Siyasi partiyaların seçki siyahısı hazırdımı?

12.08.2015 12:54     Siyasi reaksiya     3652

Azərbaycan Respublikası Milli Məclisinə 1 noyabr 2015-ci ildə keçiriləcək növbəti seçkilərin təbliğat kampaniyasına start verilməsinə sayılı günlər qalıb.

Reaksiya.az ölkədəki siyasi partiyaların seçki kampaniyasına necə hazırlaşdığını, seçki siyahılarının hazır olub, olmadığını öyrənib.

Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə Yeni Azərbaycan Partiyasının seçki ilə bağlı fəaliyyətini mətbuata açıqlayıb: “Cari ilin noyabr ayında Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar YAP-nın Mərkəzi Seçki Qərargahı 10.08.2015-ci il tarixindən etibarən fəaliyyətə başlayıb. Bununla bağlı bir neçə gün öncə partiyanın mərkəzi qərargahında toplantı keçirilib. Artıq partiyanın Mərkəzi Seçki Qərargahının rayon təşkilatları şöbələri də fəaliyyət göstərir. Qeyd etdiyim iclasda bununla bağlı rayon təşkilatlarına müvafiq tapşırıq və tövsiyələr verilib”.

Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli seçki siyahısının artıq hazır olduğunu bildirib: “VHP Siyasi Şurası parlament seçkilərində iştirak qərarı verib. Demək olar ki, seçki dairələri üzrə irəli sürəcəyimiz namizədlərin siyahıları hazırdır. Hazırda bir sıra dəqiqləşdirmələr, son tamamlama işləri görülür. Demək olar ki, 80 seçki dairəsində namizədlər tam bəllidir, digər dairələr üzrə dəqiqləşdirmələr aparılır. Siyahımızda partiya rəhbərliyi, rayon təşkilat sədrləri və ziyalılar vardır”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli partiyada seçkiyə hazırlıq pörosesinin başa çatdığını söyləyib: “BAXCP partiyası faktiki olaraq  həm təşkilati, həm də təşviqat məsələləri ilə bağlı parlament seçkilərinə tam hazır vəziyyətdədir. Bütün bu məsələlərdə Qanunvericiliyə uyğun olaraq partiyanın müvafiq addımları atılacaq. Seçkiyə təbliğat kompaniyasına rəsmi start verildikdən sonra partiyanın namizədləri açıqlanacaq”.

Azərbaycan Milli İstiqlal Partiyasının baş katibi Arzuxan Əlizadə   partiya lideri Etibar Məmmədovun nazmidədliyini irəli sürəcəyinə aydınlıq gətirib: "Etibar Məmmədovun namizədliyini irəli sürəcəyi hələ ki, dəqiq məlum deyil. AMİP qərara alıb ki, seçkiyə heç bir siyasi bloka qoşulmadan tək getsin. Digər siyasi partiyalarla bərabər seçkidə iştirak etmək üçün əməkdaşlıq sazişləri imzalansın. Bu istiqamətdə də danışıqlarımız artıq başlayıb. Partiyanın seçki siyahısı dairələr üzrə demək olar ki, artıq hazırdır. Bəzi dairələr üzrə namizədlər tam dəqiqləşdirildikdən və yekunlaşdırıldıqdan sonra mətbuata açıqlanacaq”.

125-lər Siyasi Klubu və Ümid Partiyası parlament seçkilərində ilkin namizədlərini müəyyənləşdirib. Partiyanın mətbuata açıqlamasına görə “seçkilərə xeyli qalmış bu siyahıda dəyişiklik də ola bilər. Yeni namizədlər müəyyənləşə və ya dairələrdə dəyişiklik ola bilər. O cümlədən, avqustun 15-ə qədər dairədə namizədlərin dəqiqləşdirilməsi prosesi davam edir. Yaxın vaxtlarda yeni siyahı tamamlanacaq”.

 

Şərhlər

Çox oxunanlar