“Statusa görə insanları öldürmək düzgün deyil” - Əflatun Amaşov

11.08.2015 22:11     Siyasi reaksiya     5487

Bu gün Mətbuat Şurasının sədri Əflatun Amaşov, sədr müavini Umud Rəhimoğlu və ölkənin bir qrup media nümayəndəsi mərhum jurnalist Rasim Əliyevin üç mərasimində iştirak edib.

Reaksiya.az xəbər verir ki, Əflatun Amaşov mərasimdən sonra jurnalistlərin suallarını cavablandırıb.

O vurğulayıb ki, Mətbuat Şurası elə ilk gün Rasim Əliyevin ölüm faktı haqda bəyanat verərək hadisəni pisləyib və cinayətkarların tezliklə tapılıb öz cəzalarına çatacağını deyib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu olayla bağlı müvafiq qurumlara, xüsusilə Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa göstəriş verib. Mən Mətbuat Şurasının sədri kimi inanıram ki, hadisə tez bir zamanda təfsilatı ilə tam olaraq araşdırılacaq və hansı səbəbdən baş verdiyi, hadisənin kimlər tərəfindən törədildiyi bilinəcək. Onlar kimlərdisə haqlı cəzalarını alacaqlar”.

Mətbuat Şurasının sədri jurnalistin döyüldüyü gün ölkədə olmadığını və Azərbaycana dünən gəldiyini bildirib: “Gələn kimi mərhumun ailəsinə baş çəkdim, bağsağlığı verdim və yaxınlarına səbr dilədim. Bu gün isə üç mərasimində iştirak etdik”.

Jurnalistin “Bu hadisə bir daha onu göstərdi ki, sosial şəbəkələrdə yazılan təhqiramiz ifadələr nəticədə ölümlə nəticələnir. Belə halların təkrarlanmaması üçün hansı üsullara əl atmaq lazımdır?” sualına Əflatun Amaşov belə cavab verib: “Ümumiyyətlə, sosial şəbəkələrdə bu cür yazışmaların qarşısını almaq və tənzimləmək qeyri mümkündür. Yalnız bu, şəbəkələrin daxili imkanları hesabına baş tuta bilər. Gəlin, etiraf edək ki, nəinki Azərbaycanda, dünyanın digər ölkələrində də yazılan statuslarla bağlı müəyyən anlaşılmazlıqlar olur. İnsanlar belə olan halda problemlərini zor müstəvisində həll etməyə çalışırlar. Biz düşünürük ki, heç bir fikrə, qəzet yazısına, televiziya reportajına, statusa görə insanlara qarşı zor tətbiq etmək, onları öldürmək düzgün deyil. Şəbəkələrdə kifayət qədər alçaldıcı, kəskin statuslar olur. Buna isə hər insan dözə bilmir, çünki bütün insanların dözüm səviyyəsi eyni deyil”.

Qeyd edək ki, jurnalist Rasim Əliyevə xəsarət yetirməkdə təqsirləndirlən 6 nəfər barəsində Səbayel Rayon Məhkəməsinin tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həbs edilənlər arasında futbolçu Cavid Hüseynov və onun bibisioğlu Elşən İsmayılov da var.

Xatırladaq ki,  avqustun 8-də saat 18.00 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən “Bayıl market” mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, aldığı xəsarətlərdən avqustun 9-da saat 05.00 radələrində orada vəfat edib.

Cinayət işinin istintaqı Azərbaycan prezidenti İlham Əliyevin şəxsi nəzarətindədir.

Şərhlər

Çox oxunanlar