Prezident İlham Əliyev: "Konqresdən sonrakı dövr Azərbaycanda yeni texnoloji inkişaf dövrü olmalıdır"

30.10.2019 13:32     Siyasi reaksiya     755

Xəbər verildiyi kimi, Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhəri 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb.

Azərbaycan Respublikasının Prezidenti bu münasibətlə “Azərkosmos” ASC-nin sədrini qəbul edərkən geniş çıxış edib. Musavat.com Prezidentin nitqindən çıxarışlarları təqdim edir.

***


Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi haqqında qərar ölkəmizin siyasi nüfuzunun təzahürüdür

Bir neçə gün bundan əvvəl Vaşinqtonda keçirilmiş Beynəlxalq Astronavtika Konqresində növbəti Konqresin Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu, çox böyük hadisədir, bizim böyük qələbəmizdir və bu münasibətlə sizi təbrik etmək istəyirəm. Bilirəm ki, “Azərkosmos” və digər dövlət qurumları bu Konqresin Azərbaycanda keçirilməsi üçün böyük səylər göstərmişlər.

Bu Konqres yeni, müasir texnologiyalar sahəsində dünya miqyasında ən mötəbər beynəlxalq tədbirdir. Bu tədbirin əhəmiyyətini sübut edən məqamlardan biri də odur ki, Konqresin işində Amerikanın vitse-prezidenti cənab Pens iştirak etmişdir. Növbəti Konqresin Azərbaycanda keçirilməsi haqqında qərarın dəstəklənməsi əlbəttə ki, ölkəmizin siyasi nüfuzunun təzahürüdür, Azərbaycana olan inamın nəticəsidir.

"Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi haqqında qərar ədalətli qərardır"

Yadımdadır, bu ilin iyul ayında Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Azərbaycanda səfərdə idi. Mən onu qəbul etmişdim və ona öz niyyətimizi bildirmişdim ki, biz çox istəyirik, növbəti Konqres Bakıda keçirilsin. Çünki biz hesab edirik ki, bu, ədalətli olar. Çünki Azərbaycanda son illər ərzində müasir texnologiyalar, kosmik sənaye sahələrində əldə edilmiş uğurlar doğrudan da çox təsirlidir. Gənc müstəqil ölkə üçün qısa müddət ərzində belə nailiyyətlərin əldə edilməsi böyük hadisədir. İndi bizim 3 peykimiz var və Azərbaycanda kosmik sənaye inkişaf edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir.

"Bizə inanırlar, bizim siyasətimizə böyük dəstək göstərilir, Azərbaycanda gedən proseslərə dünya miqyasında böyük rəğbət var"

Bu qələbə bir daha ona görə önəmlidir ki, bizim çox güclü rəqiblərimiz var idi. Dörd şəhər Konqresin keçirilməsi üçün səy göstərirdi. Bakı ilə yanaşı, Sinqapur, Rio-de-Janeyro və Dehli şəhərləri. Yəni, həm təcrübə, həm də əhali baxımından Hindistanla Braziliya Azərbaycanla müqayisəedilməz səviyyədədir. Ancaq bu mübarizədə qələbə əldə etməyimiz əlbəttə ki, bizim nüfuzumuzdan xəbər verir. Beynəlxalq astronavtika aləmi bu dörd şəhərdən məhz Bakını seçib. Bizə inanırlar, bizim siyasətimizə böyük dəstək göstərilir, Azərbaycanda gedən proseslərə dünya miqyasında böyük rəğbət var. Təkcə bu ayın ərzində həm Türk Şurasına, eyni zamanda, dünyanın BMT-dən sonra ən böyük təşkilatına – Qoşulmama Hərəkatına sədrliyimiz bunun əyani sübutudur. Azərbaycanla birlikdə 120 ölkə yekdil qərarla Azərbaycanı Qoşulmama Hərəkatına sədr seçibdir və bu, doğrudan da böyük tarixi nailiyyətdir. Astronavtika Konqresinin 2022-ci ildə Bakıda keçirilməsi növbəti böyük qələbəmizdir. Mən bu hadisəni çox önəmli siyasi qələbə kimi qəbul edirəm.

"Beynəlxalq Astronavtika Konqresinin müstəqil Azərbaycanda keçirilməsi rəmzi məna daşıyır"

İctimaiyyətin diqqətini bir məsələyə də cəlb etmək istəyirəm. O da odur ki, 1973-cü ildə Sovet İttifaqı dönəmində Beynəlxalq Astronavtika Konqresi Sovet İttifaqında keçirilmişdir. Cəmi bir dəfə, o da Bakı şəhərində. O vaxt ulu öndər Heydər Əliyev Azərbaycanın rəhbəri kimi böyük səylər göstərmişdir ki, Sovet İttifaqında bu Konqres məhz Bakıda keçirilsin. Hesab edirəm ki, 2022-ci ildə - təxminən 50 ildən sonra müstəqil Azərbaycanda bu Konqresin keçirilməsi böyük rəmzi məna daşıyır. O vaxt biz müstəqil deyildik, ancaq Sovet İttifaqında məhz Bakı Astronavtika Konqresinin məkanı kimi seçilmişdir. Bu gün isə biz müstəqilik və müstəqil Azərbaycan bu böyük tədbirə ev sahibliyi edəcəkdir.

