihələndirmə, satınalma və tikintinin idarə edilməsi müqaviləsi imzalanıb. 2017-ci ilin aprel ayından tikintinin podratçısı “Azfen” şirkəti tərəfindən qurğunun inşasına başlanılıb. Tikinti prosesinə 400 yerli işçi və mütəxəssis cəlb olunub. Layihə qrafikə uyğun başa çatdırılıb.
Maye qazdoldurma stansiyası 7 avtoçənə və 5 çən vaqona yükləmə qolundan ibarətdir. Bu məntəqədən il ərzində 180 min ton propan-propilen, 100 min ton mayeləşmiş qazın avtoçən və dəmir yolu, 178 min ton butan-butilen fraksiyasının isə boru xətti, lazım olduğu təqdirdə avtoçən və ya dəmir yolu ilə nəqli nəzərdə tutulub. Propan-propilen və butan-butilen fraksiyaları “Azərikimya” İstehsalat Birliyinin müəssisələrində xammal kimi işlənəcək, əmtəə məhsulu kimi isə məişətdə və nəqliyyat vasitələrində istifadəsi üçün satışa çıxarılacaq.
Prezident İlham Əliyevə Heydər Əliyev adına Bakı neft emalı zavodunda aparılan yenidənqurma və modernləşdirmə layihəsi barədə məlumat verilib. Ulu Öndərin adını daşıyan neft emalı zavodunun modernləşdirmə layihəsi tarixi əhəmiyyətə malikdir. Layihə tamamlandıqdan sonra bu zavod ölkəmizi yüksək keyfiyyətli yanacaqla təmin edəcək, Azərbaycanın ixrac potensialını artıracaq və ölkəmizin regiondakı mövqeyinin daha da möhkəmlənməsinə xidmət göstərəcək. Artıq bu mühüm və tarixi layihənin ilkin mərhələsi tamamlanıb. Modernləşdirmə layihəsinin yekunlaşan birinci mərhələsi üç əsas hissədən ibarətdir. Bu hissələrə yeni bitum qurğusu ilə yanaşı, maye qazdoldurma stansiyası və sonrakı mərhələlərdə tikilməsi nəzərdə tutulan qurğuların yerləşəcəyi ərazilərdə söküntü və təmizləmə işlərinin aparılaraq inşaat üçün hazırlanması daxildir.
Sonrakı mərhələlərdə tikilməsi nəzərdə tutulan 8 əsas qurğunun yerinin köhnə qurğulardan təmizlənməsi, modernləşdirmənin ümumi gedişatı üçün mühüm məsələ olan torpaq tədqiqat işlərinin görülməsi və ərazinin tikinti-quraşdırma üçün hazırlanması da artıq öz həllini tapıb.
Heydər Əliyev adına neft emalı zavodunda yenidənqurma işləri 3 mərhələdə icra olunur. Layihənin 2020-ci ilin sonunadək planlaşdırılan ikinci mərhələsində AVRO-5 keyfiyyət standartına cavab verən dizel yanacağının alınması, 2021-ci ilin birinci yarısına nəzərdə tutulan üçüncü mərhələdə isə eyni keyfiyyət standartına cavab verən A-92, 95 və 98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası həyata keçiriləcək. Aparılacaq işlər zavodun illik emal gücünü 7,5 milyon tona çatdırmaqla “Azərikimya” İstehsalat Birliyinin xammalla təchizatının sabit şəkildə təmin edilməsinə imkan verəcək. Zavodda aparılan yenidənqurma işləri daxili bazarın yüksək keyfiyyətli yanacağa olan tələbatını tam ödəyəcək, bununla yanaşı, Bakıda karbon emissiyasının miqdarının azalmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına mühüm töhfə verəcək.
Prezident İlham Əliyev yeni bitum qurğusunu işə salıb.
Yeni qurğu enerjiyə daha çox qənaət etməklə, ekoloji durumun yaxşılaşdırılmasına, zavodun istismar xərclərinin optimallaşdırılmasına mühüm töhfə verəcək. Bu qurğunun istismara verilməsi nəticəsində əsasən yol inşaatında istifadə olunan asfalt-bitum maddəsinin keyfiyyəti yüksələcək. Asfalt örtüyünün mühüm tərkib hissəsi olan bitum dünyada həm də boya və mürəkkəb istehsalında, kabel, boru, dam və digər səthlərin izolyasiya və germetikliyinin təmin edilməsində, müxtəlif inşaat işlərində istifadə olunur.
Şərhlər