Dövlət başçısı həm Sumqayıt hadisələrinin, həm də erməni xislətinin əsl mahiyyətini açıqladı - Musa Qasımlı

22.11.2019 13:13     Siyasi reaksiya     808

Prezident İlham Əliyevin Sumqayıt şəhərinin əsasının qoyulmasının 70 illiyi ilə bağlı mərasimdə söylədiyi fikirlər gerçəklikləri əks etidir.

Bunu Trend-ə Milli Məclisin deputatı, tarixçi Musa Qasımlı deyib. Onun sözlərinə görə, həqiqətən də o dövrdə Azərbaycanda xalq ilə hakimiyyət arasında dərin uçurum yaranmışdı:

"Hakimiyyət qanadları arasında böhran baş vermişdi, Azərbaycanın müstəqilliyi təhlükə altına düşmüşdü. Ölkə xaricdən dəstəklənən separatçılıqla və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə çarəsiz qalan hakimiyyət xalqın tələbi ilə Naxçıvandan Ulu Öndər Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyevin Bakıya dəvət edilməsi müstəqil Azərbaycan dövlətçiliyini dağılmaqdan xilas etdi, xalqı vətəndaş müharibəsi təhlükəsindən qorudu və gerçək dövlət quruculuğuna başlanıldı".

M.Qasımlı, həmçinin vurğulayıb ki, mərasimdə Azərbaycan Prezidenti haqlı olaraq Sumqayıt hadisələrini erməni millətçilərinin təxribatı adlandırdı. Dövlət başçısı "Artıq neçə ildir ki, erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər. Tamamilə əsassızdır və cəfəngdir. Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir" deməklə, bu hadisələri yenidən olduğu kimi ictimaiyyətə xatırlatdı:

"Prezident İlham Əliyev Sumqayıt hadisələrdən danışarkən qeyd etdi ki, on nəfərə yaxın ermənini öldürən milliyyətcə erməni Qriqoryan və onun quldur dəstəsi idi - "Sonra nə baş verdi? İstintaqı Moskvadan gəlmiş qrup aparırdı, yəni, tam ədalətli aparırdı. Verilmiş bütün ifadələr, şahidlərin ifadələri, üzləşmələr sübut etmişdi ki, həmin o, Qriqoryan erməni xalqının nümayəndələrini qətlə yetirmişdir. O, həbs edilir, bütün sübutlar təsdiq olunur. Ondan sonra o, cəza çəkmək üçün Ermənistana göndərilir və ancaq orada sərbəst buraxılır. Bax, sual yaranır. On nəfərə yaxın ermənini öldürən bir qatili Ermənistan niyə sərbəst buraxır? Ona görə buraxır ki, o, onların tapşırıqlarını icra edirdi. Sumqayıt hadisələrindən istifadə edib Azərbaycana qarşı qarayaxma kampaniyası daha geniş vüsət almışdır və nəticə etibarilə Dağlıq Qarabağda münaqişə baş vermişdir. Mən dəfələrlə bunu demişəm, əgər, Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt Dağlıq Qarabağ münaqişəsi baş verməzdi, heç vaxt torpaqlarımız işğal altına düşməzdi" - Dövlət başçısı məhz bu çıxışı ilə həm Sumqayıt hadisələrinin, həm də erməni xislətinin əsl mahiyyətini açıqladı".

Reaksiya.az

Şərhlər