Arif Hacılı Sərdar Cəlaloğlunu özünə rəqib seçdi - ADP sədrindən reaksiya...

17.12.2019 13:46     Siyasi reaksiya     1139

Sərdar Cəlaloğlu: “Arif Hacılı İsa Qəmbər deyil”

Müsavat Partiyası gələn il 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı namizədlərini açıqlayıb. İddiaçılar sırasında əsas diqqətləri partiyanın hazırkı başqanı Arif Hacılının 15 saylı Yasamal I Seçki Dairəsindən namizədliyini irəli sürməsi çəkib. Bu da təsadüfi deyil.

Çünki ADP sədri Sərdar Cəlaloğlu günlər öncədən bu dairədən namizədliyini açıqlamışdı və “Yeni Müsavat”a verdiyi son açıqlamalarda Müsavatla iddiaçıların toqquşmaması üçün anlaşdıqlarını qeyd etmişdi.

Məlumat üçün onu da bildirək ki, 2010-cu ildəki parlament seçkilərində bu dairədən Müsavatın o zamankı başqanı İsa Qəmbər namizəd olmuşdu. Bunun indiki başqan üçün avantaj olduğunu düşünənlər var.

Məsələ ilə bağlı musavat.com-a Sərdar Cəlaloğlu bunları dedi: “Burada heç bir problem yoxdur. Arif bəy mənə demişdi ki, görüşüb razılaşarıq. Amma indi bu cür qərar verdilər, lap yaxşı. Əgər Arif Hacılı əvvəlcədən elan etsəydi, ümumiyyətlə, o dairədən namizədliyimi verməzdim. Bir haldakı məndən sonra namizədliyini verib, demək istəyir ki, mən orada mübarizə aparacam, buna da lap yaxşı deyirəm”.

S.Cəlaloğlu İ.Qəmbərin 9 il öncə namizəd olduğu dairədən indiki başqanın iddiasını irəli sürməsinin avantaj olduğu barədə deyilənlərə də münasibət bildirdi: “Axı, o zaman İsa Qəmbər deputat seçilməmişdi. Digər tərəfdən, nə Müsavat o dövrdəki Müsavatdır, nə də Arif Hacılı İsa Qəmbər deyil. Mən son prezident seçkilərində ikinci yerə çıxmış adamam. Özümə arxayınam. Bərabər seçki keçiriləcəyi təqdirdə, istənilən adamla rəqabət aparmağa hazıram. Arif Hacılının dairəmdən namizəd olacağı barədə heç düşünməmişdim. Onun bu dairədən namizəd olmasında heç bir problem yoxdur. Bundan heç narahat da deyiləm. Azərbaycanda hərənin öz seçicisi var. Seçicilərin səslərini almaq uğrunda mübarizə aparacağam. Alternativlərə qarşı mübarizə aparmaq fikrim yoxdur”.

Reaksiya.az

Şərhlər