Bakı-NATO əməkdaşlığını labüd edən – Səbəb
05.04.2019 14:11 Siyasi reaksiya 975
Azərbaycanın digər qurumlarla yanaşı, NATO-da nüfuzu getdikcə artır.
Bunu Axar.az-a NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycanla bağlı açıqlamasına münasibət bildirən “Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Ekspert bildirib ki, Azərbaycanın mövqeyinin NATO-da möhkəmlənməsinin əsas səbəbi mühüm qlobal iqtisadi layihələrə imza atmasıdır:
“Geosiyasi və geoiqtisadi layihələr Azərbaycanın dünyada bir aktor kimi rolunu daha da yüksəldir. Bu mənada NATO Baş katibinin alyans üzvlərinin Bakı-Tiflis-Qars dəmir yolundan Əfqanıstana və geriyə daşımalar zamanı istifadə etməsini xüsusilə vurğulaması layihənin önəmindən, Azərbaycanın regionda əsas iqtisadi və nəqliyyat ölkəsi kimi tanınmasından xəbər verir. Azərbaycan nəqliyyat, infrasturuktur imkanlarını genişləndirməklə NATO üçün də rolunu və əhəmiyyətini artırmış olur”.
Politoloq hesab edir ki, NATO-nun Azərbaycana bu qədər önəm verməsi Qarabağ məsələsinin həllində də müsbət rol oynaya bilər:
“Bu əməkdaşlıq torpaqlarının 20 faizi işğal altında olan bir ölkə kimi Azərbaycanın birbaşa xeyrinədir. Çünki alyans Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə bir vəziyyətdə münasibətlərin yeni səviyyəsi labüddür”.
Ekspert bu fonda Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivlərinə də toxunub:
“Azərbaycan müstəqil siyasət yürüdür və ərazisində heç bir ölkənin hərbi bazası yoxdur. Bu, NATO üçün çox əlverişlidir və son zamanlar Bakının alyansda artan rolu da məhz bundan qaynaqlanır. Azərbaycan bu gün NATO-nun bəzi proqramlarında iştirak edir və alyansın geniş hərbi təcrübəsindən yararlanır. Ölkəmizin NATO ölkələri ilə, əsasən də Türkiyə ilə hərbi əməkdaşlığı var və gələcəkdə bu əlaqələrin səviyyəsi daha da arta bilər. Düzdür, Azərbaycanın NATO-ya üzvlüyü məsələsi gündəmdə deyil, ancaq müstəqil siyasət yürüdən ölkəmiz gələcəkdə müxtəlif xarici istiqamətləri götürə bilər”.
Şərhlər