Ermənistanın yeganə nicat yolu: İrəvan işğalçılıq siyasətinə son qoymalıdır

28.08.2019 15:27     Siyasi reaksiya     1091

Hikmət Babaoğlu: "Əks təqdirdə Azərbaycanın yumşaq güc vasitəsi ilə Ermənistana qarşı təzyiq siyasəti qaba güc vasitələri ilə əvəzlənə bilər"

“Ermənistandakı vəziyyət son 16 ayda aparılan yarıtmaz siyasətin, küçə siyasətinin nəticəsidir”.  Bunu Sherg.az-a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib. 

Deputat bildirib ki, daxili siyasi prosesləri və 16 aylıq xarici siyasəti təhlil edərək bu qənaətə gəlmək olar ki, Ermənistan özünü tamamilə təcrid vəziyyətinə salıb: 
“Region dövlətləri ilə münasibətləri daha da gərginləşdirmək siyasəti Ermənistanın xarici siyasətini iflasa uğradıb. Problemlərin səbəblərindən biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Paşinyan və onun siyasi komandasının vaxtaşırı bir-birini təkzib edən zidd və populist bəyanatlar verməsidir. Əlbəttə, danışıqların dalana dirənməsi mütləq şəkildə Azərbaycanın təzyiqi ilə üzləşəcəkdi. Azərbaycan rəsmi və qeyri-rəsmi kanallarla 16 ay müddətində Ermənistana təzyiq rıçaqlarını işə salaraq ciddi təsir göstərməyə başladı. Bilirsiz ki, Azərbaycan beynəlxalq münasibətlərin müstəqil, nüfuzlu aktorudur və ölkəmizin çoxsaylı tərəfdaşları var. Burda önə çıxan əsas məsələ isə bu vaxta qədər Ermənistanın tərəfdaşı olan dövlətlərin rəsmi Bakının apardığı siyasətin nəticəsində Azərbaycanın tərəfdaşına çevrilməsidir. Ermənistana ən böyük təzyiq də məhz həmin mərkəzlərdən gəlir”.

Parlament üzvü vurğulayıb ki, nəhayət 16 aydan sonra küçə demokratiyası “lider”inin komandası dərk etdi ki, bu cür siyasətlə özünütəcrid daha da dərinləşə bilər: 
“Anladılar ki, Dağlıq Qarabağı “Ermənistanın tərkib hissəsi” kimi təqdim etməklə mövcud vəziyyəti dəyişmək olmaz. Daha praqmatik axtarışlar tapmaq, konstruktiv diplomatiya istehsal etmək lazımdır ki, həm Paşinyan komandasının hakimiyyətə gələrkən vəd etdiyi daxili problemlər həll olunsun, həm də Ermənistan izolyasiyadan qurtulsun. Ermənistanda bu reallığı dərk etməyə başladıqları andan işğaldan çəkilmək haqqında düşünəcəklər. Bu da Ermənistanın yeganə nicat yoludur. Əks təqdirdə Azərbaycanın yumşaq güc vasitəsi ilə Ermənistana qarşı təzyiq siyasəti qaba güc vasitələri ilə əvəzlənə bilər. Artıq bunu müşahidə edirik. Ölkəmizin sərhədləri daha da möhkəmlənir, təmas xəttində ordumuzun mövqeləri güclənir. Bunlar Ermənistanın küçə siyasətçilərinin populist bəyanatlarına qarşı atılan real addımlardır. Bir sözlə, Ermənistan hökuməti işğal faktına nə qədər tez son qoyarsa, bir o qədər ermənilərin xeyrinə olar.

Reaksiya.az

Şərhlər