“Xalq diplomatiyası” qayıdır? - Elmar Məmmədyarovun fikrinə reaksiyalar gəldi
08.04.2019 12:20 Siyasi reaksiya 939
Fəzail Ağamalı: “Biz ermənilərin düşmənçilik münasibətinə nöqtə qoymalıyıq”
Aydın Mirzəzadə: “Jurnalistlərin qarşılıqlı səfərlərinə müsbət baxıram
Xarici işlər naziri Elmar Məmmədyarov son müsahibəsində Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərinin mümkün olduğunu deyib. “Biz bu barədə danışıqlar aparırıq”, - deyə o bildirib. Onun bu fikri “xalq diplomatiyası” məsələsini yenidən aktuallaşdırıb.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bu fikirlərin təsadüfi səslənmədiyini düşünür: “Düşünürəm ki, bu, Azərbaycan prezidenti cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında əldə olunan razılığa əsasən aparılır. Xarici işlər naziri Elmar Məmmədyarov belə bir razılıq əldə edilmədən heç bir halda həmin açıqlamaları verə bilməz və verməz də. Bu, birmənalı şəkildə belə başa düşülməlidir. Ancaq baxaq görək, onun söyləmiş olduğu ”xalq diplomatiyası" və onun ayrı-ayrı elementlərinin həyata keçirilməsinə Ermənistan riayət edəcəkmi? Açığı, buna şübhəli yanaşıram. Xatırlayırsınızsa, Azərbaycan ziyalıları, əslən Qarabağdan, Şuşadan olan mədəniyyət xadimləri Şuşaya getmişdilər. Bu səfər bizim hörmətli Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun rəhbərliyi altında baş tutdu. Ermənistandan da Azərbaycana nümayəndə heyəti gəldi. Sonradan Ermənistanın bu istiqamətlərdə addımlar atdığının şahidi olmadıq. Bəlli oldu ki, bütün bunların hamısı görüntü xarakteri daşıyır, Ermənistanın niyyəti işğal olunmuş torpaqlarımızda qalma zamanını uzatmaq, status-kvonu qoruyub saxlamaqdır. Onu da xatırlayırsınızsa, Ermənistanın eks- prezidenti Serj Sərkisyan Avropa Şurasına getdi, orada rəhbərlik etmiş olduğu cinayət əməllərinə haqq qazandırdı, öz xalqına müraciət etdi ki, biz Qarabağı aldıq, gələcək nəsillər bunu möhkəmləndirib Azərbaycanın digər ərazilərini də işğal etmək üçün hərəkət etməlidirlər. Bu cür düşüncə ilə “Xalq diplomatiyası” iflasa uğradı.
Baxaq görək yenə də erməni hiyləgərliyi və riyakarlığıdırmı? Mənə elə gəlir ki, bu, belədir. Bu fikirdəyəm ki, indi Azərbaycan öz torpaqlarını qəhrəman və igid silahlı qüvvələrimizin əli ilə azad etməlidir. Baş komandanımız İlham Əliyevin kəskin, qətiyyətli və vətənpərvər mövqeyi ortadadır. Bu gün Azərbaycan ordusuna Zakir Həsənov kimi peşəkar, vətənpərvər, qətiyyətli bir vətən övladı rəhbərlik edir. Eyni zamanda, Azərbaycan qəhrəman və igid zabitləri və əsgərləri hər an ali baş komandanın əmrinə müntəzirdir. Aprel döyüşləri də bunu sübut etdi. Bu yaxınlarda Zakir Həsənov Ermənistanın müdafiə nazirinin vermiş olduğu sayıqlamalara çox tutarlı, kəskin, Azərbaycan xalqının ürəyindən olan cavabı verdi. Xalqımızla prezidentimiz sıx ittifaqdadır. Prezidentimizin həyata keçirmiş olduğu daxili siyasət, son dövrlərdə islahatların dərinləşməsi, onların xalqımızın həyat səviyyəsinin yüksəldilməsinə hesablanması xalqla prezident arasındakı ittifaqı daha da möhkəmləndirib. Ordumuz xalqımızın sevgisi, qayğısı ilə əhatə olunub. Eyni zamanda, artıq bütün dünya da haqq işinin Azərbaycanın yanında olduğunu bilir, qəbul edir. Bizim kifayət qədər BMT və digər beynəlxalq qurumlar səviyyəsində Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğala məruz qalması və bu torpaqların azad edilməsi ilə bağlı ciddi sənədlər ortadadır. Azərbaycanın bu gün ordusu dünyanın ən inkişaf etmiş orduları sırasındadır, 52-ci yerdədir. Ona görə də bütün bu amillərdən istifadə edərək biz zamanında əlimizə düşən şəraitdən istifadə edib torpaqlarımızı azad etməliyik. Ermənilərin hiyləgərliyi və riyakarlığı 200 ildən çoxdur ki, bizə böyük faciələr gətirib, tarixi torpaqlarımız işğal oluna-oluna gedib. Nəticədə ərazilərimizdə Ermənistan kimi qondarma dövlət yaranıb. Biz ermənilərin türk dünyasına, Azərbaycana qarşı düşmənçilik münasibətinə nöqtə qoymalıyıq. Bu nöqtəni də ali baş komandan başda olmaq, qəhrəman və igid silahlı qüvvələrimiz edə bilər. Bütün millətimiz, şəxsən mən də bu millətin bir övladı, millət vəkili kimi gözləyirəm".
YAP-çı deputat Aydın Mirzəzadəyə görə, “xalq diplomatiyası” o vaxt fəaliyyət göstərir ki, hökumətlər problemin həlli ilə bağlı heç bir addım atmır: “Ancaq Ermənistanın torpaqlarımızın bir hissəsini işğalının aradan qaldırılması üçün Azərbaycan hakimiyyəti maksimum fəaliyyət göstərir, dünya ictimaiyyətinin diqqətini də buna yönəldir. Ermənistan ərazi bütövlüyümüzü tanımaqdan imtina etdiyinə görə Azərbaycan humanitar əlaqələri də məhdudlaşdırıb. Torpaqlarımız işğaldan azad edilməyənə qədər heç bir əlaqələrin qurulmayacağı barədə Ermənistana dəfələrlə mesajlar verilib. Ancaq son dövrdə belə bir təklif oldu ki, müəyyən əlaqələrin bərpa edilməsi nəzərdən keçirilsin. Jurnalistlərin qarışıqlı səfərləri də mümkün olan bir variantdır. Hesab edirəm ki, bu, Ermənistan mətbuatında Azərbaycanla bağlı yeni bir informasiyanın olmasına kömək edər. İnkişafdan geri qalan Ermənistanın jurnalistləri Azərbaycana gəldikdə öz ölkələrinin torpaqlar işğal etməklə nə qədər itirdiyinin, inkişafdan nə qədər geri qaldığının şahidi olacaqlar. Bu baxımdan jurnalistlərin nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkil olunmasına müsbət baxıram. Həmçinin bu, problemin həlli üçün variant deyil. Bu, Azərbaycanın Ermənistanla əlaqələrinin bərpa edilməsini və işğal faktorunun arxa plana keçirilməsi deyil. Elmar Məmmədyarov maraqlı bir mövqe də bildirdi. O dedi ki, mənimlə məsələni müzakirə etmək istəməyənlər cənab Zakir Həsənovla etməli olacaqlar. Bununla da ordu faktorunun münaqişənin həllində çox ciddi bir məsələ olduğu bir daha həm Ermənistanın, həm də ATƏT Minsk qrupunun həmsədrlərinə çatdırıldı”.(musavat.com)
Şərhlər