İrəvan təşvişdə: Tiflis Qarabağı “yandıra” bilər
10.07.2019 12:52 Siyasi reaksiya 876
Ermənistanda bu günlərdə Gürcüstanda baş verən hadisələrlə bağlı ciddi narahatlıq keçirirlər. Bir çox erməni ekspert hesab edir ki, Gürcüstandakı qeyri-sabitlik iqtisadi baxımdan zəif ölkələr üçün olduqca təhlükəlidir. Demək olar ki, bütün qonşularına qarşı ərazi iddiaları olan Ermənistan Gürcüstandakı xaosdan daha çox əziyyət çəkə bilər.
Axar.az xəbər verir ki, məsələyə münasibət bildirən Ermənistan Demokratik Partiyasının lideri Aram Sərkisyan Gürcüstandakı proseslərin bütün regiona, o cümlədən Ermənistana da təsiri olacağını qeyd edib.
Onun sözlərinə görə, regionda sabitliyi poza biləcək istənilən addım Qarabağda ciddi nəticələrə səbəb ola bilər. Partiya sədri bununla bağlı Ermənistan hökumətini Qarabağda sabitliyin pozulmasına imkan verməməyə çağırıb.
“Hazırkı şərtlərdə Ermənistan hökuməti Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyini təmin edəcək addımlar atmalıdır”, - Sərkisyan bildirib.
Yenidən Rusiyanın qanadları altında gizlənmək
İrəvanla Moskva arasında münasibətlərə toxunan Sərkisyan qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq hakimiyyətin sükanı arxasında kimin oturmasından asılı deyil. Onun sözlərinə görə, bütün bunlar Ermənistan üçün dərs olmalıdır və İrəvan qonşu ölkənin təcrübəsinə əsaslanaraq cəmiyyətin parçalanmasına səbəb olmayacaq xarici siyasət aparmalıdır.
“O cümlədən siyasi spekulyasiyalarla da məşğul olan bir sıra vətəndaşlarımızın fəaliyyətlərinin necə təhlükəli olduğunu anlamalarını istərdim. Cəmiyyət Qərb və rusiyayönlülərə parçalana bilər. Gürcüstandakı hadisələr hər birimiz üçün dərs olmalıdır”, - Sərksiyan bildirib.
Şərhlər