Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
27.02.2019 15:32 Siyasi reaksiya 846
Fevralın 27-də geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti xanım Salome Zurabişvili mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış etdi.
-Hörmətli xanım Prezident.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
İlk növbədə, xanım Prezident, Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz.
Sizi bu yaxınlarda prezident seçkilərində qazandığınız qələbə münasibətilə bir daha təbrik edirəm. Çox şadam ki, seçkilərdən qısa müddətdən sonra Siz Azərbaycana səfər edirsiniz. Bu, onu göstərir ki, Siz ölkələrimizin əlaqələrinə çox böyük önəm verirsiniz. Biz də Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Çox şadıq ki, bu əlaqələr uğurla, sürətlə inkişaf edir. Bugünkü səfər və apardığımız müzakirələr, danışıqlar bir daha onu təsdiqləyir ki, bizim əlaqələrimizin çox gözəl gələcəyi vardır.
Xalqlarımız əsrlər boyu bir-birinin yanında olmuşdur, bir yerdə olmuşdur. Biz həmişə dostluq, qardaşlıq şəraitində yaşamışıq. Bu gün də dostluq və qardaşlıq əlaqələrimiz bizim dövlətlərarası əlaqələrimiz üçün əsas amildir. Biz dövlətlərarası əlaqələri bu möhkəm təməl üzərində qururuq. Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir.
Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir, müntəzəm olaraq yüksək səviyyəli görüşlər keçirilir, məsləhətləşmələr aparılır. Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi daim dəstəkləyirik. Gürcüstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ərazi bütövlüyü məsələləri ilə bağlı daim həmrəylik göstərir və bir-birini dəstəkləyir.
Əlbəttə ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Bu gün bu məsələlər də geniş müzakirə olundu. Bildirməliyəm ki, bu əməkdaşlığın böyük tarixi var və biz birgə səylərlə çox önəmli böyük layihələri icra edə bilmişik. Əgər tarixə bir qədər nəzər salsaq görərik ki, hələ 1990-cı illərin sonlarında Bakı-Supsa neft kəmərinin tikintisi böyük hadisə idi. Bu, imkan verdi ki, Xəzər dənizi Qara dənizlə neft kəməri ilə birləşsin. Ondan sonra əlbəttə ki, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikildi. Bütün bunları, biz, yəni, üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə birgə səylərlə həyata keçirdik. Bu gün bu layihələr bizim iqtisadi inkişafımızı böyük dərəcədə artırır. Bu marşrut üzrə bu gün Cənub Qaz Dəhlizi layihəsi uğurla icra edilir. Bu, bölgədə ən böyük infrastruktur layihəsidir. Cənub Qaz Dəhlizinin reallaşmasına az vaxt qalıb. Keçən il bu layihənin icrası ilə bağlı çox önəmli il olmuşdur. Keçən il Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi olmuşdur və onun əsas hissəsini təşkil edən TANAP layihəsi də istifadəyə verilmişdir. Artıq TANAP xətti ilə qazın nəqli təmin edilir. Bu layihələr ölkələrimiz üçün, bölgə üçün böyük əhəmiyyət daşıyır, geniş mənada əməkdaşlığı dərinləşdirir. Əgər layihələrin əvvəlində üç ölkə əməkdaşlıq edirdisə, bu gün bu ölkələrin sayı böyük dərəcədə genişlənir və yeni tərəfdaşlar bu layihələrə cəlb edilir.
Biz bu gün, eyni zamanda, nəqliyyat sahəsində əməkdaşlığa böyük diqqət göstəririk və bu da danışıqların mövzusu olub. Bu layihələr də ölkələrimizə çox böyük fayda gətirir. İl yarım bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəticəsində indi ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və artacaqdır. Biz hələ bu layihənin icrasının birinci mərhələsindəyik, ancaq artıq bunun faydasını görürük və artan yükdaşımalar deməyə əsas verir ki, biz düzgün yoldayıq. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından sonra Azərbaycan öz qonşuları ilə, Xəzərin şərq hissəsində yerləşən ölkələrlə çox fəal danışıqlar aparmışdır, razılığa gəlinmişdir. Əminəm ki, bu razılıq əsasında indi yükdaşımalar böyük dərəcədə artacaqdır. Bu, bizim ümumi layihəmizdir. Bu yeni dəhliz imkan verəcək ki, qitələr birləşsin. Yenə də burada Azərbaycan, Gürcüstan və Türkiyə - ənənəvi üçtərəfli əməkdaşlıq formatı əsas rol oynamışdır, indi isə əməkdaşlıq edən ölkələrin sayı artır.
Əlbəttə ki, bu gün bütün başqa məsələlərlə, o cümlədən humanitar, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparıldı.
Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar əlaqələrimizin inkişafı üçün çox önəmli rol oynayırlar. Gürcüstan və Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkələrdir. Bu, bizim böyük sərvətimizdir. Ölkələrimizdə yaşayan bütün xalqların nümayəndələri özlərini çox rahat hiss edirlər. Bu, ölkələrimizin bugünkü və gələcək inkişafı üçün çox önəmli amildir.
Şadam ki, xanım Prezident Azərbaycanın şimal-qərb bölgəsinə səfər edəcək, orada yerli vətəndaşlarla görüşəcək, o cümlədən gürcü əsilli vətəndaşlarla. Bu, əlbəttə ki, onlar üçün də çox mühüm hadisə olacaq. Əminəm ki, orada yaşayan digər xalqların nümayəndələri də buna sevinəcəklər. Eyni zamanda, ölkəmizin gözəl guşəsi ilə tanışlıq əminəm ki, Sizdə xoş təəssürat yaradacaqdır.
Bir sözlə, deyə bilərəm ki, bizim bütün sahələr üzrə əməkdaşlığımızın çox böyük perspektivləri, ən əsası isə güclü siyasi iradə var. Gürcüstan və Azərbaycan bundan sonra da bir-birini dəstəkləyəcək. Biz reallaşan layihələri bundan sonra da inkişaf etdirəcəyik və yeni layihələr haqqında düşünəcəyik. Əminəm ki, xalqlarımızın, dövlətlərimizin çox gözəl gələcəyi var. Bugünkü rəsmi səfər bizim əlaqələrimiz üçün çox böyük əhəmiyyət daşıyır.
Bir daha, hörmətli xanım Prezident, Sizi səmimiyyətlə salamlayıram. Sağ olun.(azərtac)
Şərhlər