ABŞ-dan Qarabağla bağlı SENSASİON TƏKLİF - Pompeonun dəvətinin SİRRİ ORTAYA ÇIXDI

19.04.2019 12:16     Siyasi reaksiya     926

ABŞ tərəfi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələri davam etdirmək üçün növbəti görüşü Vaşinqtonda keçirməyi təklif edib.

Publika.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ötən gün Varşavada keçirdiyi brifinqdə açıqladı.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara münasibət bildirən nazir aprelin 15-də Moskvada keçirilmiş görüşü xatırladıb.

"Bizə danışıqlarda irəliləyiş lazımdır. Deyə bilərəm ki, bu baxımdan elə də nikbin deyiləm, amma real danışsaq, səyləri ikiqat artırmaq lazımdır. Rusiya bunu edir, son görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak etdi. Dünən isə ABŞ-dan təklif aldıq. ABŞ dövlət katibi (Mayk Pompeo – red.) də danışıqlarda irəliləyişə nail olunmasına töhfə vermək niyyətindədir", - E.Məmmədyarov deyib.

Azərbaycan XİN rəhbərinin bəyanatına İrəvanın cavabı özünü çox gözlətmədi. Hazırda Parisdə səfərdə olan Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Vaşinqtonda görüşünün birtərəfli elanına görə, Azərbaycan XİN başçısını tənqid edib, amma dəvət faktını təkzib etməyib.

Hazırda Parisdə olan Ermənistan Xarici İşlər Nazirliyinin başçısı Zoqrab Mnatsakanyan isə “Fiqaro” nəşrinə müsahibəsində bildirib ki, nizama salınma yalnız siyasi ola bilər və danışıqların tək formatı ATƏT-in Minsk Qrupudur.

Ermənistan XİN başçısını açıqlamasını şərh edən “Lragir” qəzeti hesab edir ki, başqa sözlə, “Lavrov plan”, “Bolton planı” və başqaları hər üç həmsədrin onlarla razılaşacağı halda müzakirə edilə bilər.

“Pompeonun dəvəti, əlbəttə, balansı saxlamaq və Qarabağ münaqişəsinin nizama salınmasında Moskvaya müstəsna hüquq verməmək niyyəti ilə ola bilər. Digər tərəfdən, ABŞ bir matris üzrə müxtəlif münaqişələrin nizama salınmasının fasilitasiyasını öz üzərinə götürməyə çalışır və bu planda konseptual bəyanatlar hazırlanır. ABŞ dünyada münaqişələrin həlli üçün hansısa universal sxemləri tapmağa çalışır və öz variantlarını təklif edir. Məsələn, Kosovo və Krımla bağlı məsələdə “ikiqat suverenlik” variantı təklif edilir”, - nəşr yazıb.

Bu variantın Dağlıq Qarabağ münaqişəsinin “güzəştli” həlli üçün də təklif edilə biləcəyi də istisna edilmir.

“Lragir” hesab edir ki, amma bu strateji perspektivdir və ABŞ taktiki rejimdə Azərbaycan və Ermənistana təmas xəttində insidentlərin araşdırılması mexanizmlərinin tətbiq edilməsini təklif edə bilər. Nəşr xatırladır ki, Vaşinqtonda bu haqda hələ 2016-cı ilin yanvarında danışırdılar.

Reaksiya.az

Şərhlər