Prezidentin icra başçılarına xəbərdarlığını zəruri edən tək səbəb

31.01.2019 12:43     Siyasi reaksiya     858

Bəxtiyar Sadıqov: “Bu, o deməkdir ki, belə bir problem həqiqətən var...”

Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair üçüncü dövlət proqramının yekunlarına həsr olunmuş konfransda çıxış edərkən yerli icra məmurlarına ünvanlanan fikirlər səsləndirib. Bildirib ki, yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməli və yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, vətəndaşlara xidmət edirlər.

“Bütün dövlət məmurları - prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir”, - deyə ölkə başçısı qeyd edib.

Azərbaycanda siyasi hakimiyyətlə xalq arasında təmasların mərkəzində yerli icra hakimiyyəti orqanlarının dayandığı məlumdur. Bu baxımdan, ölkə rəhbərinin icra başçılarına yönəlik fikirləri maraq doğurur.

 “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda şəhər rayonları da nəzərə alınmaqla, ümumilikdə 87 yerli icra strukturu və onun başçısı var: “Bunların rəhbərlərinin hamısı eyni təcrübəyə malik, eyni səviyyəli məmur və insanlarla ünsiyyət qurmaq bacarığına malik deyil. Elə icra başçıları var ki, insanlarla ünsiyyətə meyllidirlər, öz rayonlarında kəndlərə gedib əhalini qəbul edir, problemlərini dinləyirlər, eyni zamanda, həftənin müəyyən günlərində vətəndaşlar onlarla görüşə bilirlər. Demək olmaz ki, icra strukturlarına müraciət edənlərin hamısı haqlıdır və onların istəkləri qəbul və icra edilməlidir. İndi biz deputatlara da çoxsaylı müraciətlər olur, biz də onların reallaşması üçün müxtəlif qurumlara müraciət edirik. Lakin bütün bunlar o demək deyil ki, icra başçıları vətəndaşlarla ünsiyyətdən qaçmalı, onları qəbul etməməlidilər. Elə icra başçıları var ki, əhali ilə təmaslara meylli deyil, qəbul olmayan günlərdə icra hakimiyyəti binasının qapısına polis qoyur, heç kim ora buraxılmır”.

Bəxtiyar Sadıqov ile ilgili görsel sonucu

Deputat hesab edir ki, dövlət başçısının çıxışında səsləndirdiyi fikirlər icra başçıları ilə bağlı problemlərin olmasından xəbər verir: “Əgər dövlət başçısı belə müraciət səsləndirirsə, bu, o deməkdir ki, belə bir problem həqiqətən var və müəyyən siqnallar da çatıb. İstəyir məmur olsun, istəyir deputat, vətəndaşı qəbul etmək, dinləmək çox yaxşı haldır. Olur ki, vətəndaş gəlir, onu dinləyirsən, axırda da deyirsən ki, filan-filan səbəbdən mənim gücüm çatmır sənin problemini həll etməyə. O adam durub sənə alqış edə-edə gedir, çünki onu dinləyirsən, probleminə biganəlik göstərmirsən. Bu baxımdan, prezidentimiz çox gözəl ənənə yaradıb. Ali icra orqanlarının rəhbərləri - nazirlər, komitə sədrləri rayonlara gedib vətəndaşlarla görüşürlər. Görüşlərlə bağlı qabaqcadan elanlar verilir, kim istəyir gedib görüşdə iştirak edir. Bu, çox yaxşı ənənədir. İnsanların öz problemini məmura çatdırmaq üçün rayondan Bakıya gəlməsinə ehtiyac qalmır. Yəni nazir, komitə sədri vətəndaşın ayağına gedir. Bütün bunlar idarəetməni asanlaşdırır, vətəndaş məmnunluğunu artırır. İndi prezident belə bir mesaj veribsə, hamı nəticə çıxarmalıdır. Xüsusilə vətəndaşı qəbul etməyə meylli olmayan icra başçıları bu müraciəti nəzərə alaraq öz fəaliyyətlərində dönüş etməlidilər”.

Ä°lgili resim

Milli Məclisin digər üzvü Zahid Oruc deyir ki, regionlarla paytaxt arasında qeyri-bərabərliyin aradan qaldırılması istiqamətində ciddi işlər görülüb: “Dəyişikliklər böyükdür, reallıqdır. İndi qarşıda duran əsas məsələlərdən biri regionların sosial-iqtisadi cəhətdən mərkəzi büdcədən asılılığının minimuma endirilməsidir. İnkişaf etmiş ölkələrin hamısında buna nail olunub, regionlar öz infrastruktur layihələrini özləri maliyyələşdirirlər, üstəlik, mərkəzi büdcəyə də böyük miqdarda vergi ödəyirlər. Bir çox postsovet ölkələrində də belə inkişafa nail olunub, Azərbaycanda da buna nail olunmalıdır”.

Z.Orucun sözlərinə görə, indiyədək bölgələrə rəhbərlər təyin olunarkən daha çox fiziki gücü, müxtəlif xaotik məqamlarda dayanıqlığı olan şəxslərə önəm verilirdisə, artıq kriteriyalar dəyişib: “İndi təyinatlar zamanı fərqli meyarlar əsas götürülür, getdikcə biz bunun nəticəsini daha çox hiss edəcəyik. Ölkə rəhbərinin 2019-cu ildən başlayan geniş islahatlar proqramı məmur-vətəndaş münasibətlərinin yeni bir mərhələsinin başlandığını göstərir. Biz güclü Qərb dövlətlərinin rəhbərlərinin timsalında görmürük ki, onlar gedib regionlarda iqtisadi həyatın ən müxtəlif sahələri ilə əlaqədar toplantılar keçirsinlər, ağırlıqları öz üzərlərinə götürsünlər. Bunu nə Angela Merkelin, nə Makronun, nə Donald Trampın fəaliyyətində görmək mümkün deyil. Bu baxımdan, bu gün dövlət başçısı regionların mühüm sosial-iqtisadi problemlərinin həllini də öz üzərinə götürürsə, yerli icra məmurlarının da borcudur ki, regionlara investisiya cəlbinə, sahibkarlığın inkişafına öz töhfələrini versinlər. Ən azı, buna hansısa maneçiliklər törədilməsin. Son 5-6 icra başçısının vəzifədən azad olma səbəbi göstərir ki, bir sahibkarın belə haqqının pozulmasına dözüm göstərilməyəcək”.

Deputatın fikrincə, bu gün əhalinin regionlardan paytaxta axışması, regionlarla Abşeron yarımadası arasında qeyri-bərabərliyin artmasında yerli icra başçılarının fəaliyyətinin də ciddi rolu var: “Biz regionlarda iqtisadiyyatı, sahibkarlığı inkişaf etdirməliyik ki, paytaxtla regionlar arasındakı qeyri-bərabərlik aradan qalxsın. Bu baxımdan, dövlət başçısının qaldırdığı məsələ mühüm əhəmiyyətə malikdir, məmurların vətəndaşlara mane olmaması, onlara kömək etməsi dövlətin güclənməsi deməkdir”.

Reaksiya.az

Şərhlər