BŞ Ermənistanı yeni inqilaba və Azərbaycanla sülhə hazırlayır - iddia
13.03.2020 12:34 Siyasi reaksiya 5677
Ayrılan böyük qrantın ilginc hədəfi; Vaşinqton “məxməri inqilab”dan və onun rəhbərindən məyusdur, Moskva isə Paşinyana etibar eləmir - səbəblər...
Ermənistanda 2018-ci il mayın 8-də baş tutmuş “məxməri inqilab”a ABŞ-ın real dəstəyi danılmaz faktdır. Bir çox amerikalı siyasilərin və təhlilçilərin də etiraf elədiyi kimi, konkret olaraq İrəvandakı ABŞ səfirliyi Serj Sərkisyan rejiminin, daha dəqiqi, Qarabağ klanının hakimiyyətdən uzaqlaşdırılmasında mühüm rol oynayıb - ilk növbədə də qərbyönlü erməni QHT-ləri və KİV-lərinə güclü maliyyə dəstəyi verməklə. O da məlumdur ki, Birləşmiş Ştatların Ermənistandakı səfirliyi əməkdaşlarının sayı və ərazisinə görə postsovet məkanında ən böyük diplomatik nümayəndəlik sayılır.
Vaşinqtonun inqilabda güddüyü əsas hədəf bəlli idi: hakimiyyətə qərbyönlü Nikol Paşinyanı gətirməklə Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırmaq. Bu məqsədlə Rusiyanın Azərbaycan və Ermənistana yeganə və güclü təzyiq rıçaqı olan Dağlıq Qarabağ məsələsində real irəliləyişə nail olunacağına ümid edilirdi.
*****
Lakin Paşinyan və onun “Amerika uşaqları”ndan ibarət komandası ümidləri doğrultmadı. “Məxməri” baş nazir bu missiyanı yerinə yetirə bilmədi. Daha doğrusu, Rusiyadan çəkindi. Bu harasıdır, Ermənistanın yeni rəhbərliyi ABŞ-ın qəzəbinə səbəb olsa da, Kremlin istəyi əsasında Suriyaya humanitar-hərbi missiya da göndərdi. Rusiyayönlü kurs indi də davam edir.
Ancaq ən maraqlısı odur ki, gizli “qərbçi” olan Paşinyan Moskvaya çoxsaylı reveranslra rəğmən, hələ də Kremlin, prezident Putinin etimadını qazana bilməyib. Moskva ona yenə şübhəli nəzərlərlə baxır. Hətta Nikol Paşinyanın hakimiyyətdə olduğu iki il ərzində Moskvaya nəzərdə tutulan ilk rəsmi səfəri Rusiya tərəfinin təşəbbüsü ilə keçən həftə ləğv olundu.
Baş verənlərin fonunda isə ABŞ-da hətta bir ara Nikol Paşinyanı başqası ilə əvəzləməyin zəruriliyi haqda danışmağa və yazmağa başladılar. Xüsusən də ABŞ prezidentinin mili təhlükəsizlik məsələləri üzrə sabiq köməkçisi Con Bolton 2018-ci ilin oktyabrında Bakıda və İrəvanda olduqdan və Paşinyana Trampın mesajlarını çatdırdıqdan sonra Ermənistan rəhbərliyi haqda qənaətlər xeyli daşlaşdı.
Həmin mesajlardan biri də bu idi ki, əgər Ermənistan bölgədə təhlükəsiz şəraitdə, normal inkişaf eləmək və Qərbin böyük maliyyə dəstəyini almaq istəyirsə, o zaman ən əvvəl iki qonşusu - Azərbaycan və Türkiyə ilə siyasi-diplomatik, iqtisadi-ticari əlaqələri qaydaya salıb Rusiyadan uzaqlaşmalıdır. Bunun yolu da təbii ki, işğal olunmuş Azərbaycan torpaqları məsələsində real irəliləyişdən keçir.
Eyni tezis Donald Trampın 2019-cu ilin yanvarında Nikol Paşinyana baş nazir seçilməsi ilə bağlı göndərdiyi məktubda əksini tapmışdı. Lakin Paşinyan nəinki Qarabağ məsələsində pozitiv yeniliyə imza ata bilmədi, üstəlik, özünün sərsəm və absurd bəyanatları ilə (“Qarabağ Ermənistanındır və nöqtə”) problemin çözümün bir az da qəlizə saldı. İstisna deyil ki, artıq Paşinyandan əlini üzən Vaşinqton özünün Ermənistanla bağlı planına ciddi düzəliş edib. Hətta ABŞ-ın Nikol Paşinyana alternativ hazırladığı və ən əlverişli fürsətdə onu tətbiq edəcəyi də mümkündür. Hədəf isə adətən vasitəni doğruldur. ABŞ-ın belə məsələlərdə stavka elədiyi əsas vasitə yerli QHT sektoru, mediadır.
*****
“Hazırda Ermənistanda fəaliyyət göstərən bir çox ictimai təşkilatlar bugünlərdə növbəti, olduqca böyük məbləğdə qrant alıb. Prosesdə ən maraqlısı odur ki, verilən vəsaitlər konkret məqsədlər üçün ayrılıb”.
“Yeni Müsavat” xəbər verir ki, bu barədə İrəvanda nəşr olunan “Past” qəzeti öz mənbələrinə istinadən yazıb.
Nəşrin iddiasına görə, qrantın hədəflərindən biri Ermənistanı Azərbaycanla sülhə hazırlamaq prosesi ilə bağlıdır. “Əgər Qarabağ konfliktinin nizamlanmasının hazırkı mərhələsindəki inkişaf fonunda baxsaq, bu informasiya diqqətə layiqdir. O sırada ”xalqları sülhə hazırlamaq" tezisi o qədər aktual olub ki, axır vaxtlar ona hətta ATƏT-in Minsk Qrupunun həmsədrləri öz bəyanatlarına xüsusi yer verməyə başlayıblar", - deyə qəzet qeyd edib.
Əlbəttə, sülhə ən birinci elə Ermənistan hazırlanmalıdır. Çünki işğalçı odur və beynəlxalq təşkilatların Azərbaycan torpaqlarından erməni silahlı birləşmələrinin qeyd-şərtsiz çıxmasını tələb edən qərar və qətnamələri var. Məhz erməni tərəfinə həmin sənədlərə qeyd-şərtsiz əməl etməyin zəruriliyini anlatmaq gərəkdir. Bunu Paşinyan hökuməti bacarmadı. Yaxud istəmədi. Halbuki özünün dediyi kimi, onun xalq arasında populyarlığı yüksəkdir. Demək, başqa birisi bunu edəcək. Çünki Azərbaycan işğal rejimi ilə barışmağa hazırlaşmır.
Durumun intriqalılığı həm də ondadır ki, Moskva da Nikol Paşinyana etibar eləmir və hələ də onun “gizli qərbçi” olduğu qənaətindədir. Azərbaycan atalar məsəlində deyildiyi kimi, doğrudan da, “Adamın adı çıxınca canı çıxsa yaxşıdır”. Paşinyanın öz canını və hakimiyyətini çarpaz təzyiqlərdən necə qoruyacağı yaxınlarda bilinəcək... (musavat)\
Reaksiya.az
Şərhlər