Əli Həsənov: “Söz və mətbuat azadlığı dövlət siyasətimizin tərkib hissəsidir”

12.09.2019 14:58     Siyasi reaksiya     824

“Azərbaycan hakimiyyəti söz və mətbuat azadlığının, KİV-in inkişafının təmin edilməsini dövlət siyasətinin tərkib hissəsindən biri hesab edir”.

Musavat.com-un müxbiri xəbər verir ki, bu sözləri Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının Bakıda keçirilən növbəti illik toplantısında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov səsləndirib. Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə gerçəkləşən, Asiya, Avropa və Afrikanın 20-yə yaxın ölkəsindən, o cümlədən Türkiyə, Hindistan, Banqladeş, Nepal, Kenya, Zimbabve, İraq, Kosovo, Makedoniya, Şri-Lanka, Tanzaniya, Uqandadan nümayəndələr, həmçinin ölkəmizin ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsilçilərinin iştirak etdiyi tədbirdə gələn qonaqları salamlayan Ə.Həsənov onlara Azərbaycan prezidenti İlham Əliyevin salamlarını çatdırıb: “Bizim üçün böyük etimad və şərəfdir ki, dünya ölkələrinin Mətbuat Şuralarının rəhbərləri növbəti toplantılarını bizim paytaxtımızda keçirirlər. Azərbaycan Milli Mətuat və digər KİV-lər 100 ildən artıq tarix çərçivəsində müxtəlif inkişaf mərhələləri keçərək ictimai həyatımızın hərəkət verici qüvvələrindən birinə çevrilib. 1991-ci ildə ölkəmiz müstəqillik qazandıqdan sonra qəbul olunan Konstitusiyamızda söz və fikir azadlığının öz əksini tapması ölkə mətbuatının yeni mərhələyə qədəm qoymasına səbəb oldu. Ulu öndərimiz Heydər Əliyev 1997-ci ildə avqustun 6-da imzaladığı fərmanla KİV üzərindən senzuranın ləğv edilməsi, azad və rəqbətli formada özünü tənzimləyən medianın inkişafı üçün perspektivlər açdı. Sonra dövrdə informasiyanın əldə olunması, Mili teleradio, informasiya əldə olunması, informasiya azadlığı, İctimai teleradio və sairlə bağlı zəruri qanunvericilik bazarı yaradıldı. Ötən 25 ildə KİV-in maddi texniki bazasının yüksəldilməsi istiqamətində addımlar atıldı, yerli kivlər ƏDV-dən azad dildi, ölkəyə gətirilən çap materilallarına gömrük rüsumları ləğv edildi, KİV-lərin borcları silindi, onlara uzunmüddətli kreditlərin verilməsi təmin edildi”.

Ə.Həsənov əlavə edib ki, əsasən yazılı medianın inkişafını təmin edən amillərdən biri də, 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan mediasına dövlət dəstəyi konsepsiyası qəbul edildi. 2009-cu ildə bu konsepsiyanı həyata keçirən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı.Bundan başqa, Azərbaycan Prezidentinin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" 2010-cu il 22 iyul tarixli sərəncamı ilə jurnalistlər üçün iki yaşayış binası tikilmiş, üçüncünün tikintisi isə davam edir. Bütün bunlar gün Azərbaycanda dünya standartlarına uyğun azad, plüralist medianın formalaşmasına böyük stimul yaradıb. Dövlət KİV-in müstəqil və hərtərəfli inkişafı üçün zəruri şərait təmin edib. Hazırda Azərbaycanda media orqanlarının ümumi sayı 5 mindən artıqdır. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet nəşr olunur. 300-ə yaxın xəbər və analitik sayt, 20-yə yaxın informasiya agentliyi , bölgələrdə 100-ə KİV fəaliyyətdədir.

1998-ci ildən sonra Azərbaycanda yeni özəl televiziya və radio kanalları açılmış, son illər kabel televiziyasının miqyası genişlənmişdir. Hazırda Azərbaycanda 11 ümumrespublika, 13 regional, 14 kabel, 25 internet, 4 peyk televiziyası, 14 radio fəaliyyət göstərir.2005-ci ildə Azərbaycan Dövlət Televiziyasının bazasında "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. Elə həmin il ikinci dövlət kanalının bazasında İctimai Televiziya və Radio Yayımları Şirkəti təsis edilmiş və fəaliyyətə başlamışdır. İctimai Televiziyanın maddi-texniki təminatı və real olaraq fəaliyyətə başlaması üçün bütün zəruri tədbirlər görüldü. Azərbaycanda 50-dən artıq jurnalist təşkilatı qeydiyyatdan keçmiş, 30-a yaxın təşkilat söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, KİV-in informasiya əldə etmək imkanlarının genişləndirilməsi, cəmiyyətlə KİV arasında münasibətlərin tənzimlənməsi və digər məsələlərlə aktiv məşğul olur. Ölkədə mətbuat yayımı həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı artıb”.

Ə.Həsənovun sözlərinə görə, hazırda Azərbaycanda internet istifadəçilərinin sayı ümumi əhalinin 80 faizindən çoxdur və bu göstəricilərə görə dünyada ön sıralardayıq: “Ölkəmizdə qeydiyyatdan keçmiş internet saytlarının sayı 20 mindən artıqdır. O cümlədən transmilli medianın fəaliyyəti üçün hər hansı problem yoxdur. Azərbaycan hakimiyyəti söz və mətbuat azadlığının, KİV-in inkişafının təmin edilməsini dövlət siyasətinin tərkib hissəsindən biri hesab edir”.

 

 

Şərhlər