Keşikçi dağa hazırlanan hücumun arxasından İrəvan çıxdı - Təxribat planının DETALLARI
04.06.2020 13:00 Siyasi reaksiya 1448
Gürcüstan Pravoslav kilsəsi bu gün Keşikçi dağı məbəd kompleksində müqəddəs David Qarecenin xatirə gününü ilə bağlı ibadət tədbirləri keçirəcək. Ötən ilin iyul ayında Keşikçi dağı kompleksi ətrafında təxribata cəhd edən, bununla Azərbaycan-Gürcüstan münasibətlərini pozmağı planlaşdıran qüvvələr gürcü zəvvarların ibadətini yeni təxribat üçün fürsət hesab edirlər.
Publika.az 2 iyun tarixində təxtibatçıların iyunun 4-də məbəd kompleksində yeni təxribata cəhd edəcəklərinə dair məlumat yaymışdı. (Təxribatçılar iki gün sonra Keşikçi dağına hücum edəcək – Erməni sifarişi).
Dövlət Sərhəd Xidmətinin dünən yaydığı rəsmi açıqlama təxribat planlarının ciddi olduğu ehtimalını gücləndirdi. DSX-nın məlumatında bildirilir: “İyun ayının 4-də Azərbaycan-Gürcüstan dövlət sərhədində “Keşikçi dağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup şəxs tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə olunub. Əldə olunmuş məlumatlar barədə Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılıb. Dövlət Sərhəd Xidməti bununla əlaqədar rəsmi olaraq bildirir ki, dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar”.
Ötən il məlum təxribata əl atan qüvvələrin yenidən fəallaşdığı dəqiqdir. Gürcüstan Pravoslav kilsəsi məbəd kompleksində ibadətə hazırlaşdığı vaxt “David Qarecinin müdafiəsi komitəsi”nin rəhbəri Nikoloz Mcavanadze 31 may tarixində belə bir çağırış etdi: “İyunun 4-də Gürcüstan məbəd kompleksini geri qaytarmalıdır”.
Aralarında Nikolozun da olduğu təxribatçı qüvvələr ötən ilin iyulunda eyni çağırışla Azərbaycan sərhədçilərinə hücum etmişdi. Sərhədçilərimizin təmkinli davranışı, eləcə də iki ölkə rəhbərliyinin prosesə müdaxiləsi təxribatın qarşısı aldı. Hazırda iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə danışıqlar gedir və Keşikçi dağı məbəd kompleksinə zəvvarların, eləcə də turistlərin rahat girişi təmin olunub. İki ölkə rəsmiləri və ictimaiyyəti problemin sülh və danışıq yolu ilə həllini istədiyi və bu istiqamətdə səmimi müzakirələrin getdiyi vaxt özünü Gürcüstanın dövlət maraqlarının müdafiəçiləri kimi göstərən belə qüvvələr kimin əlinə oynayır?!
Ötən yazıda da qeyd etdiyimiz kimi, 2019-cu ildə baş verən sərhəd təxribatının və bu gün planlaşdırılan təxribatın arxasında Ermənistan dayanır. Bunu Bakıda da, Tbilisidə də yaxşı anlayırlar. Ermənistanın Azərbaycan-Gürcüstan münasibətlərini pozmaq üçün müxtəlif yollara əl atması ilk dəfə deyil.
N. Mcavanadzenin kimliyi və Ermənistan mediasında “4 iyun hazırlığı” bunu bir daha təsdiq edir.
Gürcüstan mediası N. Mcavanadzenin tapşırıqları Tbilisidəki Ermənistan səfirliyindən aldığını yazır. Bu şəxsin Ermənistanın maraqları kontekstində anti-Azərbaycan fəaliyyəti də bunu deməyə əsas verir.
Xeyr, Mcavanadze kimilər həqiqətən Gürcüstanın maraqlarını müdafiə edirlərsə, Bakı və Tbilisinin Keşikçi dağ məbəd kompleksi ilə bağlı məsələni iki ölkənin milli maraqlarına uyğun həll etmək istiqamətində apardığı müsbət danışıqları pozmağa çalışmaq əvəzinə, ermənilərin iddia etdiyi gürcü məbədlərini qorumalıdır. Ermənilər rəsmi olaraq, 442 gürcü məbədinə iddia edir. Gürcüstan mediası yazır ki, reyri-rəsmi rəqəmlərdə ermənilərin iddia etdiyi məbədlərin sayı 650-dir.
Hələ 2015-ci ildə Cavaxetiyanın Kumurdo kəndindən olan 180 erməni Gürcüstanın mədəni irsin mühafizəsi agentliyi tərəfindən Kumurdoda qədim gürcü kilsəsinin həyətində aparılan arxeoloji qazıntılarla bağlı Axalkalaki bələdiyyəsinin o vaxtkı sədri Eduard Aqasaryana, Gürcüstan parlamentinin deputatı Samvel Petrosyana və erməni apostol kilsəsinin keşişi Babkenu Salbiyana şikayət məktubu ünvanlamışdı. Şikayət məktubunda X əsrə aid gürcü kilsəsində aparılan arxeoloji qazıntılarda “erməni sümüyünün” tapıldığı iddia olunur və kilsənin ermənilərə qaytarılması tələb edilirdi. Halbuki, tarixçilər 1830-cu ilə qədər Kumurdodaa heç bir erməninin yaşamadığını təsdiqləyiblər.
