Venesuela XİN başçısının müavini: "Çox böyük qürur hissi ilə Qoşulmama Hərəkatına sədrliyi Azərbaycana ötürəcəyik"
18.09.2019 13:53 Siyasi reaksiya 1136
"Bu ilin oktyabr ayında biz çox böyük qürur hissi ilə Qoşulmama Hərəkatının sədrliyini Azərbaycana təhvil verəcəyik. 58 ildir, mövcud olan, dövlətlərin beynəlxalq səviyyədə suverenliyini dəstəkləyən bu təşkilatın oktyabr ayında Bakıda XVIII sammiti baş tutacaq". Bunu APA-ya müsahibəsində Venesuela Xarici İşlər nazirinin Asiya, Yaxın Şərq, Okeaniya üzrə müavini Ruben Dario Molina deyib.
Nazir müavini bildirib ki, bu ilin iyul ayında Qoşulmama Hərəkatının Karakasda baş tutan görüşündə Venesuelanın ölkənin daxili işlərinə müdaxilənin əleyhinə olduğunu əks etdirən bəyanatı bütün 120 üzv dövlətə təqdim olunub: "Venesuela bir daha bəyan etdi ki, birtərəfli məcburi sanksiyalara, suveren dövlətlərə qarşı hədə qorxulara və ya hərbi güclərin istifadəsinə qarşı çıxır. Venesuela bu təşkilata sədrliyi qəbul edən zaman beynəlxalq aləmdə siyasi vəziyyət çox gərgin idi. Beynəlxalq hüququn pozulduğu və birtərəfli məcburi sanksiyaların tətbiq olunduğu bir zamanda, Venesuela sədrliyi öz üzərinə götürdü. Biz əminik ki, Azərbaycan hökuməti də BMT-nin Nizamnaməsi və beynəlxalq hüququn qorunması yolunu davam etdirəcək".
Cənab Molina Venesuelanın Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsinə öz dəstəyini ifadə etdiyini vurğulayıb: "Biz Azərbaycan tərəfi ilə daim təmasdayıq və bu üç il ərzində əldə etdiyimiz təcrübəni Azərbaycanla bölüşməyə hazırıq. Heç bir şübhəm yoxdur ki, Azərbaycan sədrlik dövründə çox böyük uğurlar əldə edəcək. Çünki Azərbaycan bir çox ölkənin, xüsusilə də Qoşulmama Hərəkatına üzv dövlətlərin dostudur. Bu mərhələdə bizdən asılı olan köməkliyi Azərbaycan tərəfinə göstərəcəyik. Qoşulmama Hərəkatı dünya səviyyəsində çox mühüm təşkilatdır. Təşkilata üzv dövlətlər də mühüm ölkələrdir. Yenə qeyd edirəm ki, biz istənilən köməkliyi göstərməyə hazırıq".
O, Venesuela Prezidenti Nikolas Maduronun Bakıda baş tutacaq sammitdə iştirakının nəzərdə tutulduğunu da bildirib.
Şərhlər