Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir

15.11.2019 14:18     Siyasi reaksiya     779

Paytaxtımızda Dünya dini liderlərinin II Bakı Sammiti başladı; Prezident İlham Əliyev: “Uğurlu gələcəyimizin əsas şərti sabitlikdir”

Noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Bakı Sammiti öz işinə başlayıb. Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən sammitdə dünyanın 5 qitəsindən 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərləri iştirak edirlər. İki gün davam edəcək sammitin yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunacaq.

AZƏRTAC ttps://azertag.az/ xəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sammitin açılış mərasimində iştirak ediblər. Sammit müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

Prezidenti İlham Əliyev nitqində deyib ki, ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz qazanıb(APA).

Dövlət başçısı bildirib ki, keçən ay Bakıda Qoşulmama Hərəkatının Zirvə Görüşünün yekun Bəyannaməsi də ədaləti əks etdirir: “Azərbaycan bu böyük təşkilata sədrliyi öz üzərinə götürüb. 120 ölkənin yekdil qərarı ilə Azərbaycan bundan sonra 3 il ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək”.

Prezident qeyd edib ki, Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir: “2003-cü ildən bu günə qədər ölkə iqtisadiyyatı 3,2 dəfə artıb. Savadlılıq 100 faizə yaxındır. Yoxsulluq son 16 il ərzində təxminən 50 faizdən 5 faizə düşüb. Azərbaycan texnoloji inkişafa böyük önəm verir, bu gün dünyanın məhdud sayda ölkələrinin yer aldığı kosmik klubun üzvüdür, 3 peykimiz var. Önəmli nəqliyyat layihələri icra edilir. Bu layihələr, sadəcə, nəqliyyat layihələri deyil, əməkdaşlıq layihələridir”.

İ.Əliyev vurğulayıb ki, uğurlu gələcəyimizin əsas şərti sabitlikdir: “Sabitliyin də təminatçısı Azərbaycan xalqı, onun rəyi, onun bizə verdiyi dəstəkdir. Xalq-iqtidar birliyi Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir. Eyni zamanda dinlərarası münasibətlər də bizim gücümüzü artırır. Hesab edirəm ki, əsas istiqamətlərdən biri dini ayrı-seçkiliyə yol verməmək, ksenofobiya, islamofobiya, antisemitizmə qarşı birgə mübarizə aparmaq, dindən siyasi məqsədlər üçün istifadə etməmək, münaqişələrə dini don geyindirməmək, münaqişə zamanı tarixi, dini abidələri dağıtmamaq və ənənəvi dəyərləri təbliğ etməkdir. Hesab edirəm ki, dediyim bu məsələlər Azərbaycanın bu istiqamətdəki siyasətini əks etdirir”.

 Dövlət başçısı deyib ki, dinlərarası dialoqdan danışarkən təkcə müsbət məqamların qeyd edilməsi ilə kifayətlənməməli, eyni zamanda münaqişələri din amilinə bağlamaq cəhdlərini də çox ciddi şəkildə pisləməliyik. Dövlət başçısı bildirib ki, bu nümunələrdən biri uzun illərdir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Prezident qeyd edib ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib: “Bu qətnamələrdə erməni silahlı qüvvələrinin bizim torpaqlarımızdan çıxarılması haqqında açıq-aydın müddəalar var. Ermənistan bu qətnamələrə məhəl qoymur. Digər beynəlxalq təşkilatlar - Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar oxşar qərar və qətnamələr qəbul edib. Münaqişənin həlli üçün yeganə yol Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır”.

“Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyinə nail olub, ancaq ilk iki ildə müstəqillik formal xarakter daşıyırdı. Demək olar ki, ölkə idarəolunmaz vəziyyətdə idi” deyən dövlət başçısı bildirib ki, xüsusilə 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi tərəfindən həyata keçirilmiş hərbi çevriliş nəticəsində vəziyyət daha da ağırlaşdı: “Azərbaycan dərin böhrana düçar oldu. Ölkəni xaos, anarxiya, özbaşınalıq bürüdü. Eyni zamanda dinlərarası, millətlərarası münasibətlərə böyük ziyan vuruldu. Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti tariximizin qara ləkəsidir. Bu, rüsvayçılıq dövrüdür. Təsadüfi deyil ki, Azərbaycan xalqı bu antimilli, satqın və qorxaq hakimiyyətə cəmi 1 il dözə bildi. Bir ildən sonra öz liderinə üz tutub, Heydər Əliyevi hakimiyyətə dəvət edib, ona ölkənin gələcəyini etibar edib”.

Prezident qeyd edib ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra ilk növbədə qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi istiqamətində önəmli addımlar atdı, erməni işğalının qarşısını aldı: “İşğal altındakı bəzi torpaqları Azərbaycan geri qaytara bildi. Ölkədə sabitlik bərqərar oldu, inkişaf yoluna qədəm qoyuldu”.

Sonra Prezident İlham Əliyevin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam oxunub. Dövlət başçısı İlham Əliyev “Heydər Əliyev” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib.

Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill çıxış edib.  Patriarx Kirill Rus Pravoslav Kilsəsinin birinci dərəcəli “Müqəddəs Seram Sarovski” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib.

Sonra İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkman, Misir Ərəb Respublikasının Nümayəndələr Palatası sədrinin birinci müavini Əl-Seyyid Mahmud əl-Şərif, Özbəkistan  prezidentinin dövlət müşaviri Rüstəm Qosimov çıxış etdilər.

Daha sonra Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlayn, KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibi Feysəl bin Muammar, Qüds/Yerusəlim ortodoks baş ravvini Şlomo Amar, BMT Baş katibinin humanitar məsələlər üzrə xüsusi məsləhətçisi Abdallah əl- Mətuq, Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Raşid Temrezov çıxış ediblər.

Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin dini işlər üzrə müşaviri əl-Said əl-Haşim, Vatikanın Dinlərarası Pontifik Şurasının İslam ilə dialoq departamentinin sədri Xaled Akaşe, “RABİTA” Müsəlman Dünyası Liqası Baş katibinin müavini Əbdüləziz Əhməd Sarhan və “Yaşamaq sənəti” beynəlxalq təşkilatının təsisçisinin xüsusi nümayəndəsi (Monqolustan Xambal Laması) Svami Divyateç çıxış ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bir daha sammitin əhəmiyyətini vurğulayaraq tədbirə gələn qonaqlara təşəkkürünü bildirib.

Reaksiya.az

Şərhlər