Lakin gürcü məbədlərinə iddia edən ermənilər 2017-ci ilin oktyabrında Kumurdodakı kilsənin həyətinə erməni xaçı qoymaq istədi. Gürcüstan hüquq-mühafizə orqanları buna müdaxilə edəndə ciddi qarşıdurma baş verdi. Ermənistanın baş naziri Nikol Paşinyanın da 2018-ci ilin 30-31 may tarixində Gürcüstana səfəri zamanı Cavaxetiya erməniləri ilə keçirdiyi görüşlər zamanı bölgədəki erməni separatizmini ruhlandırdığına dair məlumatlar var.
Ermənistanın Gürcüstan ərazilərinə iddia etdiyi, hətta paytaxt Tbilisini belə ələ keçirmək planları məlumdur. Erməni diasporu/lobbisinin svanlar və meqrellər üzərindən separatizm addımları atdığına dair də məlumatlar var.
Mcavanadze kimi təxribatçılar isə Ermənistan səfirliyinin sifarişi ilə Gürcüstanın dövlət maraqlarını təhlükə altına atır. Sərhəddə növbəti təxribatın baş verməməsi üçün Gürcüstan dövləti və ictimaiyyəti diqqətli olmalıdır.
Bu təxribat planının arxasında Ermənistanın dayandığını sübut edən daha bir məqam isə iyunun 2-də “Lragir” saytının baş redaktoru Akop Badalyanın məqaləsidir.
Mayın 31-də Mcavanadze Ermənistan səfirliyinin sifarişi ilə “4 iyunda David Qaraceni almalıyıq” çağırışı edir, iyunun 2-də Badalyan “Gürcüstan sərhədində Bakı qoşunları” manşetini atır.
Badalyan iddia edir ki, “Ötən il Azərbaycan gürcü zəvvarları David Qarace məbədinə buraxmadı. Peyk fotoları isə sübut edir ki, Azərbaycan sərhədçiləri Gürcüstan ərazisində mövqe tutub. Azərbaycan Gürcüstanla sərhəddə hərbi qüvvələrini artırıb. Lazım olanda Azərbaycan Gürcüstanda azərbaycanlıların yaşadığı əraziyə, Türkiyə isə Batumiyə müdaxilə edəcək”.
Badalyan sonda Gürcüstana çıxış yolunun Ermənistanla əməkdaşlığı möhkəmləndirmək olduğu çağırışını edir.
Mcavanadzenin təxribatçı çağırışından sonra Ermənistan mediasında belə iddiaların tirajlanması təsadüfi deyil. Məqsəd Gürcüstan ictimaiyyətini manipulyasiya etmək, 4 iyunda təxribat planına ictimai dəstəyi qazanmaqdır. Badalyanın məqaləsinin birbaşa Gürcüstan ictimaiyyətinə ünvanlanması da aydın görünür. (https://www.lragir.am/ru/2020/06/02/175323/).
Gürcüstanın maraqlarının “müdafiəçisi” kimi çıxış edən və gürcü əsilli təxribatçıları dövriyəyə salan Ermənistanın Keşikçi dağı üzərindən cari planda Bakı-Tbilisi münasibətlərini pozmaq, uzunmüddətli perspektivdə iki ölkə arasında sərhəd münaqişəsi yaratmaq hədəfi var. Bu, baş tutarsa:
- Azərbaycanla münasibətlərinin pozulması Ermənistanın Gürcüstan üzərində diktəsini gücləndirəcək;
- Rusiyadan Abxaziya vasitəsilə Ermənistana dəmiryolunun çəkilməsi layihəsi asanlaşacaq; (Ermənistanın Dağlıq Qarabağdakı separatşı rejimin adı ilə Abxaziyadakı separat rejimlə sıx əlaqələr qurması da bunu deməyə əsas verir).
- Cavaxetiyaya ən azı muxtariyyətin verilməsi tələbi irəli sürüləcək, gələcəkdə bu bölgədə Qarabağdakı separatçı rejimin bənzəri olan yeni “erməni dövləti” yaratmaq istiqamətində addımlar atılacaq;
- Ermənistan işğalçı siyasətinə görə Azərbaycan tərəfindən məruz qaldığı blokadadan Gürcüstan vasitəsilə xilas olacaq;
- Gürcüstanla münasibətlərin pozulması Azərbaycanın Qərb qapısının bağlanması və blokadaya düşməsi ilə nəticələnəcək. Bu da işğalçı ölkənin Dağlıq Qarabağ masasında əlini gücləndirəcək;
Ermənistan məkrli oyunla Azərbaycana və Gürcüstana zərbə vurmaq niyyətindədir və bu planda erməni xüsusi xidmət orqanlarının Gürcüstanda müəyyən təxribatçıları “ələ almağı” bacardığı görünür. Mcavanadze kimilərinin təxribatçı fəaliyyəti bunu istisna etmir.
Lakin gürcü xalqı unutmamalı, ermənilərin Cavaxetiyadakı separatçı fəaliyyətini, paytaxt Tbilisiyə, Gürcüstanın digər ərazilərinə və 600-dən çox gürcü məbədinə iddia etdiyini, svan və meqrellər üzərində məkrli planlar qurduqlarını yada çıxarmamalı və nəhayət Gürcüstan ərazisində yeni “erməni dövləti”nin yaradılmasına aparan təxribat oyunlarına imkan verməməlidir.
Reaksiya.az
Şərhlər