Əli Həsənov: İslahatlar kursu dövlətin iradəsidir və bu iradəyə qarşı çıxanlar cəzalandırılacaq
30.10.2019 13:48 Siyasi reaksiya 767
İslahatlar kursu, Azərbaycan cəmiyyətinin, iqtisadiyyatının, siyasətinin, sosial həyatının bütün sahələr üzrə şəffaflaşdırılması, kölgədən çıxarılması dövlətin iradəsidir və bu iradəyə qarşı çıxanlar cəzalandırılacaq.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin təqdimatında çıxışı zamanı bildirib.
Ə. Həsənov bildirib ki, SƏLİS-in yaradılması, təqdimatının keçirilməsi bundan sonrakı dövrdə həm qrant verənlərin, həm qrant alanların, həm də bu xidməti həyata keçirənlərin işini həm yüngülləşdirəcək, həm də şəffaflaşdıracaq: “Azərbaycan dövləti 27 ildir ki, müstəqilliyini yaşayır, 1993-cü ildən başlayaraq Ümummilli Lider başda olmaqla, müstəqil Azərbaycanın dövlət quruculuğu prosesinin iştirakçılarıyıq. 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin ciddi dəstəyi ilə Konstitusiya qəbul olundu, çoxpartiyalı sistem əsasında parlament seçkiləri keçirildi və Azərbaycan dövlətinin gələcək inkişafının təməl prinsipləri müəyyən olundu. Bu təməl prinsiplərin siyasi yöndə əsas strategiyası ondan ibarət idi ki, Azərbaycan demokratik inkişaf, plüralist cəmiyyət quruculuğu, hakimiyyət uğrunda yarışın çoxpartiyalı sistemlilik əsasında həyata keçirilməsi, bazar iqtisadiyyatı kursunu seçdi, vətəndaş cəmiyyətinin formalaşması normalarını seçdi və bərqərar etdi”.
Prezidentin köməkçisinin sözlərinə görə, birinci onillik, 1993-2003-cü illər müstəqil Azərbaycan dövlətinin quruculuğu prosesi idi: “Dövlətin qarşısında çox mühüm və təxirəsalınmaz vəzifələr var idi. Buraya dövlətin təhlükəsizliyinin təmin olunması, ordu quruculuğunun həyata keçirilməsi, Əsrin Müqaviləsinin imzalanması və həyata keçiriliməsi, xarici tərəfdaş dövlətlərin tapılması və Azərbaycanın gələcək strateji inikşafının təməli olan neft-qaz kontraktlarının imzalanıb həyata keçirilməsi, Azərbaycanın beynəlxalq aləmlə münasibətlərinin qurulması, tərəfdaş ölkələrin sayının artırılması, qaçqın və məcburi köçkünə çevrilmiş vətəndaşların ən vacib problemlərinin həll olunması, məskunlaşdırılması daxildir. 2003-cü ildən Prezident İlham Əliyev Azərbaycana rəhbərlik edir. Prezident İlham Əliyevin bəyan etdiyi və həyata keçirdiyi kurs müstəqil Azərbaycanın modernləşdirilməsi, müasirləşdirilməsi və onun inkişafının qlobal dünyanın çağırışlarına uyğun olaraq yeni trendlər əsasında zənginləşdirilərək davam etdirilməsidir. Zaman var idi ki, xaricdə belə konfrans zallarını, bu tip elektron xidmətləri görəndə az qalırdıq ki, heyrətdən boğulaq. Bu gün Azərbaycan dövləti elə səviyyəyə gəlib çatıb ki, nəinki elektron hökumətdən, elektron xilmətlərdən, hətta rəqəmsal hökumət və rəqəmsal xidmətdən bəhs edə bilir. Prezident İlham Əliyevin 3 prezidentlik dövrü Azərbaycanın modernləşdirilməsi, ictimai, siyasi, sosial, iqtisadi həyatının yenidən qurulması və ölkədə vətəndaş məmnunluğunun təmin olunmasını əhatə etdi. Vətəndaş məmnunluğu ona göstərilən xidmətlərin asanlaşdırılması, rahatlaşdırılması və hamı üçün məqbul formaya salınmasıdır”.
