Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Sergey Lavrovun fikirləri ilə bağlı bəyanat yayıb

13.11.2019 14:06     Siyasi reaksiya     666

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun fikirləri ilə bağlı bəyanat yayıb.

Trend bəyanatı təqdim edir: "Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq bəyan edirik ki, Sergey Lavrov kimi təcrübəli bir diplomatın bu cür ifadələr səsləndirməsi ciddi təəssüf və təəccüb doğurur.

Keçən ay Rusiyanın Soçi şəhərində keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxış edən Prezident İlham Əliyev bu məsələyə aydınlıq gətirərək bildirmişdi ki, “Dağlıq Qarabağ xalqı” anlayışı yoxdur. Dağlıq Qarabağın əhalisi var, münaqişə başlayana qədər bu, bərabər hüquqlara malik olan Azərbaycan və erməni əhalisindən ibarət idi. Dağlıq Qarabağın Azərbaycan əhalisi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində işğal olunmuş digər 7 rayonun əhalisi kimi etnik təmizləməyə məruz qalmışdır.

Münaqişənin həllinə məsul olan ATƏT-in Minsk prosesi çərçivəsində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları maraqlı tərəflər kimi müəyyən olunmuşdur. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mühüm beynəlxalq təşkilatların sənədlərində də heç vaxt “Dağlıq Qarabağ xalqı” məfhumu qeyd edilməyib.

Xatırlatmaq istərdik ki, 2019-cu il də Rusiyanın da təmsil olunduğu ATƏT-in Minsk qrupunun həmsədrləri iki dəfə regiona səfər edib və hər iki səfərin yekun birgə bəyanatlarında Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları ilə görüşdüklərini ayrıca qeyd ediblər.

Sergey Lavrovun brifinqdə səsləndirdiyi fikirlər həm də ona görə təəssüf hissi doğurur ki, o, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ətraf 7 rayondan 1 milyondan çox köçkün düşmüş azərbaycanlının öz torpaqlarına geri qayıtmaq hüququnu brifinqdə vurğulamır.

Azərbaycan üçün hansı həll variantının məqbul olmasına gəldikdə isə, o, Azərbaycanın bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunması, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından ibarətdir. Bu, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktının tələbidir.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov özü də beynəlxalq tədbirlərdə çıxışı zamanı BMT Nizamnaməsinə riayət edilməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb edir və buna görə digər dövlətləri tənqid edir.

Biz Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq bir daha bəyan edirik ki, icmamızın 80 mindən çox azərbaycanlı üzvü öz yurduna geri qayıdacaqları günü gözləyir. Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində vasitəçilik missiyası həyata keçirən həmsədr dövlətlərdən və nüfuzlu beynəlxalq təşkilatlardan ədalətli mövqe gözləyirik. Yalnız bundan sonra Dağlıq Qarabağda sülh bərqərar ola və keçmişdə olduğu kimi, azərbaycanlılarla ermənilər sülh şəraitində Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində yaşaya bilərlər".

Reaksiya.az

Şərhlər