"Türkiyənin mövqeyi bəzi dövlətləri narahat edir"

13.08.2015 13:48     Siyasi reaksiya     1378

Xəbər verildiyi kimi, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Türkiyəyə planlaşdırılan səfəri təxirə salınıb.

Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti İran xarici işlər nazirinin Ankaraya səfərinin təxirə salındığını açıqlayıb, səfərin dəqiq tarixi haqda isə məlumat verilməyib.  

Türkiyədə Suriya böhranının həlli və İŞİD terror təşkilatına qarşı birgə mübarizə yollarının müzakirəsi məqsədilə planlaşdırılan səfərin vaxtının dəyişdirilməsinin səbəbləri isə açıqlanmayıb.

İranlı diplomatın görüş çərçivəsində rəsmi Tehran tərəfindən hazırlanan fəaliyyət planını Ankaraya təqdim etməyə hazırlaşdığı da qeyd olunurdu. Bəzi məlumatlara əsasən, Suriya münaqişəsinin həllini nəzərdə tutan plan ölkədəki bir sıra rayonların Bəşər Əsəd hökumətinin nəzarətində qalmasını əks etdirir. Planda müxalifətin nəzarəti altında olan rayonların müxalifətdə qalacağı nəzərdə tutulur, sünni əhalisinin təhlükəsizliyinə diqqət ayrılması xüsusi vurğulanır.

İran nazirinin səfərinin tərixə salınmasının ehtimal edilən səbəbləri barədə İctimai Tədqiqatlar Mərkəzinin sədri İlqar Altay Reaksiya.az-a açıqlama verib.

Politoloq İlqar Altay İran xarici işlər nazirinin Tűrkiyəyə səfərinin baş tutmamasının iki səbəbdən ola biləcəyini bildirib:

“Səfərin baş tutmaması səbəblərindən biri görüş öncəsi görüşün şərtləri barədə diplomatik razılaşma əldə edilməməsi ola bilər. İki dövlət arasında görüş ətrafı mövqelərin kəskin fərqlənməsi və bu görüşün öz mənasını itirməsi isə ikinci səbəb ola bilər. Nəzərdə tutulan görüşün predmeti Turkiyənin qonşu Suriya ərazisinə son hərbi hücumları ilə bağlı İŞİD, PKK və Suriya məsələsi olmalı idi. Bunlardan da İran üçün ən vacibi Suriyanın taleyidir. Çox güman ki, son anda rəsmi Tehranla Ankara arasında şiə yönlü Suriya dövləti və onun İran yönlü hakimiyyətinin gələcək taleyi məsələsində kəskin fikir ayrılığı yaranıb. Düşünürəm ki, Ankara-Tehran arasında İŞİD barədə elə bir fərqli mövqe yoxdur. Hiss olunur ki, Turkiyənin Yaxın və Orta Şərqdə, xüsusən də, Suriya məsələsində hərbi gücdən və ABŞ dəstəyindən istifadə etməklə mövqe sərgiləməyə başlaması İranı və Rusiya kimi digər regiona maraqlı dövlətləri bərk narahat etməyə başlayıb”.

Şərhlər

Çox oxunanlar