Ə.Həsənov nəzərə çatdırıb ki, vətəndaşların məmnunluğunun təməlində onun sosial-iqtisadi və digər problemlərinin həlli, firavan həyatının təmin olunması, təhlükəsizliyinin təmin olunması, təşəbbüslərinin dəstəklənməsi dayanır: “Bu mərhələdə yaranan xidmətlərin, o cümlədən bu gün təqdimatında iştirak etdiyimiz SƏLİS-in də təməlində bu dövrün vətəndaş cəmiyyəti quruculuğu dayanır. 2007-2008-ci illərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə iki mühüm konsepsiya qəbul olundu. Bu konsepsiyalardan biri QHT-lərə, yəni vətəndaş təşəbbüslərinə dəstək idi. Bu konsepsiyanı reallaşdırmaq üçünq QHT-lərə Dövlət Dəstəyi Şurası yaradıldı. Şura şəffaf şəkildə formalaşdırıldı, üzvləri müxtəlif QHT-lərin təqdimatı ilə seçildi. 10 ildən yuxarıdır ki, Şura fəaliyyət göstərir və günü-gündən fəaliyyətini təkmilləşdirir, vətəndaşlara göstərdiyi xidmətləri müasir dünya səviyyəsinə gətirir, elektronlaşdırır və bu xidmətlərdə şəffaflığı təmin edir. Digər konsepsiya KİV-lərin inkişafına dövlət dəstəyi konsepsiyası və bununla bağlı Fondun (KİVDF) yaradılmasıdır. Fondun Müşahidə Şurası da KİV-lərin təqdim etdiyi siyahılar əsasında, şəffaf qaydada formalaşır, Prezident İlham Əliyev onları təyin edir. Mən bu gün Şura və Fondun fəaliyyətlərini müqayisə etmək istəmirəm. Amma görünən budur ki, Şura elektron xidmətə KİVDF-dən qabaq keçdi. Bu, yaxşı bir nümunədir. Düşününəm ki, KİVDF də bundan sonra KİV-lərə göstərilən dəstəyi təmas olmadan, elektron hökumət vasitəsi ilə həyata keçirə, bu xidməti yarada bilər. Ən əsası da KİV-lərə göstərilən dəstək də şəffafdır, orada qaranlıq bir məqam yoxdur. Hər bir qəzetə ayrılan yardım bəllidir, bu, ilin əvvəlində Fondun Müşahidə Şurasında redaktorların iştirakı ilə müzakirə olunur. Əsas məsələ jurnalist müsabiqələrinin keçirilməsidir. Fond ildə iki dəfə müsabiqə keçirir, hər müsabiqədə çoxlu sayda jurnalist mükafatlandırılır. O prosesi elektronlaşdırmağın vaxtı gəlib çatıb”.
Prezidentin köməkçisi vurğulayıb ki, 15 il ərzində iqtisadi, siyasi, sosial həyatın bütün sahələri yenilənib: "Nəqliyyat infrastrukturundan tutmuş mədəniyyət ocaqlarımıza, institutlarımıza, xəstəxanalarımıza, məktəblərimizə, yollarımıza qədər hər şey təzələnib. Bu gün Azərbaycan dünyanın inkişaf etməkdə olan ölkələri sırasında üçüncü yerdə dayanır. Azərbaycan bütün reytinq sorğularında öncül mövqeləri tutur. Bu da Prezident İlham Əliyevin 15 ildə vətəndaş məmnunluğu istiqamətində həyata keçirdiyi tədbirlərdir və bunun nəticələrini görürük. 2018-ci il prezident seçkilərindən sonra Prezident İlham Əliyev yeni bir kurs elan etdi. Bu gün sizinlə birlikdə o kursun nəticələrini görürük. İlk növbədə bu kurs ictimai, siyasi, sosial, iqtisadi həyatımızın şəffaflaşdırılmasından ibarət idi. Bütün postsovet ölkələrində, o cümlədən dünya ölkələrində olduğu kimi, Azərbaycanda da hələ kölgə iqtisadiyyatı mövcuddur. Hələ də ayrı-ayrı iş adamları dövlətin vergilərini tam şəkildə ödəmir, ödəmək də istəmir. Ayrı-ayrı sahələrdə monopoliya mövcuddur və monopoliyanın bəzi xətləri dövlət qulluqçularına gedib çıxır. Keçən dəfə Prezident İlham Əliyev iqisadi müşavirədə bu məsələlərə toxundu. İslahatlar kursu, Azərbaycan cəmiyyətinin, iqtisadiyyatının, siyasətinin, sosial həyatının bütün sahələr üzrə şəffaflaşdırılması, kölgədən çıxarılması dövlətin iradəsidir və bu iradəyə qarşı çıxanlar cəzalandırılacaq. Şəffaflaşdırma bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar kursunun əsasını təşkil edir. Bu islahatlar kursu dövlət idarəçilik sisteminin struktur islahatlarından, idarəçilik sisteminin təkmilləşdirilməsindən başladı. Bu gün zərurəti şübhə doğuran qurumların ləğv olunması, birləşdirilməsi, orada çalışan insanların digər lazım olan sahələrə yerləşdirilməsi həyata keçirildi. Bunun ardınca iqtisadi islahatların konturları elan olundu. Dövlət büdcəsindən tutmuş xidmət sahələrinə, vergi yığımından tutmuş sahibkarlıq sahəsinə qədər həm struktur, həm dövlət idarəçilik sisteminin, o cümlədən sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi həyata keçirilir. Bu gün bu şəffaflaşdırma elə bir mərhələyə qədəm qoyub ki, hər bir vətəndaş QHT-lər, KİV-lər, millət vəkilləri vasitəsi ilə bu prosesdə iştirak edir”.
Şərhlər