"Biz növbəti böyük uğura imza atdıq"

Növbəti 2-3 il ərzində konqresin keçirilməsi üçün böyük təşkilati işlər aparılmalıdır. Biz təqribən 6-7 min xarici qonaq gözləyirik. Bu qonaqlar dünyanın texnoloji gündəliyini müəyyən edən qurumların rəhbərləridir, nümayəndələridir. Ona görə vaxt gələndə Konqresin yüksək səviyyədə keçirilməsi üçün Təşkilat Komitəsi yaradılacaq və əlbəttə ki, əsas hazırlıq işlərini “Azərkosmos” öz üzərinə götürəcəkdir. Beləliklə, biz növbəti böyük uğura imza atdıq. İndi Konqres zamanı aparılan müzakirələr və gedən proseslər haqqında məlumat verin.

"Əminəm ki, Konqres Azərbaycanda ən yüksək səviyyədə keçiriləcək, minlərlə xarici qonaq ölkəmizə səfər edəcək"

Biz bu hüququ çox gərgin mübarizədə əldə etmişik. Bu, bizim ölkəmizin növbəti böyük qələbəsidir. Əminəm ki, Konqres Azərbaycanda ən yüksək səviyyədə keçiriləcək, minlərlə xarici qonaq ölkəmizə səfər edəcək, o qonaqlar ki, onlar bu gün dünyanın texnoloji gündəliyini müəyyən edir. Əlbəttə ki, bu, həm bizim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir və bununla bərabər böyük fürsətdir. Yəni, biz bu Konqresin Azərbaycanda keçirilməsindən çox böyük dividendlər əldə etməliyik. O mənada ki, beynəlxalq əməkdaşlıq daha da geniş vüsət almalıdır.

"Konqresdən sonrakı dövr Azərbaycanda yeni texnoloji inkişaf dövrü olmalıdır"

Azərbaycan artıq bir neçə ildir ki, kosmik klubun üzvüdür. Əlbəttə ki, müasir texnologiyaların inkişafı bizim gündəliyimizin əsas məsələlərindən biridir. Bu gün dünyanın inkişafı müasir texnologiyaların imkanından asılıdır. O ölkələr ki, bu texnologiyaları icad edir, yaxud da ki, onları tətbiq edir, o ölkələr daim uğur qazanacaqlar. XXI əsr texnoloji mübarizə əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır. Məhz buna görə Azərbaycan yüksək texnologiyaları inkişaf etdirən ölkələrdən biridir. Bundan sonra da kadr hazırlığı, texnoloji inkişaf, müasir texnologiyaların Azərbaycana gətirilməsi istiqamətində əlavə addımlar atılacaq. Siz də qeyd etdiyiniz kimi, hazırda artıq böyük biznes də bu sahəyə çox böyük maraq göstərir. Əslində inkişaf etmiş ölkələrdə müasir texnologiyalar, o cümlədən astronavtika sahəsində əldə edilmiş uğurlar böyük biznesin dəstəyi ilə baş verir. Biz elə etməliyik ki, dünyanın aparıcı biznes strukturlarından hansıların rəhbərləri Azərbaycanda keçiriləcək Konqresdə iştirak edəcək, onlar bu tədbirə qədər ölkəmiz haqqında geniş məlumata malik olsunlar. Ona görə növbəti 2-3 il ərzində sizin və digər aidiyyəti qurumların rəhbərləri gərək bu şirkətlərlə sıx təmaslar qursunlar. Konqresə hazırlıq dövrü elə olmalıdır ki, buraya gələcək qonaqlar artıq bizimlə müəyyən müxtəlif sahələrdə əməkdaşlıq etməyə hazır olsunlar. Ona görə Konqresin keçirilməsi çox önəmli hadisədir. Ancaq Konqresdən sonrakı dövr də az əhəmiyyət daşımır. Çünki Konqresdən sonrakı dövr Azərbaycanda yeni texnoloji inkişaf dövrü olmalıdır. Əlbəttə ki, genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi istiqamətində son illər ərzində əldə edilmiş təcrübə bizə imkan verəcək ki, Konqres ən yüksək səviyyədə keçirilsin.

Reaksiya.az

Şərhlər