İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul etdi

19.02.2019 12:19     Siyasi reaksiya     794

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə (MOVE) Baş Direktorluğunun rəhbəri Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 Henrik Hololey dövlət başçısını ötən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, bunu xalqın ölkədə sabitliyə və inkişafa göstərdiyi etimad kimi dəyərləndirib.

Henrik Hololey bu səfəri zamanı Azərbaycanın bölgələrində olduğunu və ölkəmizin turizm və digər sahələrdə böyük potensiala malik olduğunu vurğulayıb. Qonaq, eyni zamanda, Bakıda səmərəli görüşlər keçirdiklərini bildirib.

 

Prezident İlham Əliyev Azərbaycanda infrastrukturun yaradılması istiqamətində çox böyük layihələrin reallaşdığını vurğulayaraq, altı beynəlxalq hava limanının, beynəlxalq standartlara cavab verən avtomagistral yollarının, Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası və digər işlərin həyata keçirilməsi nəticəsində ölkəmizin mühüm beynəlxalq nəqliyyat qovşağına çevrildiyini bildirib.

Dövlət başçısı Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb, Şimal-Qərb istiqamətlərində nəqliyyat daşımaları sahəsində mühüm rol oynayacağını qeyd edərək, perspektivlər nəzərə alınmaqla bu sahədə artıq konkret işlərin görüldüyünü deyib.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, ölkəmizdə müasir nəqliyyat infrastrukturunun yaradılmasının önəmi qeyd olunub, nəqliyyat sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.(azərtac)

Reaksiya.az

Şərhlər